525.Az

Bakıdan Gədəbəyə... avtosəyahət


 

ŞƏHƏR TƏNBƏLLİYİ, KƏND NOSTALGİYASI VƏ YENİ HƏYAT STANDARTLARI HAQQINDA YOL QEYDLƏRİ

Bakıdan Gədəbəyə... avtosəyahət<b style="color:red"></b>

Böyük şəhərlərin qəlibə salınmış, hay-küylü həyatı səni öz ağuşunda elə bərk sıxır ki, bəzən heç nəyə vaxt tapa bilmirsən. Cürbəcür rəsmi və qeyri-rəsmi tədbirlərdən, gözlədiyin və gözləmədiyin zənglərdən, ailə qayğılarından, məişət problemlərindən yaxa qurtarmaq sanki mümkünsüzdür... Daim harasa tələsirsən. Piyada, ya da maşınla... Həyatın bu yeknəsək ahəngini poz görüm, necə pozursan! Bəzən evin yanındakı parka, xiyabana (maşallah, Bakıda gözoxşayan bu cür müasir, rahat istirahət guşələri yetərincədir), hətta məşhur  Dənizkənarı Bulvara belə getməyə ərinirsən... Amma nahaqdan... Mənəvi, psixoloji, fiziki yorğunluqdan qurtulmaq, sözün həqiqi mənasında, cani-könüldən dincəlmək bizim hər birimiz üçün  olduqca vacibdir, zəruridir. Bunun üçün ən yaxşı reseptlərdən biri də hansısa bölgəyə avtosəyahətə çıxmaq, təbiətin gözəlliklərindən zövq almaqdır. Özü də heç nəyə baxmadan: nə “təxirəsalınmaz işlər”ə, nə də maddi çətinliklərə...

Orta nəslin nümayəndəsi kimi əminliklə deyə bilərəm ki, əvvəli illərdən fərqli olaraq, bu gün Azərbaycanda səyahətə çıxmaq çox asan, rahat və ən başlıcası, maraqlıdır. Niyə? Birincisi və ən önəmlisi: bütün bölgələrimizdə həm yeni, müasir yollar çəkilib, həm də mövcud olanlar yaxşıca təmir edilib. Yol təsərrüfatının bu cür təkmilləşdirilməsi, sahmana salınması isə iqtisadi inkişafın, əhalinin həyat tərzinin yaxşılaşmasının, rayonlarımızın turizm imkanlarının artırılmasının əsas şərtidir. Avtomobil yollarının normal vəziyyətə gətirilməsi, ən ucqar yaşayış məntəqələrinin əsas avtomagistrallarla əlaqəsinin təmin olunması sahəsində bölgələrdə genişmiqyaslı işlərin aparılması həm bu gün, həm də  perspektiv üçün dövlətimizin prioritet saydığı vəzifələrdəndir. 

İkincisi, onlarla yeni, münasib mehmanxanalar inşa edilib. Düzdür, bəzilərində qiymətlər  od tutub yanır, amma yenə də qalmağa, istirahət etməyə yer tapa, bölgənin təbii gözəlliklərini görə, özünəməxsus təamlarından dada bilirsən... Avtomobil sahiblərinin benzin və təmir məsələləri sarıdan narahatlığına isə heç bir əsas yoxdur. Hər bir böyük yaşayış məntəqəsində  yanacaqdoldurma stansiyası da var, avtomobil təmiri xidməti də...  Belə olan tərzdə niyə Bakıdan kənara çıxmayaq? Heç olmasa, 2-3 günlüyə...

...Əmioğlunun zəngi lap yerinə düşdü: “Gədəbəyə gedirk, bizə qoşulmaq istəmirsən?” Uzaq yoldur, Bakıdan bizim Şınıx bölgəsindəki doğma Düzrəsulluya qədər 550 kilometrdir. Amma o yerlərdə keçmiş uşaqlıq və yeniyetməlik çağlarının hamıya tanış olan nostalgiyası bütün tərəddüd və bəhanələrin üstündən xətt çəkir və sübh tezdən yola düşürük. Qərara gəlirik ki, Kürdəmir yolu ilə gedək, Qəbələ yolu ilə qayıdaq.

Rayonlarımızda gedən dəyişikliklər, turizm şəbəkəsinin genişlənməsi, mənzərəli yerlərə gediş-gəlişin asanlaşması, yerli aşpazların bacarığı haqqında çox eşitmişdim. Qabaqcadan deyim ki, avtosəyahətə bağladığım bütün ümidlər özünü doğrultdu. Hətta deməliyəm ki, bu səyahət məni çox təsirləndirdi. Yollarda gördüklərim o qədər maraqlı, o qədər gözoxşayan idi ki... Əlbəttə, bu şirin təəssüratlara, necə deyərlər,  bir çimdik istiot qatan şeylər də oldu. Amma hər şey haqqında növbə ilə...   

