525.Az

Vilayət Eyvazov parlamentdə hesabat verdi


 

Vilayət Eyvazov parlamentdə hesabat verdi<b style="color:red"></b>

Milli Məclisin (MM) dünən keçirilən plenar iclasında İnsan alverinə qarşı Milli Koordinatorun - Daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun növbəti illik məlumatı dinlənilib.

V.Eyvazovun bildirdiyinə görə, dünyada insan alveri cinayətləri artmaqdadır:

"Bu cinayətlər daha çox münaqişə olan bölgələrdə baş verir ki, bu cinayətlərin də əsas qurbanına  uşaqlar və qadınlar çevrilirlər. Azərbaycanda isə insan alverinə qarşı mübarizə hesabat ilində də davam etdirilib".

O qeyd edib ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub.

V.Eyvazov bildirib ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb:

"Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb. Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib.
 
Nəticədə onlardan 32-si işlə təmin edilib, 46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb, eləcə də hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 16-nın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 13-nə lazımi sənədlərin alınmasında köməklik edilib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı "152 saylı Qaynar xətt" telefon xidmətinə daxil olan 6 310 müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib".

Millət vəkilli Fazil Mustafa çıxışı zamanı  Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib. Millət vəkili qeyd edib ki, iqtisadçıların hesablamalarına əsasən, bu fondun yaradılması üçün 12-13 milyon manat vəsait tələb olunur:

"Uşaqların istismarına, cinzi zorakılığa məruz qalmasına qarşı  ciddi tədbirlər göməliyik.  Çünki bunlar gələcəkdə qurbanlara çevrilmə təhlükəsi olan  təbəqədir.
 
Hesabatda göstərilir ki, filan qədər valideyn tənbeh olundu. Tənbeh olunmaqla, problem həll olunmur ki?! Həmçinin, istismara məruz qalan, zorla əməyə cəlb edilənlər arasında daha çox valideyn himayəsindən məhrum olunmuş uşaqlardır. Bu uşaqların problemi deyil ki,  valideyn himayəsindən məhrum olunub və ya onlara aliment ödəmir. Ona görə bu məsələ həllini tapmalı, Aliment Fondu yaradılmalıdır. İqtisadçıların hesablamalarına əsasən də bu fondun yaradılması üçün 12-13 milyon manat vəsait tələb olunur və bu, elə də böyük rəqəm deyil.  Həmçinin təklif edirəm ki, 6 yaşına qədər uşaqlara uşaq pulu verilsin.

Hazırda uşaqlar arasında yoxsulluq faizi 10 faizdir. 6 yaşına qədər uşaq pulunun verilməsi üçün büdcədən 120 milyon manat vəsait ayırmaq lazımdır.  Ola bilər ki, imkanlı ailələrin uşaqlarına bu pul verilməsin. Amma  yerdə qalan imkansız ailələrin 6 yaşına qədər uşaqlarına uşaq pulu verilməlidir. Həm də elə mexanizm olmalıdır ki, valideynlər tərəfindən pul mənimsənilməsin".

Deputat Tahir Kərimli çıxışında qonşuları ilə birlikdə yaşadığı binadan köçmək məcburiyyəti qarşısında qaldığını bildirib.

T.Kərimli qeyd edib ki, o, paytaxtın mərkəzi küçələrindən birində çoxmənzilli yaşayış binalarının birində yaşayır:
 
"Bildiyiniz kimi, çoxmənzilli təzə binaların aşağı mərtəbələrinin hostel kimi istifadə edilməsinə şərait yaradılıb. Bu isə bir çox hallarda öz mənfi nəticələrini göstərir. Əxlaqsızlıq yuvalarının yaranmasına gətirib çıxarır.  Bizim binada da artıq qonşularla bezmişik. Oradan köçmək məcburriyyətində qalmışıq. Kimsə özünü qanundan yuxarı göstərir, belə şeylərə şərait yaradır. Bizim  küçə mərkəzi küçədir. Oradan dünyanın hər yerindən gəlib keçən dövlət və hökumət nümayəndələri var. Birdən bu hal kiminsə qabağına çıxar. Ona görə də binaların yuvalara çevrilməsinin qarşısı alınmalıdır".

"Biz Filippinə, Tailanda çevrilmək istəyirik?!" Bunu isə millət vəkili Araz Əlizadə parlamentdə çıxışı zamanı deyib.

Deputat ölkədə "seks turizmi"nin yaranmağa başlamasından təəssüfünü bildirib:

"Çox təəssüflər ki, bizdə "seks turizmi" yaranır. Xaricdən gələn bəziləri qızlarımızı  pul verməklə yoldan çıxarır, əxlaqsızlığa cəlb edirlər... Biz Filippinə, Tailanda çevrilmək istəyirik?!  Biz istəsək də, bunu edə bilməyəcəyik. Ona görə insan alverinə qarşı mübarizənin tərkib hissəsi kimi ciddi təddirlər görülməlidir.  Binalarla bağlı isə onu deyə bilərəm ki, bu cür hostellər yaradılırsa, onun ayrıca giriş qapısı olmalıdır".

V.Eyvazov da öz növbəsində hostellərlə bağlı məsələyə münasibət bildirib. V. Eyvazov deyib ki, bununla bağlı izahat tədbirləri olmalıdır:
 
"Bu problemi həll etmək mümkündür. Biz inzibati yolla yox, ancaq maarifləndirmə yolu ilə  bunu edə bilərik".

Kamil HƏMZƏOĞLU

 





04.05.2019    çap et  çap et