525.Az

"İçərişəhər" İdarəsi: İctimai rəyi nəzərə almayanda...


 

SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BƏNZƏR ŞƏRAİTDƏ DAHA PEŞƏKAR DAVRANDI

"İçərişəhər" İdarəsi:<b style="color:red"> İctimai rəyi nəzərə almayanda...</b>

Ötən həftə İçərişəhərdə qala bürc və divarlarının dağıdılması, ərazidə iaşə obyektlərinin tikintisinə başlanması ilə bağlı sosial şəbəkələrdə, mediada yayılan müxtəlif səpkili məlumatlar ictimaiyyətin ciddi reaksiyasına səbəb oldu.

Məlumatlarda həqiqətdən uzaq, bəzən isə aqressiv notlarla müşayiət edilən məqamlar olsa da, böyük ölçüdə ictimaiyyətin məsələyə belə ciddi reaksiya verməsinin kökündə Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçərişəhərə xalq sevgisi dayanırdı.

Əvvəl-əvvəl - müxtəlif səpkili ilk xəbərlər yayılanda susqunluq nümayiş etdirən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, axır ki, məsələ ciddi müzakirə obyektinə çevriləndən, ictimai rəyə ən müxtəlif mənbələrdən çeşidli informasiyalar ötürüləndən sonra hərəkətə gəldi. İdarənin Aparat rəhbəri Riad Qasımov gecikmiş bir mətbuat konfransı keçirərək İçərişəhərdə tikinti işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan şəkillərin 7-8 il əvvələ aid olduğunu bildirdi.

Məsələ ilə bağlı narahatlıq doğuran məqamlara isə yalnız Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın İçərişəhərə gəlişindən sonra aydınlıq gətirildi. BBC-nin və ONA-nın müxbirlərinə açıqlamasında Birinci vitse-prezident həm İçərişəhər və qala divarlarının tarixi əhəmiyyətindən danışdı, həm də böhtan xarakterli məlumatların yayılmasında kiminsə maraqları olduğunu vurğuladı: "İçərişəhər bütün Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir. Bakımızın, doğma Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı". Birinci vitse-prezident bildirdi ki, sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşılıb: "Mənim yadımdadır, Novruz bayramında cənab prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq".

Birinci vitse-prezidentin açıqlamalarından sonra İçərişəhərdə baş verənlərin mahiyyətinə aydınlıq gətirildi. Məlum oldu ki, söhbət qala divarlarının yanında olan və neçə illərdən bəri fəaliyyət göstərən taxta kontruksiyalı köhnə ictimai iaşə obyektlərinin yenilənməsindən gedir. Bir neçə müddətdir ki, həmin ərazi hasarlanıb və tikinti işləri aparılır. Şübhəsiz ki, belə bir şəraitdə hansısa sahibkarın maraqlarına, şəxsi mənafeyinə toxunan məqamlar da olur. Ona görə də istisna deyil ki, bəzi sahibkarlar bu köhnə şəkilləri mediaya sızdırmaqla ajiotaj yaratmaq istəyiblər.

Bəs, bu təxribatın qarşısını almaq üçün hansı qabaqlayıcı addımlar atılmalı idi?

Əslində, bu vacib və aktual sualın cavabı da elə ölkənin Birinci vitse-prezidentindən gəldi. İçərişəhərdə jurnalistlərə açıqlama verən Mehriban xanım Əliyeva bildirdi ki, gələcəkdə belə hallarla üzləşməmək üçün gərək ictimaiyyətə dolğun, geniş informasiya verilsin: "Hətta İçərişəhərdə hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa, bu işləri başlamamışdan əvvəl biz ictimaiyyətə geniş şəkildə məlumat verməliyik. Onda biz belə halların qarşısını alarıq. Mən çox yaxşı başa düşürəm, insanlar narahat olublar. Çünki 1954-cü ildə dağılmış divarın rəsmlərini qəsdən indi qoyub və bugünkü hal kimi təqdim ediblər. Mən yenə də deyirəm, o insanlar haqqında danışmaq istəmirəm. Amma mən narahat olan o biri insanları çox yaxşı başa düşürəm. Belə hallarla, belə yalanlarla üzləşməmək üçün, biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq. Ona görə bir daha deyirəm, bir daşa da ziyan dəyməməlidir. İçərişəhərimiz gözəldir, bizim sərvətimizdir, bundan sonra biz onu qoruyub saxlayacağıq, gələcək nəsillərə eyni şəkildə təhvil verəcəyik".

İnformasiya nə qədər dəqiq, nə qədər səhih olsa da, ictimai rəyə vaxtında ötürülməyəndə müsbət effekt vermir. İctimai fikirdə daha çox hansısa bir hadisə ilə bağlı verilən ilk məlumat və bu məlumatın yaratdığı təəssürat hakim olur.  "ONA" onlayn xəbər agentliyinin rəhbəri Vüsalə Mahirqızının bu məsələ ilə bağlı öz Feysbuk səhifəsində yazdığı kimi, informasiya təxribatının qarşısını almaq üçün ilk effektli zaman müddəti bir neçə dəqiqə, uzağı yaxın 2-3 saatdır. Ondan sonra deyilən həqiqət belə "quraşdırılmış informasiya"dır: "Hökumət qurumları inciməsinlər, son zamanlar əvvəlkindən də naşı davranırlar. Prosesin göz görə-görə kampaniyalaşmasına qədər susurlar, sonra da eybəcər bir böhran kommunikasiyası aparırlar. Bilib edirlərsə pis, bacardıqları budusa, ondan da pis".

