525.Az

"Qadınlar"ın premyerası anşlaqla keçdi - Fotolar


 

PƏRVİNİN PYESİ YEVLAXDA FƏALIYYƏT GÖSTƏRƏN BƏŞİR SƏFƏROĞLU ADINA XALQ TEATRINDA TAMAŞAYA QOYULUB

"Qadınlar"ın premyerası anşlaqla keçdi - <b style="color:red">Fotolar </b>

Yazıçı-dramaturq Pərvin Gənc Ədiblər məktəbinin müdavimi və son illərdə Azərbaycanda çoxtərəfli fəaliyyət göstərən yazarlardandır. Qısa müddətdə Azərbaycanda, Türkiyədə, Özbəkistanda 10-dan çox kitabı çap olunub.

Pərvin, həmçinin, "525-ci qəzet"də istedadlı jurnalist kimi kino, teatr, müxtəlif ədəbi proseslərə münasibəti, incəsənət xadimləri, yazıçılarla apardığı müsahibələr ilə də oxucuların diqqətini çəkir.

Gənc yazıçı Azərbaycanda ədəbiyyat sahəsi üzrə ilk və yeganə gənclər üçün Prezident mükafatçısıdır.

Pərvin 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qar yağacaq" kitabına görə Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülmüş, "Balerina" povesti isə Milli Kitab Mərkəzinin ikincisi olmuşdur.

Son zamanlarda gənc publisist və dramaturq, "525-ci qəzet"in istedadlı yazarı Pərvinlə şəhərimizdə fəaliyyət göstərən hər 2 Xalq Teatrını yaradıcılıq telləri bağlayır.

Artıq sözügedən gənc dramaturqun 2-ci əsəri, komediya janrında qələmə aldığı "Qadınlar" pyesi Yevlax şəhərində fəaliyyət göstərən B.Səfəroğlu adına Xalq Teatrının səhnəsində quruluş həllini tapıb.

Aprelin yaz ətirli günlərindən birində Xalq Teatrı sözügedən əsərin premyerası ilə sənətsevərlərin görüşünə gəldi. Bundan bir qədər öncə isə Kürdəmir rayonunda keçirilən növbəti teatr festivalında Yevlaxdan olan sənətsevərlər  əsəri ciddi, professional səviyyəli teatr bilicilərinin önündə ifa etmiş, dəyərli münsiflər heyəti üzvlərinin səmimi ürək sözlərini dinləmiş, onlara keçdikləri ustad dərslərində ünvanlarına səsləndirilən rəyləri, təhlil və iradları qəbul etmişdilər.

Bu gün isə teatr həvəsliləri artıq öz həmyerliləri qarşısında "Qadınlar" əsərinin premyerası ilə sanki bir növ yaradıcılıq hesabatı verirdilər.

Budur, gözlənilən an gəlib çatır. Məxmər pərdələr aralanır, teatr həvəskarları sadə bir dekorasiyada, eyni məkanda əsəri seyrçilərə təqdim edirlər.

Məişət mövzusunda olan bu komediyada müəllif həm də qadınların psixoloji durumlarını qabardaraq, onların yaşadıqları həyatın monoton və yeknəsəq diktəsindən azad olmaq üçün nələrə əl atdıqlarından, hiss və həyəcanlarına qol-qanad verərək, əsl qadın xoşbəxtliyini yaşamağa can atdıqlarını ön plana çəkir.

Teatrın rəhbəri, komediyaya traktovka verənlərdən biri, əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova məhz bu səpkidə rolların daxili dünyalarını müəyyənləşdirmiş, aktyorlara mizian-tərəzini məhz bu yöndə vermişdir.

Beləcə, təxminən bir saat ərzində teatrın həvəskar aktyorları Aynur Mustafayeva, Elnurə Babayeva, Fəridə Həsənova, Kəmalə Qurbanova, Teymur Mustafayev, Türkan Əliyeva ayrıca mənəvi aləmləri, hər bir obrazı şərtləndirən daxili hiss və duyğuları seyrçilərə məharətlə təqdim edirlər.

Əlbəttə, təbii ki, onlardan bəziləri rolunun öhdəsindən daha yaxşı və yaxud bir qədər zəif gəlirlər, buna rəğmən onların hamısını eyni bir amal birləşdirir, səhnəyə, teatra ürəkdən bağlanmaq, sənətə fədakarlıqla vurulmaq. Onları seyr etdikcə elə bilirsən ki, teatr aləmində bişən, ali təhsilli, peşəkarlığın nə olduğunu anlayan səviyyəli aktyorlarla üz-üzə durmusan.

Bütün bunlar isə əlbəttə, hər iki teatrın yaradıcısı, bütün şüurlu həyatını sənətə, Yevlax mədəniyyətinin çiçəklənməsinə həsr etmiş Z.Adgözəlovanın peşəkarlığı, teatr həvəslilərini öz çevrəsinə toplamaq, onların qəlbində sənət eşqi yaratmaq bacarığından və istedadından qaynaqlanır.

Anşlaqla, tamaşaçı məmnunluğu və alqışı ilə müşayiət olunan komediya başa çatır.

Səhnə önünə çıxan Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev ürəkdən gələn səmimiyyətlə həvəskar truppanı təbrik edir, onlara xoş xəbəri belə çatdırır: “Mən çalışacağam ki, B.Səfəroğlu adına Xalq Teatrı daha yüksək ranqlı Dövlət Teatrı statusuna layiq görülsün”.

"Kür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı isə öz lakonik və qısa çıxışında Yevlax mədəniyyətinin cəfakeşələrindən olan bu həvəskar sənətçilərlə həmişə fəxr etdiyini bildirir, onlara daha fərqli sənət uğurları diləyir.

ŞİH rəsmisi Vaqif Əliyev və YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev isə tamaşaçılara sənət zövqü yaşadan yaradıcı insanların daha böyük uğurlara, gələcəyə layiq olduğunu bildirərək, əksəri gənclərdən ibarət olan aktyorların potensial imkanlarının buna yol açacağına inandıqlarını açıqlayırlar.

Bu qeydləri Zöhrə Adgözəlovanın  sözləri ilə sona çatdırmaq yerinə düşər: "Biz bir teatr truppası olaraq artıq öz mükafatımızı aldıq, bu, həmyerlilərimizin ünvanımıza səsləndirdikləri xoş sözlər, onlardan da xoş alqışlardır".

Züleyxa Məmmədqızı
Yevlaxda çıxan "Kür" qəzetinin müxbiri

 





01.05.2019    çap et  çap et