Mən yaşda olanlar dərhal nəyə diqqət yetirirlər? Yollara... Bəzi yerlərində təmir getməsinə baxmayaraq, bizim magistrallarda maşın sürmək ayrı ləzzətdir. Çala-çuxurlarına görə sürətli hərəkətin mümkün olmadığı köhnə yollar indi  xüsusi texnika ilə hamarlanıb, yol kənarlarında zəruri yol nişanları, zirək və səbirsiz sürücüləri  “cilovlayan” ayıq-sayıq radar kameraları yerləşdirilib. Düzdür, dəlisov sürücülər hələ də az deyil, amma onlar yol polisləri ilə “məsələni necə yoluna qoymağı” da yaxşı bilirlər. Əlbəttə, bizim yol polisləri heç nədən kimisə saxlamağa, qayda pozuntusunu onun “boynuna qoymağa” çalışmırlar, onsuz da sürət həvəskarları istənilən qədərdir. Məsələ “hər iki tərəfin marağı nəzərə alınmaqla” yerindəcə həll edilir.

Yol boyunca çoxlu sayda ticarət obyektləri, müxtəlif kafelər, restoranlar, çayxanalar açılıb. Xidmət isə elə əvvəlki kimidir, hələ də ürəkaçan deyil.

Yeni tkilmiş yaraşıqlı evlərin çoxluğu diqqəti cəlb edir, hətta belə təəssürat yaranır ki, yaşayış məntəqələri arasında məsafə əməlli-başlı qısalıb, bəziləri az qala birləşiblər. Bu gözoxşayan mənzərə bütün yol boyu müşahidə olunur. Yollarda daş və digər tikinti materialları daşıyan yük maşınlarının sayının çoxluğu bu prosesin daha da genişləndiyinə dəlalət edir.

Yevlax şəhəri ərazisində avtomagistralın kənarındakı  müxtəlif təyinatlı tikililərin səliqə-sahmanı xüsusilə göz oxşayır. Burada dayanır, kafelərin birində çay içib, yola düzəlirik.

Ölkəmizin ikinci böyük şəhəri olan qədim Gəncənin girəcəyində gördüklərimiz bizi yendən bütün bölgələrdə aparılan tikinti-abadlıq işləri barədə söhbətə qaytarır. “Gəncə qapıları” ərazisindəki əsaslı təmir başa çatmaq üzrədir. Vaxtilə boş qalmış bu yerlər bu gün yeni yaşıllıqları, hasar və tikililəri, inşası davam edən yaşayış evləri və yeni mehmanxanası ilə adamı heyran qoyur. Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizaminin mavzoleyi ətrafında zövqlə aparılan abadlıq işlərini də nəzərdən qaçırmaq mümkün deyil. Təbii ki, dünya şöhrətli soydaşımızın məzarını ziyarət emədən buradan necə keçmək olar?.. Gəncə şəhərinin rəhbərliyi burada aparılan işlərə hədsiz qayğı göstərir. Fərəhli haldır ki, dahi şairə öz ehtiramını bildirməyə gələnlərin ardı-arası kəsilmir.  

Şəhərin özündə də xoş duyğular keçirirk. Qədim Gəncə gözəlləşib, daha təmiz və baxımlı olub. Abadlıq işləri davam etdirilir. Hiss edilir ki, təkcə əsas yol boyu deyil, digər küçələrdə də evlər təmir və bərpa olunacaq. Çünki ikinci cərgədəki “xruşşovka”ların damında sovet dövründən qalan sınıq-salxaq şiferlərin dəlmə-deşiyi uzaqdan diqqəti çəkir.

Gəncədən çıxıb, möhtəşəm avtomagistralla bir neçə dəqiqəyə Şəmkirə çatırıq.  Bölgənin bu ən böyük rayon mərkəzinin girişi bizi valeh edir. Burada tikilmiş obyektlərin dizaynı və arxitekturası heyrətamizdir, sanki hansısa Avropa ölkəsinə gəlib çıxmışıq. Dünya şöhrətli brendlərin  Bakıda görməyə adət etdiyimiz butikləri burda da var. Şəmkiri tanımaq olmur! Necə də gözəldir, hər şey necə qəşəng tikilib-düzəldilib!   Necə zövqlə, ürəklə işləyiblər! Belə yerdə dövlətimizin başçısının dediyi bu sözləri xatırlamaq lap yerinə düşür: indi  “dünya standartları”ndan deyil, onun yeni analoqu olan “Azərbaycan standartları”ndan danışmağın vaxtıdır. Küçələr, evlərin, tikililərin siması necə dəyişib!

