525.Az

"Azərbaycanda sosial sahədə atılan addımlar miqyasına görə heç bir ölkədə müşahidə oluna bilməz"


 

"Azərbaycanda sosial sahədə atılan addımlar miqyasına görə heç bir ölkədə müşahidə oluna bilməz"<b style="color:red"></b>

"Azərbaycan ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanıb. Ölkəmizin maliyyə imkanlarının güclənməsi istər regionların sosial-iqtisadi inkişafı, istərsə də insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində layihələrin reallaşdırılmasına da imkan verib".
 
Bu barədə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar barədə danışan millət vəkili Sevinc Hüseynova deyib. O xatırladıb ki, dövlət başçısının dediyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır: "Ümumiyyətlə, Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafı dinamik xarakter daşıyır. Davamlı olaraq islahatların həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir.

Vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Ölkə prezidentinin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Ölkəmizdə 2019-cu ilin əvvəlindən sosial sahədə bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Bu sahədə atılacaq addımlar cənab prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda vaxtilə verilən vədlərin uğurla reallaşdırılması prosesi gedir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır".  Deputat hesab edir ki, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur: "Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər, problemli kreditlərin həll olunması  dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Bütövlükdə, 3 milyona yaxın insan dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan dövlətinin yürütdüyü dərinməzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının əyani nümunəsidir".

Deputat Sədaqət Vəliyeva isə bildirib ki, prezidentin əhalinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Onun sözlərinə görə, dövlət başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı: "Cənab İlham Əliyevin bu il 25 fevral tarixli sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən, 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Bu ilin fevral ayının sonlarında imzalanan sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin, bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq fərman oldu. Göründüyü kimi, son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır".

Millət vəkili vurğulayıb ki, İlham Əliyev ötən 16 il ərzində atdığı bütün addımları ilə hər bir azərbaycanlının prezidenti olduğunu isbatlayır: "Bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən dövlət başçısı hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir. Cənab İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir. Elə Lənkəranda bina çökəndə, Zaqatalada, Şamaxıda, Ağsuda zəlzələ olanda xalq öz prezidentini onunla çiyin-çiyinə dayanmış gördü".

PƏRVANƏ

 





01.05.2019    çap et  çap et