525.Az

Qisasçı qoca ilə yeni vətəndaş qarşıdurmasına doğru - Azər Qismət


 

Qisasçı qoca ilə yeni vətəndaş qarşıdurmasına doğru - <b style="color:red">Azər Qismət </b>

Əli İnsanov, əvvəldən deyim ki, kifayət qədər incə şəkildə bəzi nüansları nəzərinizə çatdırmağa çalışacağam. Bəlkə “nəzərinizə çatdıracağam” ifadəsi sizi qəzəbləndirəcək ki, “dünənin uşağı mənə ağıl öyrədir”. Yox, ağır öyrətməkdən uzağam. Sadəcə, məsələnin dərinliyinə dair çıxardığım nəticəni sizinlə bölüşəcəyəm.

O yaxşı cəhətdir ki, Qərbin nə istədiyini bilirsiz. Elə ona görə də tanımaq istədikləri yeni siyasətçiyə eyni sualları ünvanlayırlar. Suallar Şimali Atlantika bloku, Qarabağ məsələsi, partiya sədrinin elektorat yığıb-yığmaması ilə bağlı olur. Bu səbəbdən sizə NATO ilə bağlı verilən sual da gözlənilən idi. Yəqin “Baharın 17 anı” filmində gələcək Almaniyanın taleyi ilə bağlı Allan Dallesin rəhbərliyi ilə İsveçrədə aparılan gizli danışıq yadınızdadır. Orada da general Volfdan ABŞ-a münasibət, SSRİ ilə əlaqələrin qurulub-qurulmayacağına dair suallar ünvanlanırdı. Onlar gələcəkdə işləyəcəkləri adamları belə tanımağa çalışır və dövlət siyasətinə uyğun klassik suallar paketindən yararlanırlar. Elə buna görə də NATO ilə bağlı sual sizin onlara yararlı olub-olmayacağınıza görə verilmişdi. Bilirsiz ki, Qərbin Rusiya ilə sərhəd zolağında qoşun və raketlərini yerləşdirib şimal qonşumuzu hədəfə almaq çoxdankı ssenarisidir. Öyrənmək istəyir ki, onlara bu istiqamətdə kömək edə bilərsinizmi? Siz də üstüörtülü şəkildə buna hazır olduğunuzu anlatmısız. Bunu qabartmaqla ürəkləini ələ almağa çalışdız.

Qərbin Azərbaycandan olan şəxslərə ikinci sualı həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Qarabağa dair sualı da onlara “sərfəli” şəkildə cavablandırmısız. Məhz arxalandığınız Qərbə belə cavab lazım idi ki, “ermənilərin dünyaya səpələnməsinin günahı Azərbaycandadır”. Ancaq burada incə nüansı unutmusuz. O da həmin cavabdan mənsub olduğunuz xalqın narazı qalması ilə nəticələndi. Bircə dəfə demədiz ki, Azərbaycan Ermənistanın işğalına məruz qalıb. Bircə dəfə demədiz ki, Qərb ikiüzlü siyasətinə son qoysun. Desəydiniz, maddi dəstəyə ümidləriniz puç olardı. 

Ümumiyyətlə, müsahibə ağılla verilmişdi, onların standartlarına uyğun. Məsələn, Ronald Reyqan, Marqaret Tetçerdən misalllar gətirməyinizlə onlarda mütaliləli şəxs təəssüratı yaratmağa, Qərb yoluna tam hazırlıqlı şəxs kimi gəlməyinizi sübuta yetirməyə çalışmısız. Təkrar edirəm ki, müsahibəyə yaxşı hazılaşmısız. Hətta həbs olunan zaman sizi iqnor edən adamları bağışladığınızı da bəyan edirsiz. İnsanov insanları bağışlayırmış?! Bağışlayın, bir az təəccübləndim. Səhv etmirəmsə, həmin günlərdə onları satqın və şərəfsiz adlandırmışdız. İndi belə deməyiniz bilirsiz nəyə eyhamdır? Birincisi, bu “mənə tərəf gəlin” deməkdir. Yəni, onları da ətrafınızda birləşdirib güc mərkəzi yaratmaq niyyətindəsiz. İkincisi, Qərbə nümayiş etdirməyə çalışdınız ki, “mən kinli deyiləm, məqsəd uğrunda düşmənimi də bağışayaram, gələcəkdə siyasi opponentlərimi əzməyəcəyəm, tam demokratik şərait yaradacağam” mesajıdır. Bunu da Qərbə çatdırdınız. Əlbəttə, ABŞ-dan maliyyələşən “Amerikanın səsi”nə müsahibənizi gizli kluarlarda müzakirə edəcək, suallara verilən cavablar üzərində düşünəcəklər. Əsas düşüncə bundan ibarət olacaq ki, “yeni partiya yaradacaq Əli İnsanova maliyyə vəsaiti ayıraqmı? Yaxud, onun yolundakı maneələri aradan qaldırmaq üçün Azərbaycanın içində yerli adamlardan ibarət agentlərimizə növbəti tapşırıqları verəkmi?” Bax, bu yerdə bir az gözləməli olacaqsız. Sizə ilkin müddətdə xeyli maliyyə lazımdır. Lakin Qərb ilkin müddət üçün maddi dəstək göstərmir. İkinci cəbhənin açılması qədər gözləmə mövqeyində dururlar. Ki, “görək irəli doğru addım ata bilirsə, xalqı arxasınca aparmağı bacarırsa, onda dəstək verək”. Yoxsa, bir müsahibəyə görə Qərbdən dəstək alacağını gözləmək diletantlıq olar. Ronald Reyqan və Marqaret Tetçerdən misallar gətirən insan yəqin ki, bu nüansları unudub. Təkrar edirəm ki, Qərbi bir müsahibəyə görə aldatmaq mümkün deyil. O qədər yalançı Benderlər aldatmağa çalışıblar ki. Deməli, kürəyinizi xalqa söykəmək lazım gələcək. Yoxsa, Qərb elektorat üçün özü ilə təyyarələrlə okeanın o tayından adam gətirməyəcək ki? Əlbəttə ki, onların sizə biinci tövsiyyəsi o olacaq ki, elektorat yığmalısız.

