525.Az

“Jurnalistlər hər zaman İlham Əliyevin diqqət və qayğısını hiss edirlər”


 

“Jurnalistlər hər zaman İlham Əliyevin diqqət və qayğısını hiss edirlər”<b style="color:red"></b>

“DÖVLƏT BAŞÇISININ “JURNALİSTLƏRİN DOSTU” SEÇİLMƏSİ GÖRÜLƏN İŞLƏRİN MƏNTİQİ NƏTİCƏSİDİR” 

Xəbər verdiyimiz kimi, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) “Jurnalistlərin dostu” mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirdiyi sorğunu yekunlaşdırıb. Qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirilən və ümumilikdə 100 respondent media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: “Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə Prezidenti İlham Əliyevdir. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib. “RUH”un keçirdiyi sorğuda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini məntiqi nəticə hesab edilir.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açıqlamasında Prezident İlham Əliyevin hər zaman Azərbaycan mətbuatına və media nümayəndələrinə diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb. O, belə deyib: “Cari ilin 22 iyul tarixində ölkəmizdə dünyada analoqu olmayan addım atıldı. 156 jurnalist mənzillə təmin olundu. Bu, ölkə başçısı tərəfindən atılan humanist bir addımdır. Mətbuat nümayəndəsi olaraq demək istəyirəm ki, Prezident İlham Əliyev bütün bunlarla Azərbaycan mətbuat tarixinə adını böyük hərflərlə yazdı. Prezident İlham Əliyev hər zaman jurnalistlərin dostudur və dostu olaraq da qalacaq”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə, sorğu başlayanda elə bu nəticənin əldə olunacağı məlum idi. O, hesab edir ki, Azərbaycan jurnalistikasının həyatında 2013-cü ildə ən əlamətdar addımlar məhz cənab İlham Əliyevin qərarı ilə atılıb: “Bunlar, jurnalistlər üçün tarixdə olmayan hadisələrdir, yəni jurnalistlər üçün çoxmənzilli binanın istifadəyə verilməsi, mətduat üçün dövlət maliyyə dəstəyinin artırılması və digər bu kimi hadisələr sözsüz ki, jurnalistlərin həyatında çox böyük rol oynayıb. Bundan əlavə bir neçə jurnalistin sosial vəziyyətinin yaxşılaşdırılması üçün Prezidentin şəxsən göstəriş verməsi, o cümlədən jurnalist Nicat Dağların müalicəyə göndərilməsi, bəzi jurnalistlərlə bağlı atılan fərdi addımlar Prezidentin mətbuat üçün etdiyi böyük işlərin 2013-cü ilə təsadüf edən müəyyən bir qismi idi. Bütün bunların qarşısında Azərbaycan jurnalistlərinin də keçirilən sorğuya görə İlham Əliyevi mətbuatın dostu seçməsi tamamilə məntiqli və təbii nəticədir. Mən hesab edirəm ki, jurnalistlərin bu seçimi obyektivdir və İlham Əliyevin şəxsən media üçün, jurnalistlər üçün 2013-cü ildə gördüyü işlərin məntiqi nəticəsidir. Mən inanıram ki, 2014-cü ildə də belə sorğu keçirilsə, İlham Əliyev yenə jurnalistlərin dostu seçiləcək”.

Trend İnformasiya Agentliyinin Azərbaycan Redaksiyasının rəhbəri Emil Hüseynli bildirib ki, Prezident İlham Əliyevin yenidən jurnalistlərin dostu seçilməsinin əsas səbəblərindən birinin Azərbaycan iqtidarı tərəfindən ölkədə söz və mətbuat azadlığının təmin edilməsidir. İstənilən jurnalistin açıq şəkildə öz fikrini ifadə etdiyini deyən E.Hüseynli jurnalistlərin istənilən hadisə ilə bağlı, dövlət quruculuğu prosesləri, ayrı-ayrı məmurların fəaliyyəti, bu və digər sahələrin fəaliyyəti ilə bağlı sərbəst informasiya toplamaq, onu sərbəst təhlil etmək və sərbəst yaymaq imkanına malik olduğunu vurğulayıb. O, İ.Əliyevin jurnalistlərə böyük qiymət, azad sözə, siyasi plüralizmə dəyər verdiyini qeyd edib: “Həmçinin jurnalistlər üçün yaşayış binasının tikilməsinə dair verilən qərarlar, dövlət tərəfindən mediaya maliyyə yardımlarının edilməsi də dövlət qayğısının tərkib hissəsidir: Təsəvvür edin ki, jurnalistlərə mənzillərin verilməsi təşəbbüsü dünya praktikasında ilk dəfədir reallaşıb. İnanıram ki, dövlət öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini ötən illərdə olduğu kimi əsirgəməyəcək, azad mətbuatın Azərbaycanda davam etməsində öz səylərini göstərəcək. Məhz sadalanan amillər nəticəsində Prezident İlham Əliyev aparılan sorğuda jurnalistlərin dostu seçilib”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli İ.Əliyevin jurnalistlərin dostu seçilməsini yüksək qiymətləndirdiyini söyləyərək belə deyib: “Əslində bu belə də olmalı idi. Çünki bu günə qədər mətbuatın inkişafı üçün atılan addımlar, kütləvi informasiya vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və həmin fond vasitəsilə həyata keçirilən layihələr, bu layihələrin medianın inkişafında buraxdığı iz, eyni zamanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar, onlar üçün mənzillərin inşa edilməsi və paylanılması, bu işin davam etdirilməsi belə bir addımın atılması üçün tamamilə əsas verib. Burada fərqli bir yanaşma olsaydı  təəccüblü olardı. Bu baxımdan özüm də eyni mövqeni sərgiləmişəm və bu mövqeni sərgiləyən digər həmkarlarımın, mətbuat nümayəndələrinin də çox böyük səs çoxluğu ilə qəbul etdiyi bu qərarı alqışlayıram”.

Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsinin media nümayəndələri tərəfindən atılmış doğru addım kimi qiymətləndirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə jurnalistlərin dövlət başçısının diqqət və qayğısını hər zaman üzərlərində hiss etdiklərini bildirib: “Həm jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstək Fondunun yaradılması, jurnalistlərin ali dövlət mükafatları ilə təltif olunması və digər kifayət qədər faktlar sadalamaq olar ki, bu, dövlətin, xüsusilə dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqətinin nümunəsidir.

Qeyd edək ki, “RUH” AJMK-nın “Jurnalistlərin dostu” mükafatının təsisində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.

Aqil LƏTİFOV

 





01.10.2013    çap et  çap et