525.Az

Prezident 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçidin anonsunu verdi


 

MİLLİ İQTİSADİYYAT, KƏND TƏSƏRRÜFATI VƏ SƏHİYYƏ SAHƏSİNDƏ YENİ İSLAHATLAR APARILACAQ

Prezident 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçidin anonsunu verdi<b style="color:red"></b>

Dünən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən iclas cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin nəticələrinin qiymətləndirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir.

Sosial-iqtisadi sahədə bir-birinin ardınca atılan addımları, o cümlədən, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi, minimum əməkhaqqı, pensiya, təqaüd və sosial müavinətlərin artırılmasını islahatların yeni mərhələsi kimi qiymətləndirən dövlət başçısı qarşıdakı dövrdə həlli vacib məsələlərdən danışdı, 3 mühüm sahə -  iqtisadiyyat, kənd təsərrüfatı və səhiyyə üzrə yeni sosial-iqtisadi modelə keçidin anonsunu verdi. Qeyd olundu ki, milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlar üzrə strateji yol xəritələri ilə bağlı görülən işlərin icra vəziyyəti təhlil edilib, milli iqtisadiyyatın perspektivi ilə bağlı müzakirə aparılıb. Yeni sosial iqtisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını, insan kapitalının inkişaf etdirilməsini, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahataların həyata keçirilməsini, əlverişli biznes mühitinin inkişaf etdirilməsini nəzərdə tutur. Yeni sosial-iqtisadi model bugünədək yaradılan baza əsasında, həyata keçirilən islahatların davamı olaraq tətbiq edilir.

Kənd təsərrüfatı sahəsində elan olunan yeni islahat kursunda isə məqsəd ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi, kənd təssərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin artırılması, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılmasıdır. Bu məqsədlər üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması, regional ixtisaslaşdırma aparılması, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi, informasiya-məsləhət xidməti şəbəkəsinin formalaşdırılması, aqrar sığortanın təbiqi ilə bağlı hüquqi və institusional tədbirlər görülməsi, ixracın çeşidinin artırılması və bazarlarının diversifikasiyası və digər addımların atılması nəzərdə tutulur.

Tibbi sığorta sahəsində islahatlar da Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biridir. İcbari tibbi sığortanın tətbiqi ölkə vətəndaşlarının səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətini və əhatəsini genişləndirmək məqsədi güdür. Azərbaycan əhalisinin bütün təbəqələri həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər.

Müşavirədə birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlət başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu dedi. Qeyd etdi ki, Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə arasındadır. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən Prezident İlham Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını bildirdi, problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu vurğuladı.

"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik", - deyən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının əhəmiyyətindən danışdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən dövlət başçısı bildirdi ki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həll olunmalıdır.

Sonra Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev görülən işlərlə bağlı məruzə etdilər.

Prezident İlham Əliyev yekun nitqində hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini bildirdi.

Dövlət başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən də danışdı. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən dövlət başçısı Azərbaycan vətəndaşlarını əmin etdi ki, dövlət hər zaman onların yanında olacaq.

Prezidentin keçirdiyi müşavirə ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Musa Qasımlı qeyd etdi ki, İlham Əliyevin sədrliyi altında Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclası göstərdi ki, ötən aylarda sosial-iqtisadi inkişaf dinamikası saxlanılıb, tikinti-quruculuq işləri genişləndirilib, yeni iş yerləri açılıb, əmək haqları artırılıb, vətəndaşların, xüsusən, pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb.

"Prezidentin nitqi bir daha göstərdi ki, ölkəmizin bundan sonra da inkişafına dair hökumətin konkret planları və layihələri var", - deyə M.Qasımlı bildirdi.

Deputat Aydın Mirzəzadə isə qeyd etdi ki, Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti nəticəsində Azərbaycan inkişaf göstəricilərini daha da yaxşılaşdırır. O, SİA-ya bildirdi ki, 2019-cu ilin I rübünün yüksək göstəriciləri təkcə statistikada yox, eyni zamanda, sosial həyatda öz nəticəsini göstərir. Deputatın sözlərinə görə, ilin əvvəlindən başlayaraq əhalinin bütün təbəqələrinin əmək haqlarının, pensiyalarının, təqaüdlərinin, müavinətlərinin artırılması, sosial xarakterli layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafı ilə bağlı sərəncamların verilməsi iqtisadi inkişafı gücləndirir, sosial vəziyyətin yaxşılaşmasına, insanların daha təhlükəsiz yaşamasına ciddi töhfə verir.

A.Mirzəzadə söyləyib ki, Azərbaycan bu inkişafa daxili resursları, imkanları hesabına nail olur: "Xarici təcrübəni öyrənsək də, xarici mütəxəssisləri, ekspertləri dəvət etsək də, ayrı-ayrı sahələrin inkişafı öz mütəxəssislərimiz tərəfindən həyata keçirilir. Bütün sahələr üzrə çox ciddi nəticələr var".

Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini deyən deputat qeyd edib ki, bunu həm paytaxtda, həm də regionlarda görmək olar: "Şübhə yoxdur ki, ilin ilk rübündə əldə olunan yüksək temp bütün il boyu davam edəcək və 2019-cu ili uğurla yekunlaşacaq".

İqtisadçı Ruslan Atakişiyev isə bildirdi ki, 2019-cu ilin I rübü Azərbaycan üçün islahatların davam etdirilməsi, əvvəlki dövrlərdə qəbul edilən dövlət proqramlarının, yol xəritələrinin icrasının daha da genişləndirilməsi, bir sıra mühüm qərarların qəbulu ilə yadda qaldı. O qeyd etdi ki, 2019-cu ilin ilk rübünə nəzərə saldıqda sosial sahə üzrə həyata keçirilən mühüm islahatları görməmək mümkün deyil: "3 ay müddətində əmək haqları, pensiya, müxtəlif təqaüd və müavinətlərin artırılması ilə bağlı atılan addımlar çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu kimi tədbirlər ilin növbəti rüblərində davam etdiriləcək, görülən işlər əhalinin geniş kütləsinin, xüsusilə həssas qrupların rifah halını daha yaxşılaşdıracaq".

C.ABASOV

 





01.05.2019    çap et  çap et