525.Az

“Gürcüstan azərbaycanlıları Marqvelaşviliyə böyük ümid bəsləyir”


 

“Gürcüstan azərbaycanlıları Marqvelaşviliyə böyük ümid bəsləyir”<b style="color:red"></b> Əli Babayev: “Gürcüstanda yaşayan azərbaycanlıların öz problemləri var”
Gürcüstan da Azərbaycanda olduğu kimi seçki ərəfəsindədir. Bu gün orada çoxsaylı soydaşlarımızın yaşadığını nəzərə alsaq, bu proses bizim üçün də maraq kəsb edir. Eyni zamanda Azərbaycandakı seçki prosesi də Gürcüstanda yaşayan soydaşlarımız üçün maraqlıdır. Həmçinin Gürcüstan azərbaycanlılarının çoxsaylı problemləri var və hələ də bu həll olunmamış qalır. Bu və digər məsələlərə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev 525.az-a açıqlamasında aydınlıq gətirdi.

- Bilirsiniz ki, Gürcüstan da Azərbaycandakı kimi seçki ərəfəsindədir. Gürcüstanda əsas namizədlərdən biri "Gürcü Arzusu" Koalisiyasının namizədi Georgi Marqvelaşvilidir. O, təmiz imici olan siyasətçidir, intellektual səviyyəsi yüksəkdir və mədəni insandır. Bir müddət öncə o, təhsil naziri kimi fəaliyyət göstərib. Eləcə də Gürcüstanın baş naziri Bidzina İvanişvilinin ən yaxın və inandığı şəxsdir. Bu namizədi Gürcüstan azərbaycanlıları da dəstəkləyir. Onu öz fəaliyyəti, prinsipiallığı və təmiz imicinə görə dəstəkləyirik. O, Gürcüstan siyasətində təzə fiqurdur və siyasətə yeni ideyalarla gəlir. Ona görə də biz, ondan müsbət dəyişiklik üçün addımlar gözləyirik. Mən deyərdim ki, "Gürcü Arzusu" Koalisiyası 2012-ci il oktyabrın 1-də parlament seçkisində qələbə qazandıqdan sonra Gürcüstanda xeyli müsbət dəyişikliklər baş verib. Təhsillə bağlı ciddi addımlar atılıb. 1-ci sinifdən 12-ci sinfə qədər şagirdlərə dərs vəsaitləri pulsuz verilir. Müəllimlərin maaşları artırılıb və digər addımlar atlıb.

- Gürcüstanlı soydaşlarımız onu hansı səbəbdən Marqvelaşvilini dəstəkləyir?
- Gürcüstan azərbaycanlılarının ona münasibəti yaxşı olduğu kimi, onun da bizə qarı münasibəti çox yaxşıdır. Saakaşvili hakimiyyəti dövründə - 9 ildir ki, Gürcüstan azərbaycanlılarının yaşadığı bölgədə bir məktəb belə tikilməyib və ya təmir olunmayıb. Amma indi Saqareco rayonunun Qaraçöp mahalında, Yormuğanlı kəndində təzə məktəb tikilir və sözügedən namizəd də məktəbin tikintisi ilə maraqlanmaq üçün ora getmişdi. Onun fikri odur ki, Gürcüstanda Azərbaycan dilinə, Azərbaycan məktəblərinə, azərbaycanlı kadrlara diqqətlə yanaşılsın, önəm verilsin. Bu namizədin proqramında milli azlıqlara çox geniş yer ayrılıb. Onların cəmiyyətə inteqrasiyası, hökumətdə təmsil olunmaları üçün ciddi addımlar atmaq niyyətindədir. Ona görə də biz, bu siyasi qüvvəni dəstəkləyirik. Parlament seçkilərində Gürcüstan azərbaycanlılarının hamısı İvanişviliyə səs verməsə də, indi inanırıq ki, soydaşlarımızın əksəriyyəti Marqvelaşviliyə səs verəcək.

- Azərbaycandakı seçki prosesini Gürcüstan azərbaycanlıları izləyirlərmi və mövqeləri necədir?
- Biz - Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycandakı seçki prosesini böyük maraqla izləyirik. Açıq deyim ki, biz, Prezident İlham Əliyevi dəstəkləyirik. "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli borçalıların adından çıxış edərək, borçalıların müxalifəti dəstəklədiyini bildirir. O, borçalıların adından çıxış edə bilməz, yalnız öz adından danışa bilər. Prezident İlham Əliyevin apardığı siyasət, o cümlədən Gürcüstan azərbaycanlılarına yönəlik addımları çox yaxşıdır. Məsələn, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin buradakı fəaliyyəti sosial- iqtisadi vəziyyətin yaxşılaşmasında böyük rol oynayır. Bu da Prezident İlham Əliyevin tapşırığı əsasındadır. Gürcüstan azərbaycanlılarının Azərbaycana və onun rəhbərinə böyük ümidləri var. Azərbaycanın inkişafı Gürcüstanda yaşayan soydaşlarımız üçün də böyük önəm daşıyır. Baxmayaraq ki, iki millətin arasında tarixi bağlılıq, dostluq, strateji maraqlar var. Amma bununla yanaşı, Gürcüstanda yaşayan azərbaycanlıların öz problemləri var. Bu problemlərdən ön sırada təhsil gəlir. Azərbaycan tərəfindən bununla bağlı çox ciddi addımlar atılmalıdır. Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov gürcüstanlı həmkarı ilə bərabər iş aparmalıdır. "Azərbaycan Ədəbi Dili" dərs vəsaiti yoxdur. Mən Bakıya gələndə müəllimlər də xahiş etdi ki, bunu diqqətə çatdırım. Bu məsələdə Azərbaycanın yardımı vacibdir.

- Bir müddət öncə dini zəmində problemlər yaranmışdı. Hazırda vəziyyət necədir?
- Dinlə bağlı vəziyyət ürəkaçan deyil. Əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda nümayəndəsi var idi və heç bir problem yaşanmırdı. Amma bu gün dini parçalanma baş verib ki, bu da Saakaşvili rejiminin fəaliyyətinin nəticəsdir. Hər bir rayonda şeyxlər, imamlar təyin edilir. Hesab edirəm ki, Hacı Allahşükür Paşazadə Gürcüstanla bağlı olan bu problemi diqqətdə saxlamlı və bu istiqamətdə addımlar atmalıdır. Gürcüstanda din qardaşlarımız birləşməlidir. Soydaşlarımız həmişə Azərbaycana ümid yeri kimi baxırlar. Ona görə də Azərbaycanda olan iş adamlarımız Gürcüstana investisiya yatırmalı, iş yerləri açmalıdırlar ki, ondan yararlana bilək. Orada 200-dən artıq iş adamı çalışır. Onlar azərbaycanlıların işlə təmin olunması üçün müəyyən işlər görməlidirlər. Amma təəssüf ki, həmin şirkətlərdə bir nəfər azərbaycanlı işləmir. Bu gün İvanişvilinin apardığı siyasət azərbaycanlıları qane edir və ona ümidlə baxırlar. Çünki Saakaşvili dönəmində azərbaycanlıların yaşadıqları bölgədə heç bir layihə reallaşdırılmayıb, bu bölgənin inkşafı üçün büdcədən əsaslı vəsait ayrılmayıb.
 





26.09.2013    çap et  çap et