525.Az

Mənim universitetim


 

Mənim universitetim<b style="color:red"></b>

Tələbəlik dövründən başlayaraq həmişə fikirləşmişəm ki, filologiyanın gələcək inkişafı necə olacaq? Görəsən, gələcək tədqiqatçılar dilimizə, ədəbiyyatımıza nə verə biləcək? Sözün düzü, bu məzmunda olan sualları özümə həmişə vermişəm.

İndi elə fikirləşməyin ki, bu cümlələr mətnə giriş vermək naminə işlədilmiş cümlələrdir. Qətiyyən belə deyil! Əslində, bu nəticəyə gəlmək də səbəbsiz deyil. İxtisas müəllimlərimin öz ustadları haqqında danışdıqları xatirələri, söhbətləri məndə böyük maraq, sevgi oyatmaqla bərabər, bəzən də bir kədər hissi yaratmışdır. Fikirləşmişəm ki, kaş mən də Ə.Dəmirçizadə, Ə.Abdullayev, M.Şirəliyev, S.Əlizadə, R.Rüstəmov, M.Hüseynzadə, S.Cəfərov, Y.Seyidov, T.Hacıyev, H.Mirzəyev, Ə.Sultanlı, M.C.Cəfərov, M.Rəfili, İ.Şıxlı, Ə.Cəfər, F.Qasımzadə kimi nəhəng müəllimlərdən dərs alardım. Əlbəttə, zaman etibarilə bu mümkün olmasa da, həmin müəllimlər filologiyamızın sütunları olmaqla yanaşı, mənim və mənim kimi gənc tədqiqatçıların da mənəvi müəllimləri sayılır. Bu məsələdə təsəllimiz də ondan ibarətdir ki, bu ustadların tələbələri bizi yetişdirib, müəllimlərimiz olub, bilavasitə olmasa da, bilavasitə həmin alimlərin fikirləri, tədqiqatları bizə yol göstərib, dayaq olub.  Açığı, bu cəhətdən ixtisas müəllimlərimi yaxşı mənada qısqanmışam da! Bax yuxarıda özümə verdiyim suallar da belə məqamlarda yaranıb. Bu zaman düşünürsən ki, yaranmış boşluqları doldura bilənlər olacaqmı?! Əlbəttə, bütün hallarda verdiyin cavablar eyni olmasa da, nikbin baxış daha çox üstünlük təşkil edir.

Şübhəsiz ki, istər ədəbiyyat, istərsə də dilçilik sahəsində aparılan sanballı tədqiqatlar, elmə diqqət və qayğı, gənc alimlərin sayının artması filologiyanın gələcək inkişafından, potensialından xəbər verir. Heç şübhəsiz ki, bu prosesdə ali məktəblərin faydası daha çoxdur. Məhz buna görə də mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan filologiyasının, xüsusən də müasir Azərbaycan dilçiliyinin öyrənilməsində və öyrədilməsində Azərbaycan Dövlət Pedaqoji Universiteti olduqca böyük rola malikdir. Təqribən iki il sonra yüz yaşını böyük bir təntənə ilə qeyd edəcək ADPU bu işdə böyük addımlar atır.

Qeyd edə bilərik ki, bu gün univerisitetdə yaradılmış və yaradılan şərait təkcə filologiyanın deyil, digər elm sahələrinin inkişafını da zəruri edir. Sevindirici haldır ki, filologiya fakültəsi bu işdə xüsusi ilə fərqlənir. Universitetdə aparılan islahatlar, elmin inkişafı üçün yaradılan münbit mühit, maddi-texniki bazanın tədricən gücləndirilməsi, aparılan yenidənqurma işləri, ixtisaslı kadrların, peşəkarların tədris prosesinə cəlb olunması da bu baxımdan xüsusi aktuallığa malikdir. Bir məqamı da qeyd edək ki, obyektivlik, şəffaflıq, gəncləşdirmə siyasəti, elmi potensialın yüksəldilməsi kimi məsələlərin ADPU üçün prioritet istiqamət seçilməsi universitet rəhbərliyinin həyata keçirdiyi bütün işlərdə açıq-aşkar hiss olunur. Bu məqamda rektor, professor Cəfər Cəfərovun bir fikrini xatırlatmaq yerinə düşər: "Təhsil ümummilli, ümumxalq məsələsidir. Təhsil sahəsində dəyərlər, bilik və bacarıqlar önə keçməlidir. Ölkə rəhbərliyi bizim qarşımızda mühüm vəzifələr qoyub. Bizim əsas vəzifəmiz yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaqdır. ADPU-da sağlam və ədalətli rəqabət mühitinin yaradılması, infrastrukturun yenilənməsi, insan resurslarının inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir".

Buna görə də ADPU müəllim hazırlığına ölkənin milli təhlükəsizlik məsələsi kimi yanaşır. Məhz bunun nəticəsidir ki, bu gün ixtisaslaşmış müəllim hazırlığından söz düşəndə ilk olaraq Pedaqoji Universitet xatırlanır. Bu mənada ali təhsil müəssisələri arasında bu qocaman təhsil ocağının böyük payı vardır.

Son 3 ildə Universitetin bütün fakültələrində nəzərə çarpacaq dərəcədə artmış canlanma filologiya fakültəsində daha çox müşahidə olunur. Filologiya fakültəsinin dekanı, professor M.Hüseynova, bir növ, fakültəni universitetin simasına çevirmişdir. Gümanla deyil, inamla deyə bilərik ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti təhsil, o cümlədən, filologiyanın tədqiqi sahəsində əsas və aparıcı sütunlardan birini təşkil edir. Heç şübhəsiz ki, bu faktı hazırda filologiya fakültəsinin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar da təsdiq edir. Təsəvvür tamlığı naminə bir məqamı da əlavə edək ki, təkcə 2019-cu ilin yanvar ayından bu günə kimi filologiya fakültəsi 20-dən artıq tədbir təşkil etmiş, konfranslar keçirmişdir. Artıq görkəmli dilçi və ədəbiyyatçılarla tələbələrin görüşünün keçirilməsi, ustad dərslərinin təşkili, kitab təqdimatları, ədəbi-bədii proqramlar, ölkə rəhbərliyinin müvafiq fərman və sərəncamları ilə əlaqədar tədbirlərin, yubileylərin, eləcə də əlamətdar hadisə və tarixi günlərin qeyd olunması  filologiya fakültəsində bir ənənəyə çevrilmişdir. Bu baxımdan Ə.Dəmirçizadə, A.Qurbanov, İ.Nəsimi ilə əlaqədar keçirilən elmi konfranslar xüsusi aktuallığa malikdir. Belə hesab edirik ki, fakültədə istedadlı gənc kadrların üzə çıxarılması sahəsində aparılan sistemli işlər də ümumi işin gedişatına müsbət təsir edir və filologiyanın, xüsusən də dilçilyinin gələcək inkişafına olan inamı daha da artırır. Eyni zamanda, bütün bunlar filologiyanın gələcəyinə nikbin yanaşmağa imkan verir və Dəmirçizadələr, Şirəliyevlər, Qurbanovlar kimi ustad dilçilərin yenidən yetişməsinə böyük ümidlər yaradır.

İlkin ƏSGƏR
ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi

 





10.05.2019    çap et  çap et