525.Az
“Anan yox ki, ağlasın, quru, Urmiya, quru...”
“ZƏRDÜŞTÜN ŞƏHƏRİ”NDƏN MƏMNUNLUQ VƏ TƏƏSSÜF DOLU TƏƏSSÜRATLARLA AYRILDIQ
Əslində səfərlər həmişə maraqlı, yaddaqalan və təəssürat yaradan olur. Amma səfər yoldaşlarının hamısı eyni məslək sahibidirsə ,yəni söz-sənət adamları, musiqiçilər, yaxud alimlərdirsə, bu səfərin təəssüratları daha zəngin olur. Bizdə də belə idi. Yol yoldaşlarımızın hamısı sözün, sənətin sehrində olan, dağın-dərənin, gülün-çiçəyin istənilən gözəlliyindən duyğulanan adamlar idi.
İrana—Urmiya şəhərinə gedirdik. 2012 –ci il sentyabr ayının 22-si idi. Bakıdakı İran Mədəniyyət Mərkəzi bizi ənənəvi olaraq hər il keçirilən “ Rəzəvi şeirlər festival-müsabiqəsinə” göndərirdi.Müqəddəs dinimizin əsas simalarından olan İmam Rza Əleyhissalama həsr olunmuş bu şeir yarışmasına Azərbaycandan 73 nəfər yazı təqdim etsə də , final mərhələsinə 8 şeir müəllifi və 1 alim göndərilirdi. AMEA Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, fars dili mütəxəssisi, professor Şahin Fazil, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Rauf Sadıqov (o, şeir müəllifi olmayan yol yoldaşımız idi) ,Vahid Poeziya Evinin direktoru, “Say” qəzetinin baş redaktoru Hacı Rafiq Şirvani, şairlərdən Kərəm Kürqıraqlı, Sənəm Səbayel , Musarza Heydərov, Hacı Yusif Qulammirzə oğlu, istedadlı gənc şair Rüstəm Tofiq və bu sətirlərin müəllifi...Yol boyu ədəbi- bədii məzmunlu söhbətlərdə demək olar ki, baxış prizmamız üst-üstə düşürdü. Fəqət, fərqli düşündüyümüz məsələlər də çox idi. Bu isə uzaq yol üçün çox dəyərli körpü idi. Qərəz...
Biləsuvar Sərhəd-Gömrük məntəqəsini keçəndən sonra bizi İslami-İrşad İdarəsinin nümayəndələri qarşıladılar və nahar edən kimi birbaşa Urmiyaya yola düşdük. Bizi aparan minibusu 23-24 yaşlarında bir oğlan idarə edirdi və o, yanındakı 18-20 yaşlı köməkçisi ilə elə şirin ləhcədə danışırdı ki, sanki Biləsuvardan Urmiyaya qədər biz məlahətli bir şeirə qulaq asırdıq.Yol kənarında divarlara yazılmış elan, lövhə və göstəricilər başqa əlifbada olmasaydı elə bilərdik ki, hələ sərhəddi keçməmişik. Çünki təbiət də eyni idi, insanlar da. Sadəcə o taydakı insanlardan “ can” sözünü daha çox eşidirdik.
Yol boyu kəndlərin adına baxırdım .Yer adları həm farsca, həm də ingiliscə yazılmışdı.Ərdəbil yaxınlığında gördüyümüz Qasımkənd, Çeşməkənd, Dəmirçi dərəsi, Damdabaca kəndi, Mikayıl dərəsi,Əmir kəndi, Qara göl...bir daha sübut edirdi ki, biz hələ “sərhəddi keçməmişik”. Savalana yaxınlaşanda isə ürəklər məhz şair ürəyi kimi döyünürdü.Dağın zirvəsindəki bir neçə yarğanda qalan qarın sanki bizim üçün saxlanılan sovqat olduğunu düşündüm. Amma əbəs yerə. Çünki qardaş qardaşa bu soyuqluqda pay saxlamaz.
Hamı danışır, bir-birinə nə isə göstərir, nəyisə izah etməyə çalışırdı. Şahin Fazil isə heç kəsə qarışmır,durmadan yazırdı. Kərəm Kürqıraqlını dağların arasındakı yaşıl vadilər heyran eləmişdi. Tanrı ona Zərdabda dağ göstərmişdimi? Mən əvvəllər İranda 8-10 dəfə olduğuma baxmayaraq yenə də qələm sahibi üçün maraqlı olan məqamlar görürdüm. Amma deyəsən Şahin müəllimin sürətlə gedən maşında yazı qələmə alması mənə daha maraqlı gəlmişdi.Çünki özüm heç zaman belə yaza bilməmişdim. İlk sınaq deyəsən o qədər də uğursuz olmadı. 10-15 dəqiqədən sonra Kərəmə bir vərəq verdim. Orada yazılmışdı:
Dərmanın...dadı
Kərəm lələ, görürsənmi dağları,
Neçə yarğan qar saxlayır Savalan.
