525.Az

“Prezidentin “jurnalistlərin dostu” seçilməsi təbii haldır”


 

“Prezidentin “jurnalistlərin dostu” seçilməsi təbii haldır”<b style="color:red"></b>

“BUNU İLHAM ƏLİYEVİN MƏTBUATA GÖSTƏRDİYİ DİQQƏT VƏ QAYĞISINA ADEKVAT CAVAB KİMİ QİYMƏTLƏNDİRMƏK OLAR” 

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “Jurnalistlərin dostu” mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirdiyi sorğunu yekunlaşdırıb. Qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirilən və ümumilikdə 100 respondent media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: “Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə Prezidenti İlham Əliyevdir. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib. “RUH”un keçirdiyi sorğuda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini məntiqi nəticə hesab edilir. Məsələyə münasibət bildirən şəxslər də Prezidentin mətbuatın dostu olduğunu faktlara söykənən fikirləri ilə əsaslandırırlar. Onlar bunu görülən işin nəticəsi kimi qiymətləndirirlər.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərin dostu seçilməsi tamamilə məntiqi nəticə kimi dəyərləndirib. O, hesab edir ki, Azərbaycan mətbuatı heç vaxt bugünkü qədər dövlətin diqqət və qayğısı ilə əhatə olunmayıb. H.Babaoğlu belə deyib: “Son 10 ili mətbuatımızın inkişaf tarixinin qızıl dövrü adlandırsaq, yanılmarıq. Bu gün jurnalist peşəsinin ictimai nüfuzu olduqca yüksəlib. Buna səbəb Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində jurnalistlərin sosial-məişət problemlərinin həll olunması, eyni zamanda yüksək məvaciblə təmin olunmasıdır. Ölkə başçısı müxtəlif ideoloji cəbhələrdə olan qəzetlərin hamısına eyni dərəcədə qayğı göstərir. Həm müxalifət, həm də iqtidar mətbuatı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan eyni dərəcədə dəstək görür. Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyev sözün əsl mənasında jurnalistlərin dostudur. Ölkə başçısının jurnalistlərin dostu seçilməsini, onun mətbuata göstərdiyi diqqət və qayğısına adekvat cavab kimi qiymətləndirmək olar”.

İ.Əliyevin jurnalistlərin dostu olmasının təbii hal olduğunu qeyd edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı dövlət başçısının 10 illik hakimiyyəti dövründə mətbuatımızda olan problemlərin aradan qaldırılması üçün çox ciddi tədbirlər gördüyünü söyləyib: “Azərbaycan mətbuatının bugünkü vəziyyətinə nəzər yetirsək, Prezident İlham Əliyevin həqiqətən də jurnalistlərlə dostluğa söykənən, sağlam təməl üzərində qurulmuş bir siyasətin layiqli davamçısı olduğunun şahidi olarıq. Bir sözlə, mətbuatın yüksək səviyyədə inkişafı üçün istənilən şərait yaradılıb. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən jurnalistlərin mənzillə təmin edilməsi hər bir mətbuat nümayəndəsinin sevincinə səbəb olub. Bu da ölkə mətbuatına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev jurnalistlərin dostu olduğunu bir daha təsdiq etdi”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev İ.Əliyevin “jurnalistlərin dostu” seçilməsinin böyük nailiyyət olduğunu qeyd edib. O, “jurnalistlərin dostu” olmağın çox çətin bir iş olduğunu bildirib: “Hətta vaxtilə ulu öndər Heydər Əliyev bu ada layiq görüləndə bunu çətin bir iş kimi xarakterizə etmişdi. Ölkə başçısının jurnalistlərin dostu adına layiq görülməsini onun mətbuatın inkişafı ilə bağlı gördüyü işlərin nəticəsi kimi qiymətləndirmək olar. Bu il jurnalistlər MDB məkanında və dünyada analoqu olmayan bir mükafat aldılar. 156 jurnalist prezidentin dəstəyi ilə evlə təmin olunub. Bundan əlavə, ölkə başçısı jurnalistlərdən birinin müalicəsini öz öhdəliyinə götürdü və nəticə uğurlu oldu. Media sahəsində görülən işlərin sayı hesabı yoxdur. Bütün bunlar göstərir ki, jurnalistlərin bu seçimi həqiqidir. Ölkə başçısı gördüyü işlərə görə bu ada layiqdir”.

Fərqli bir seçimin ola bilməyəcəyini deyən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ölkə başçısının mətbuatının inkişafına göstərdiyi diqqət və qayğının göz qabağında olduğunu söyləyib: “Prezident İlham Əliyev mətbuatın inkişafı ilə bağlı kifayət qədər ciddi addımlar atıb, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Azərbaycan prezidenti mətbuata xüsusi qayğı ilə yanaşır. Bütün bunlar jurnalistlər tərəfindən yüksək qiymətləndirilir və Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsi üçün birmənalı əsas yaradır. Mən də daxil olmaqla, sorğuda iştirak edən media nümayəndələrinin ölkə başçısını jurnalistlərin dostu adına layiq görməsi məntiqəuyğun və reallığı əsk etdirən bir addımdır. Bu, mövcud vəziyyətin obyektiv şəkildə dəyərləndirilməsidir”.

Qeyd edək ki, “RUH” AJMK-nın “Jurnalistlərin dostu” mükafatının təsisində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.

AQİL

 





02.10.2013    çap et  çap et