525.Az

Ermənistan bic çoşqa kimi iki donuzun südünü əmir?


 

Ermənistan bic çoşqa kimi iki donuzun südünü əmir?<b style="color:red"></b>

Donatas VALANÇYAUSKAS
Litva Respublikası mədəniyyət nazirinin sabiq müavini, yazar-publisist


Bu ilin sentyabr ayının əvvəllərində Ermənistan Respublikasının prezidenti Serj Sarqsyan Kremldəki həmkarının qonağı olan zaman elan etdi ki, Ermənistan Rusiyanın başçılığı ilə yaradılan Gömrük İttifaqına daxil olmaq qərarına gəlibdir.

Litva Respublikasının Xarici işlər naziri Linas Linkyaviçyus bu xəbəri aldıqdan dərhal sonra bəyanat verməyə tələsdi ki, belə olacaq halda Ermənistan bu ilin noyabr ayında Vilnüsdə Avropa İttifaqı ilə assosiasiya və azad ticarət zonası haqqında sazişləri paraflamağa ümid edə bilməz. 2013-cü ilin iyulun 1-dən başlayaraq Litvanın Avropa İttifaqı Şurasına sədrlik etməsini və üzümüzə gələn yeni ilə kimi nazir Linas Linkyaviçyusun bütün Avropa İttifaqının adından danışmaq hüququnu nəzərə alanda, onun bu bəyanatı o zaman qətiyyətlə və kifayət qədər inandırıcı səslənmişdi.

S. Sarqsyanın verdiyi bildirişdən sonra Litvanın bir sıra siyasi şərhçiləri və politoloqları “incidilmiş və yazıq” Ermənistana sanki sözləşmişlər kimi hamılıqla rəhm və şəfqət hisslərini ifadə etməyə başladılar və unison bir səslə danışdılar ki, sözügedən qərarı guya zorla qəbul etdirmək üçün Ermənistan başçısının qollarını Kremldə arxadan yaxşıca burublar. Bunu deyənlərə adamın gülməyi gəlir... Elə bil “yazıq” Ermənistan başçısına səfərdən qabaq məlum deyilmiş ki, o, Kremldə cüdo üzrə qara kəmər sahibi ilə təkbətək görüşəcək.

Əlbəttə ki, bu, ona məlum idi. Həm də məlumatlar yalnız bununla bitmirdi... Belə ki, Moskvada görüşmüş həmsöhbətlər çox gözəl bilirdilər (və indi də bilirlər) ki, Ermənistanın ümumi daxili məhsulunun 30 faizi bu Cənubi Qafqaz ölkəsində fəaliyyət göstərən 1300-dən artıq Rusiya müəssisəsi tərəfindən istehsal edilir. Daha sonra onlara yaxşı məlum idi (və indi də məlumdur) ki, “fağır və məzlum” Ermənistanın dövlət sərhədlərini, həmçinin onun “yeni ərazilərini” qorumaq üçün Ermənistana burada yerləşdirilmiş və yalnız Rusiya hərbçilərindən ibarət “beynəlmiləl” hərbi qüvvələr kömək edirlər...

Odur ki, rus erkəyi və erməni gədəsi Kremldə görüşən zaman onlara nə güləşmək, nə də əlbəyaxa olmaq lazım deyildi və buna görə də onlar dostcasına ayrıldılar. Rusiya rəhbəri isə “zorlanmış” partnyoruna elə buradaca möhkəm dəstək və hərtərəfli yardım vəd etdi. Rusiya dövlət başçısının həmin vədi Linas Linkyaviçyusun sözügedən bəyanatı ilə müqayisədə bəlkə də daha qətiyyətlə və daha inandırıcı səsləndi...

Rusiyanın “məzlum və yazıq” tərəfdaşına ünvanlanmış bu cür “mərhəmətli hərəkətləri”, həmçinin rusların ermənilərə verdiyi hərtərəfli möhkəm vədlər zəminində Avropa İttifaqının iki komissarının və Litva Respublikasının bir nazirinin 12-14 sentyabr tarixlərində Yerevana rəsmi səfər etmələri adama çox təəccüblü görünür. Çünki bu dövlət rəsmiləri Ermənistanın Gömrük İttifaqı ilə bağlı qəbul etdiyi qərar barədə artıq öncədən xəbərdar idilər və bu baxımdan Linas Linkyaviçyus tərəfindən ifadə edilmiş mövqe haqqında da yəqin ki, onların məlumatları vardı. Amma buna baxmayaraq səfərə çıxdılar.

