525.Az

"Şərq Tərəfdaşlığı": 10 ildə nələrə nail olunub?


 

"Şərq Tərəfdaşlığı": <b style="color:red">10 ildə nələrə nail olunub?</b>

Azərbaycanın da iştirakçısı olduğu Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının bu il 10-cu ildönümü tamam olur.

Gələn həftə Brüsseldə bu münasibətlə iştirakçı ölkələrin rəhbərlərinin və digər rəsmi şəxslərin iştirakı ilə təntənəli mərasim keçiriləcək.

"Şərq Tərəfdaşlığı"nın ötən 10 ildə Azərbaycanla Aİ münasibətlərinin inkişafında hansı rolu oynamasına, nə kimi nəticələr əldə edilməsinə keçməzdən əvvəl, proqramın yaranma zərurətini xatırlatmaq yerinə düşür. Məlumat üçün bildirək ki, bu, Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş və 2008-ci ildə irəli sürülmüş  təşəbbüsüdür. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir. Rəsmi olaraq bu proqram 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadak sammitində qüvvəyə minib. Proqram şərq qonşularının Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli qaydada gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. Həmçinin, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etmək də məqsədlər sırasındadır. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

"Şərq Tərəfdaşlığı"nın sammitləri hər iki ildən bir keçirilir. Bu sammitlərdə Aİ rəsmiləri, üzv ölkələrin dövlət və hökumət başçıları, 6 şərq tərəfdaşı ölkəsinin rəsmiləri iştirak edirlər.

Növbəti sammitlər 2011-ci ildə Varşavada, 2013-cü ildə Vilnüsdə, 2015-ci ildə Riqada, 2017-ci ildə Brüsseldə baş tutub. Brüssel sammiti həm də Riqa sammitindən fərqli olaraq qəbul edilən yekun bəyannamədə Aİ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirməsi ilə yadda qaldı.

Belə ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, birgə bəyannamədə "Şərq Tərəfdaşlığı"nın bütün dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, birgə bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib ki, bu Qlobal Strategiyada Aİ-yə üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Birgə Bəyannamənin digər bəndində "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.

Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb və ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. 2004-cü ildə isə Azərbaycanın Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında Aİ Şurasının qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub.

 ŞT Aİ və şərq tərəfdaşları arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı öz qətiyyətli mövqeyini dəfələrlə bəyan edib. Dövlət başçısı bildirib ki, rəsmi Bakı strateji xarakter daşıyan və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlıdır.

Xatırladaq ki, hazırda Azərbaycanla Aİ arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar aparılır və həmin saziş yekunlaşmaq üzrədir.

Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas hesab edir ki, ötən 10 il ərzində "Şərq Tərəfdaşlığı" proqramı Azərbaycanı Avropaya daha da yaxınlaşdırıb. Onun sözlərinə görə, viza rejiminin sadələşdirilməsinə dair saziş və "ASAN" Xidmət sayəsində insanlarımız bir-birinə daha yaxın oldular: "Bu 10 ildə avtomobil və dəmir yolu vasitəsilə əlaqələrimiz gücləndirilib, enerji təchizatında isə ən iddialı layihələrdən birini başa çatdırmaq üzrəyik. Aİ Azərbaycanda ən iri sərmayəçi, ölkənin ən iri ticarət tərəfdaşıdır".

Səfirin sözlərinə görə, Aİ ilə Azərbaycan arasında daha çox qarşılıqlı anlaşma və etimada təkan verən "Şərq Tərəfdaşlığı" gələcək müasir əməkdaşlıq üçün bünövrə yaradıb.

Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev isə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın tərəfdaşlıq zəminində uğurla inkişaf etdiyini düşünür. PA rəsmisi deyib ki, gündəlikdə duran vacib məqamlardan biri də Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş layihəsidir: "Biz bərabərhüquqlu tərəf olaraq Avropa İttifaqı ilə dialoqu və müzakirələri davam etdiririk. Bu saziş üzərində də danışıqlar prosesində Azərbaycan məhz bərabərhüquqlu tərəfdaş qismində çıxış edir".

H.Hacıyevin sözlərinə görə, Aİ "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində bəzi iştirakçı dövlətlər var ki, onlar donor yardımı alan ölkələr qismində çıxış edirlər: "Azərbaycan heç kimdən donor yardımı almır və buna ehtiyacı yoxdur. Biz yalnız qarşılıqlı faydalı əməkdaşlıq prinsipindən çıxış edirik ki, bu da ölkəmizin maraqlarına xidmət edir".

PƏRVANƏ

 





12.05.2019    çap et  çap et