Əla əhval-ruhiyyə ilə yolumuza davam edirik!

Artıq 400 kilometrədək yol gəlmişik, heç bir narahatlıq, yorğunluq hiss etmirik. Sürət həddini azaltmadan Yasamal dolamaları ilə Gədəbəyə qalxırıq. Bu yerlərin gözəlliyi, saf dağ havası və heyrətamiz dadı olan suyu barədə heç nə yazmıram. Bütün bunları Azərbaycanın hər yerində yaxşı bilirlər. Amma bir daha sinə dolusu nəfəs alıb, bir qurtum bulaq suyu və ya narzan içmək – adama ləzzət edir!

Gədəbəydən Saratovka və Şınıx istiqamətinə yol alırıq. Yaxın vaxtlaradək hər dəfə bu yerlərdən keçib gedəndə, istər-istəməz, düşünürdük: “bəs bu yolları nə vaxt düzəldəcəklər?” Budur, bir neçə il ötüb və biz yenidən gəlmişik. Gözlərimə inanmıram: uzun illər bu doğma diyara gəlib-gedəndə nə qədər problemlə üzləşərdik. Rayon mərkəzinə gəlir, sonra “Villis”i, “Niva”sı olan qohumlardan, dostlardan xahiş edirdik ki, bizi Şınıxa çatdırsınlar. Yolsuzluq rayonun əsrarəngiz gözəlliklərini görüb seyr etməyə imkan vermirdi. Məncə, indən belə səyahət həvəskarlarını heç nə saxlaya bilməz, onların sayı getdikcə artacaq. Qara asfalt yolda avtomaşınların şütüməsi bu yerlər üçün misilsiz bir mənzərədir. Bu gün ən ucqarlarda belə adi nəqliyyat vasitəsinə çevrilmiş “mersedes”lərlə istədiyin uzaq kəndə 20-30 dəqiqəyə gedib çatırsan.  

Qələbəlik şəhərdən gəlib Düzrəsullunun küçələrinə çıxanda ilk baxışda elə bilirsən ki, kənddə heç kim yoxdur. Amma yanlış təəssüratdır. “Bəs adamlar qayıtmır? Sobaların tüstüsü niyə görünmür? Bu nə sükunətdir?” – kimi suallarıma konkret cavab verirlər. Əvvəla, şəhərlilərdən fərqli olaraq kənd adamları boş, mənasız gəzintiləri xoşlamırlar. Uşaqlar və ahıllar evdə otururlar. Qalan hamı iş-güclə məşğuldur. Bu dəqiqə kartofun və digər tərəvəz məhsullarının yığımının qızğın çağıdır. Bacalardan tüstü çıxmır, çünki indi burda da təbii qaz var. Dağlıq cəbhəyanı ərazilərə də qaz gəlib çıxıb! Daha heç kim odun yığıb, soba qalamır. Dağlara bax, yamaclarda “keçəl” yerlərin azaldığını görmürsənmi?! Hələ gecəni gözlə, pəncərələrdəki işıqlar sənə kəndlərimizdə həyatın necə sahmana düşdüyünü göstərəcək...

Bakıdan Şəmkirədək yol boyunca gördüyümüz olduqca gözəl evlərə uzaq cəbhəyanı rayonda da az rast gəlmirik. Şınıxda tikilən müasir evlər, çəkic və mişar səsləri bir vaxtlar boşalmış kəndlərdə həyatın yenidən canlandığını xəbər verir. Yerli sakinlər fəxrlə göstərirlər: bax, bu yeni ev rüstəmovların, məşədiyevlərin, məmmədovların, nəbiyevlərindir... Bu yerlərdən çıxan tanınmışlar özlərinə ev tikirlərsə, deməli, kəndlərimiz boşalmayacaq, dədə-baba torpaqlarımıza “ikinci nəfəs” gələcək. Burada hamı yüksək dağ kəndləri sakinlərinə dövlətimizin göstərdiyi diqqətdən danışır. İlk növbədə də,  Saratovkadan keçməklə rayon mərkəzindən Şınıxa çəkilmiş asfalt yol haqqında... Yaşlı sakinlər deyirlər ki, hətta sovet dövründə buralarda belə rahat və yaxşı yollar olmayıb. Əvvəllər bəzi kəndlərə yalnız yük maşınlarında, “Villis” və “Niva”larda getmək mümkün idi, indi isə dağlara doğru lent kimi uzanan yolun sərt döngələrini “mersedes”lər və “toyoto”lar, “jiquli”lər və “ tofaş”lar asanlıqla keçirlər.

