525.Az

Paşinyan Tsarukyana qarşı


 

"ÇİÇƏKLƏNƏN ERMƏNİSTAN" KÜNCƏ SIXIŞDIRILIR

<b style="color:red">Paşinyan Tsarukyana qarşı</b>

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr tərəfindən "Çiçəklənən Ermənistan" partiyasının və parlament fraksiyasının lideri Qaqik Tsarukyana qarşı hücumlar artmaqdadır.
 
Ötən ilin dekabrında keçirilmiş növbədənkənar parlament seçkilərində Ermənistan parlamentində təmsil olunmaq hüququ qazanan üç fraksiyadan biri olan "Çiçəklənən Ermənistan"ın liderinə qarşı hücumlar heç də səbəbsiz deyil. Və bunun birbaşa Paşinyanın sifarişi ilə həyata keçirildiyi də şübhəsizdir. Çünki Tsarukyan və onun rəhbərlik etdiyi fraksiyanın digər deputatlarının parlamentdə hökuməti açıq şəkildə tənqid etməsini, baş nazir tərəfindən qanunverici orqana göndərilən layihələrin əleyhinə səs vermələrini Paşinyanın "Mənim addımım" fraksiyası qəbul edə bilmir. Onlar həm "Çiçəklənən Ermənistan"ın, həm də "Parlaq Ermənistan" fraksiyalarının gözüyumlu hər şeyin lehinə səs vermələrini istəyirlər. Paşinyan tərəfindən parlamentə göndərilən hökumətin beş illik fəaliyyət proqramı hər iki fraksiya tərəfindən sərt tənqid olunmuş və onu arzular, istəklər, emosiyalarla dolu layihə adlandırmışdılar. Eyni zamanda, hər iki siyasi qüvvə sənədin əleyhinə səs vermişdi.

Məlumat üçün bildirək ki, Tsarukyan Ermənistanın iri sahibkarlarından biridir, xeyli müəssisələrə rəhbərlik edir. O, sabiq prezident Serj Sarkisyanla qarşıdurma nəticəsində siyasəti tərk etmişdi. Erməni Milli Konqresi və İrs partiyaları ilə hakimiyyət siyasəti əleyhinə bir neçə izdihamlı etiraz aksiyalarından sonra siyasəti tərk etməyə "məcbur edilmiş" Tsarukyan 2017-ci ildə yenidən siyasi meydana qayıdır. Hətta o zaman Tsarukyanın Sarkisyanla anlaşdığı da deyilirdi. Lakin müvəqqəti olaraq partiyaya rəhbərlik edən Naira Zohrabyan bu məlumatları təkzib etmişdir.

Ermənistanın "İrates" nəşri Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" fraksiyasındakı mənbəyə istinadla yazıb ki, parlament seçkilərində əhəmiyyətsiz dərəcədə səs toplayan naməlum "Vətəndaş razılaşması" partiyası Qaqik Tsarukyana qarşı cinayət işinə başladılmasına çalışmaqla "Çiçəklənən Ermənistan" partiyasını küncə sıxışdırmaq istəyir. Qeyd edilib ki, Tsarukyanın deputat mandatından məhrum edilməsi "Vətəndaş razılaşması"nın yeganə cəfəng ideyası deyil, göründüyü kimi, onlar "Çiçəklənən Ermənistan" partiyasına qarşı digər böhtanlara da əl atmağa hazırlaşırlar:

"Bütün bu absurdların arxasında isə vaxtilə "Çiçəklənən Ermənistan" fraksiyasının nümayəndəsi olmuş, Tsarukyanın hesabına parlamentə düşən Birləşmiş Əmək partiyasının sədri Qurqen Arsenyan dayanır. Onun əli ilə Rusiya meydanının favoritlərindən biri olan Tsarukyanı oyundan çıxarmaq üçün bütün mənalarda cəhdlər edilir".

"Çiçəklənən Ermənistan" fraksiyasının rəhbəri Qaqik Tsarukyan ona qarşı irəli sürülən iddialara, deputat mandatının müzakirəsi ilə bağlı məsələyə toxunarkən deyib ki, mandatdan imtina etmək üçün heç bir əsas görmür: "Niyə hər şeyi hakimiyyətin adına çıxırsınız? Mən bunu hakimiyyətin etdiyini etiraf etmək istəmirəm".

Belə siyasi gündəmi yaratmaqda kimin maraqlı olmasına gəlincə, o bildirib ki, uğursuz insanlar, hansı ki, onlar diqqətdə deyillər, görünmələri üçün isə hər şeyi edirlər.

O, hamının davranışını proqnozlaşdıra biləcəyini vurğulayıb. Tsarukyan bütün bunların siyasi təzyiqlər olduğunu söyləmək istəmədiyini əlavə edib. Bəzilərinin əlaqələr yaratmaq üçün mandata ehtiyacı olduğu iddiasına da toxunaraq bildirib ki, geniş əlaqələrə və çoxsaylı tanışlıqlara malikdir, ona görə də deputat mandatının bununla heç bir əlaqəsi yoxdur:

"Hər kəsi yalnız bir məsələ - Tsarukyanın mandatı narahat edir. Məgər ölkədəki digər problemlər həllini tapıb, yalnız bu qalır? Tsarukyan deputat olaraq bir dəfə Brüsseldə Avropa Parlamentinə gedib, 80 deputatı Ermənistana dəvət edib, onlardan 25-ni Qarabağa (Azərbaycanın işğal edilmiş ərazisi) aparıb".

Ona qarşı siyasi təqibin həyata keçirildiyini düşünməsi sualına isə fraksiya rəhbəri zarafatla cavab verib - ətraflı videomaterialda.

Tsarukyan indi bir qədər ehtiyatlı davranmağa üstünlük versə də, hadisələrin daha gərgin xarakter alacağı şübhə doğurmur. Çünki bu hücumlar hakim partiyadan gəlib və Paşinyan baş nazir olduqdan sonra dəfələrlə Tsarukyanın sərt tənqidləri ilə qarşılaşıb. Hətta "Mənim addımım" blokunun deputatları digər iki fraksiyanın üzvlərinə onların mövqelərindən çıxış etmək göstərişini verməkdən belə çəkinməyiblər. Görünən budur ki, Paşinyana parlamentdə əks fikir söyləyən, müxalif mövqedə olan qüvvələr lazım deyil. Buna görə də Tsarukyanı və onun rəhbərlik etdiyi fraksiyanı susdurmaq üçün açıq hücuma keçib.

PƏRVANƏ

 





08.05.2019    çap et  çap et