Beləliklə, ümidiniz xalqa qalacaq. Görək, xalq tərəfdə vəziyyət necədir?! Xalq tərəfdə vəziyyət siz düşündüyünüz kimi deyil. Onlar sizə dəstək verməyəcək. Çünki xalq siyasi cəhətdən kifayət qədər püxtələşib və üzr istəyirəm ifadəmə görə, çörəyi qulağına yemir. Xalqı özünüzə inandırmaq üçün birinci növbədə inam gərəkdir. Onu da almayacaqsız. Çünki səhiyyə naziri olan vaxtınızdakı fəaliyyətiniz unudulmayıb. Vərəm dispanserində çarpayının xəstəyə 100 manata verilməsindən tutmuş Qarabağ müharibəsi iştirakçılarının reabilitasiyası üçün ayrılan pulların mənimsənilməsinə qədər unutqan deyil xalq. Bundan başqa, villalar, qızıl külçələr və sair. Bəlkə də xalq inanmaq istərdi, əgər “Amerikanın səsi”nə verdiyiniz müsahibədə onların fikirlərini ifadə etsəydiniz. Fikir də belədir ki, müsahibədə Qarabağın Azərbaycana məxsus olmasını bildirmədiz, əksinə ermənilərin tərəfində durdunuz. Üstəlik, yalan da danışdız ki, regionçu olmamısız. Katibəniz lənkəranlı, sürücünüz bakılı ola bilər. Ancaq ümumilikdə regionçuluq fəaliyyətinizin əsas istiqaməti idi. Üstəlik, xalq anlayır ki, siz qisasçılıq hissinə görə siyasətə qayıdırsız. Yeni vətəndaş qarşıdurmasını yaratmaq cəhdiniz də xalqın ürəyindən deyil. Hamı sakit həyat, sabit ölkə arzulayır. Üstəlik, ağsaqqal adamın qisas hissi ilə alovlanması daha fəlakətli olur.

Və sonuncusu. Xalqdan əvvəl sizi Əli Kərimli tərəfdarları gözdən salacaq. Qısa müddət ərzində İlqar Məmmədova qarşı qara piar kampaniyasını yadınıza salın. Görsələr ki, işinizdə azacıq işıq var, elə işığınızı onlar söndürəcəklər. Bir sözlə, mübarizə əhvalınız qısa müddət ərzində sönəcək. İndi bunu oxuyub deyə bilərsiniz ki, “görərsiz mən necə irəli gedəcəyəm”. Səmimi qəlbdən deyirəm ki, alınmayacaq. Biz jurnalistlər hər gün xalq arasındayıq. Bəzən hansısa siyasətçi, ya vəzifəli şəxs barədə onların fikirlərini eşidirik. Bütün müqəddəslərə and olsun ki, heç sizin adınız çəkilmir. Həbsxanadan çıxanda verdiyiniz bəyanatlar da bir-iki gün müzakirə edilərək unuduldu, çeynənib getdi. Bahalı paltarınızın qiymətini hesablayıb gülməcə qurdular, başqa heç bir ciddi fikir bildirilmədi.

O ki qaldı NATO ilə bağlı verilən suala cavabınıza…Bilirsiz, İlham Əliyev niyə yaxşı siyasətçidir? Bir dəfə xarici jurnaist ona sual vermişdi ki, “Azərbaycanın  NATO-nun sıralarına qatılmaq niyyəti varmı?” Prezident şimal-qərb aqressiyasını qabaqlamaq üçün belə cavab vermişdi: “Bu sualı NATO rəhbərliyinə vermək lazımdır ki, onlar Azərbaycanı orada görmək istəyirlərmi?”. Diplomatik cavaba fikir verdinizmi? Bax, siz heç vaxt belə siyasətçi olmayacaqsız. Problem bundadır.

Azər QİSMƏT

 





03.05.2019    çap et  çap et