Sərhədyanı rayonların qazlaşdırılması kəndlilərin həyatını kökündən dəyişib. Bu, tezliklə ekologiyaya da öz təsirini göstərəcək. Daha meşələr qırılmır. Kəndlilər təsərrüfata, heyvandarlığa daha çox diqqət yetirirlər. Azərbaycanın saf ekologiyası olan bu diyarından ərzaq məhsulları almağa bu gün hətta Bakının özündən belə gələnlər var!

...İki gün istirahət edib, bu dəfə başqa səmtə – Qızıltorpaq kəndinin yanından dönüb Qovlar istiqamətinə  üz tuturuq  və Gədəbəyin dağ kəndlərini Tovuzla birləşdirən daha bir yola gəlib çıxırıq. Yenə hədsiz xoş təəssüratlar: burda da dağlara sarılan möhtəşəm asfalt yol... Bu yerlərin mənzərəsi təsvirəgəlməzdir. 30-40 dəqiqəyə Bakıya aparan magistrala çatırıq. Yolboyu yeni mənzərələr, yeni evlər, yeni təəssüratlar. Adamın ürəyi açılır.

Artıq Ağdaşın Ləkisindəyik... Əmioğlu indiyədək Qəbələdə olmadığımı eşidib, necə deyərlər, mənim çoşub-daşan əhval-ruhiyyəmi daha da yüksəltmək üçün ora istiqamət götürür. Qəbələ çox gözəldir! Buranın təkrarsız təbiət mənzərələrini, inkişaf edən infrastrukturunu, turizm, sənaye, kənd təsərrüfatı şəbəkəsini və digər sosial obyektlərini, assosiativ olaraq, dünyanın analoji məkanları – İsveçrənin, İspaniyanın və Allah bilir, daha hansı ölkələrin televiziyada və yaxud jurnal səhifələrində gördüyümüz heyrətamiz  şəraiti, baxımlı mənzərələri ilə müqayisə  edirəm.  Bu da “Azərbaycan standartı”nın daha bir nümunəsi. Bəli, tam ciddiyyətlə deyirəm!  Bu söz birləşməsi getdikcə daha inamla  gündəlik həyatımıza daxil olur! Qəbələdən aldığım təəssürat yol-boyu məni tərk eləmir. İsmayıllını, Şamaxını, Qobustanı, Abşeronu keçib, axşam işıqları yananda Bakıya yetişirik və... dərhal bizm üçün “doğma” olan  tıxaca düşürük.

Avtoturistlərin sayı o qədərdir ki, dünya avtomobil sənayesinin ən bahalı və tanınmış markalarından ibarət  uzun bir qatarla şəhərə doğru hərəkət edirik. Bir saata yaxın vaxt sərf edib şəhərə çatırıq. Bakı gecəsi çox möhtəşəmdir! Evdəyik!

Xudahafizləşərkən belə razılaşırıq: gələn səfər olduğumuz rayonların hərəsində azı bir gecə qalırıq, avtomobilin şüşəsi arxasından gördüklərimizlə yaxından tanış olmaq üçün...

lll

Yol qeydlərim sizə bəlkə də hədsiz dərəcədə bərbəzəkli, emosional, problem və təfərrüatlardan uzaq görünəcək. Əlbəttə, çatışmazlıqlar var: xidmətin keyfiyyəti,  yüksək qiymətlər, bəzi məmurlarda  insan amilinə diqqətsizlik və s. Bunları da demək lazımdır. Amma bu yazının məramı başqadır...  Bu, mənim – çoxdan bəri bölgələrə gedib-gəlməyən, əvvəlki vaxtlarla indini müqayisə edə biləcək bir adamın sürətlə şütüyən avtomaşının pəncərəsindən görüb müşahidə etdikləridir, bir növ yol qeydləridir. Bu, regionlarda əhəmiyyətli dəyişiklikləri, ölkənin ucqarlarında belə yeni standartların tətbiq olunduğunu öz gözləri ilə görən və bütün bunlara sevinən bir adamın qeydləridir.

Səyahət edin, təəssüflənməzsiniz!

Xanlar ZİYADOĞLU
Əməkdar Mədəniyyət İşçisi

 





30.09.2013    çap et  çap et