Doğrudan da, əgər "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi görülən işlərlə bağlı əvvəlcədən ictimaiyyəti məlumatlandırsaydı, məqsəd və məramından asılı olmayaraq, sonradan sosial şəbəkələrdə yayılan xəbərlər heç bir effekt verməzdi.

Hazırkı situasiyada isə "İçərişəhər" İdarəsi ya naşılığa yol verdi, ya da ictimai rəyə laqeydlik göstərdi. Yayılan məlumatların reallığa uyğun olub-olmaması yox, daha çox qurumun ictimai rəyi nəzərə almaması, vətəndaşların nə düşündüklərinə, hansı hissləri keçirdiklərinə məhəl qoymaması cəmiyyətdə sərt, hətta aqressiv reaksiya yaratdı.

Dediklərimizi əsaslandırmağa heç də uzağa getməyə, heç hansısa Avropa ölkəsindən nümunə gətirməyə də ehtiyac yoxdur, sadəcə, bu günlərdə Sumqayıtda baş verən bənzər hadisə ilə paralellər aparmaq kifayətdir.

Bu günlərdə hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtın müxtəlif ərazilərində əkilmiş Cənubi Qafqaz qovağı kimi tanınan "Turanqa" ağaclarının şəhərdən köçürülməsinə başlanıldı. Əsl sensasiya yarada biləcək mövzu idi. Ola bilsin, bəzi mətbuat orqanlarında Sumqayıtda hansısa obyektin tikilməsi məqsədilə ağacların kütləvi şəkildə kəsildiyi barədə məlumatlar da yayıldı. Ancaq Sumqayıt Şəhər İcra Hakimiyyəti peşəkarlıq göstərərək əvvəlcədən mətbuata məlumatlar ötürdü. Təkcə yazılı mediada yox, eyni zamanda, sosial şəbəkələr və televiziya kanallarında mövzu ətrafında danışıldı, şəhər sakinlərinin rəyi öyrənildi. Bildirildi ki, uzun müddətdir, bu ağaclar şəhər sakinlərinin sağlamlığına ziyan vurur, onlarda bəzi xəstəliklərə səbəb olur, allergiya yaradır.

Nəhayət, Sumqayıt Şəhər İcra Hakimiyyəti ictimai rəyi öyrəndikdən, sakinləri məlumatlandırdıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacların yerdəyişməsi prosesinə başladı. Cəmiyyət prosesin başlamasına qədər artıq agah oldu ki, burada nə ağacların kütləvi soyqırımı həyata keçirilir, nə hündürmərtəbəli binanın, nə də ictimai iaşə obyektinin tikintisi planlaşdırılır. Həmin ərazidə "Turanqa" əvəzinə başqa ağaclarının əkiləcəyi barədə məlumatlandırılan Sumqayıt sakinləri mətbuatda, sosial şəbəkələrdə yayılan hansısa dezinformasiya, təxribat xarakterli məlumatlara məhəl qoymadılar.

Bu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin prosesə yönələ biləcək mənfi təsirlərə, süni ajiotaja qarşı hazırlığının nəticəsi idi.

Digər tərəfdən, "İçərişəhər" İdarəsinin gənc rəhbərliyi, yeni düşüncəli kolletivinin hadisəyə münasibəti də ortadadır: gecikdilər, ya naşılıq, ya da saymazlıq nəticəsində ictimaiyyyəti vaxtında məlumatlandırmadılar.

Yuxarıda qeyd etdiyimiz kimi, informasiyanı qabaqlamaq, onu idarə etməyi bacarmaq lazımdır. Buna görə də "İçərişəhər" rəhbərliyi ictimai rəyə həssas münasibət göstərməli, hadisəyə belə naşı reaksiya verməməli idi. Çünki ictimaiyyət ölkə əhəmiyyətli hadisələrə biganə qalmır və qalmamalıdır. Yalnız Birinci vitse-prezidentin məsələyə birbaşa müdaxiləsi nəticəsində ajiotaj səngidi. Bir çox hallarda isə məhz aşağı strukturların, dövlət qurumlarının baş verən hansısa hadisəyə saymazyana, laqeyd münasibəti ona gətirib çıxarır ki, məsələyə ya ölkə prezidenti, ya da Birinci vitse-prezident qarışır. Bu isə ilk növbədə müvafiq strukturların öz işlərində dinamik olmamalarından, hadisələrə çevik və düzgün reaksiya verə bilməmələrindən irəli gəlir.

Ceyhun ABASOV

 





03.05.2019    çap et  çap et