Onlar özlərini təmizə çıxartmaq üçün deyə bilərlər ki, bu səfər çoxdan planlaşdırılmışdı. Həm də hotel və biletlərin rezervasiyalarından imtina etmək artıq gec idi və maliyyə baxımından sərf etmirdi. Yaxşı, qoy lap belə olsun. Onda deyin görək, uzun müddət palıd çəlləklərdə saxlanılmış keyfiyyətli “Ararat”dan vuraraq və bu zaman Sevan gölünün ətrafındakı cazibədar təbiət mənzərələrindən “„vəcdə” gələrək Ermənistan Respublikasının maarif və elm naziri Armen Aşotyana Avropa İttifaqının 2014-2020-ci illər üçün nəzərdə tutulmuş “Erasmus plus” və “Horizon 2020” proqramları çərçivəsində maliyyə yardımı göstərmək barədə söz vermək hansı cəhənnəmə lazım idi?

Yaxşı, deyək ki, “dilbirlik (sui-qəsd) nəzəriyyəsinin” başgicəllədən gizlintilərindən yaxşıca məst olub fərz etmək olar ki, Avropa Komissiyasının Təhsil, Mədəniyyət  və Gənclər məsələləri üzrə komissarı, Avropa İttifaqında Kipri təmsil edən xanım Andrulla Vasiliu və Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı, çex siyasətçisi Ştefan Füle “matuşka” Rusiyaya və onun satellitlərinə hələ də simpatiya bəsləyirlər və keçmişə nostalji hisslərlə yaşayırlar. Bu, bəlkə də onunla izah oluna bilər ki, həmin komissarlardan biri 30 il bundan əvvəl Sovet diplomat kadrları hazırlanan baş karxanada  – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıbdır.

Bəs onda Litva Respublikasının maarif və elm naziri Daynyus Pavalkis bu qrupun tərkibində Ermənistanda nə gəzirdi? Axı, o, 2012-ci ilin sonuna kimi yalnız elm adamı olaraq çalışıbdır (bunun üçün Rəbbimizə şükürlər olsun). Təcrübəli həkim, tibb elmləri doktoru və tədqiqatçı alim olaraq uzun illər Litvanın ali məktəblərində müəllimlik edibdir. Axı necə oldu ki, kimsə onun başını tərsinə çöndərə bilibdir?

Bəlkə hazırda Avropa İttifaqı ilə Rusiya münasibətlərində bu vaxta qədər haqqında eşitmədiyimiz və həmçinin indiyədək müddəaları bizə bəlli olmayan “perezaqruzka” siyasəti aparılır? Və bu siyasətə əsasən bəlkə tərəflər belə qərara gəliblər ki, Ermənistana birgə dəstək versinlər və birlikdə yardım göstərsinlər?!

Hər necə olursa olsun, ancaq bu olaylarla bağlı elə ilk baxışdan bizdə belə bir təsəvvür yaranıbdır ki, Ermənistanın halına acımaq və ona yazığı gəlmək doğrudan da lazım deyildir. Belə ki, Ermənistan bic çoşqa kimi eyni vaxtda iki donuzun südünü əmmək üçün onların əmcəklərinə yaxın yerdə rahatca uzanmaq qərarına gəlibdir...

Və görünür (hər halda hələ ki, vəziyyət bunu göstərir) Ermənistana söz veriblər ki, onu süd əmdiyi döşlərdən yaxın zaman ərzində ayırıb uzağa qovmayacaqlar...

(Məqalə “Lietuvos zinios” (“Litva xəbərləri”) qəzetinin 21 sentyabr 2013-cü il tarixli sayında litvaca dərc olunub:  http://lzinios.lt/lzinios/komentarai/gudrus-parselis-du-spenius-ciulpia-/163651)

Litva dilindən tərcümə edəni: Mahir Həmzəyev
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri

 





26.09.2013    çap et  çap et