Yamacların quzeyinə yaxşı bax,
Qar əriyir, ümidlərə verir can.
Ürək yanır, beyin yanır, qan yanır,
Daş-qayanın paralanmış baxtına.
Adam gərək bu dağ kimi tablaya
Ayrılığın qarımış, qart vaxtına.
Bu nə dağdır, bu nə daşdır, nə dərə,
Göydən uca, göldən dərin görünür.
Güney boyu qıvrım-qıvrım yola bax,
Ürəyimdir, yamaclarda sürünür.
Kərəm lələ, Şahin Fazil nə yazır?
Diqqət elə, fikri-zikri dağdadır.
İttifaqın burda udduğu nəfəs
Dərman oldu.Amma bir az ...dağ dadır.
Bəlkə də indi—bu sətirlərin qələmə alındığı vaxt şeirə yenidən baxmaq , nəyisə dəyişmək olardı. Amma eləmədim. Çünki yol tələskənliyi ilə şeiri avtobusdakılara məhz bu şəkildə təqdim eləmişdim.
Meşkin tərəflərdə qayalar elə görünürdü ki, guya qüdrətli bir adam onları əli ilə götürüb üst-üstə yığmışdı. Çox təzadlı idi. Bütün sal qayalı dağların ətəyində yaşıl vadilər, bağ –bağat görünürdü. Dağların arasından çıxandan sonra isə yaşıl çöllərdə görünən tağlanmış bostan məhsulları bu torpağın bərəkətindən xəbər verirdi. Hacı Rafiqin sürücülərlə Biləsuvarda başlanan tanışlığı deyəsən Əhərin işıqları yananda başa çatmışdı. Bu qənaətim ondan irəli gəlirdi ki,dünyanın az qala yarısını gəzmiş Hacı Rafiq yanında oturanlara Əhərin işıqlarını göstərib yeni bir söhbətə başlayırdı.
Urmiyaya gecə saat 12-dən sonra çatdıq. Sürücümüz əvvəllər bu şəhərdə olmamışdı. Ona görə də gedəcəyimiz “ Morvarid” ( Mirvari) otelini tapmaq o qədər də asan olmayacaqdı. Odur ki, sürücü bir minik maşınını idarə edən həmkarından adı çəkilən mehmanxanaya necə gedəcəyimizi soruşdu. Həmin adam – “arxamca gəlin” – deyərək qabağa düşdü və gecənin yarısında təxminən 20 dəqiqə bizim üçün vaxt ayırdı. Çox minnətdar olduq.
“Morvarid”də bizi gözləyirdilər. Bu otel Türkiyə ilə sərhəddəki Zaqroş dağından axıb gələn Şəhər çayının birbaşa sahilində inşa edilib. Çayın sağ sahilində isə sonu görünməyən yaşıl bir xiyaban uzanıb gedir.
Ertəsi günü Urmiyanın əsas mədəniyyət mərkəzlərindən birində “ Azərbaycan Türkcəsində 7-ci Beynəlxalq Rəzəvi şeirlər festival-müsabiqəsi”nin təntənəli açılışı oldu. Şəhər rəhbərliyinin, İslami- İrşad İdarəsi rəhbərlərinin və çoxsaylı xarici qonaqların iştirakı ilə keçirilən tədbir İranın dövlət himninin səsləndirilməsi ilə daha da şərəfləndirilmiş oldu. Festivalda 90-a yaxın şeir oxundu. Bu qədər şeirlər 370 müəllifin təqdim etdiyi yazılar arasından seçilmişdi. İran, Azərbaycan, Türkiyə və İraq şairlərinin demək olar ki, bütün şeirləri İmam Rza Əleyhissalama həsr olunmuşdu. Festival çərçivəsində Əsgər Şahinzadə,Cəfər Beytüllahi ( İran) , Asi Nüsrət Ağa, Kövsər Saqı Bağvan ( İraq türkmənləri) , Cavad Gök ( Türkiyə) kimi məşhur söz-sənət adamları ilə tanış olduq, ədəbi və ictimai-siyasi mövzularda söhbətləşdik. Onuncu dəfə keçirilən ( son yeddisi Azərbaycan türkcəsində təşkil olunur) Rəzəvi şeirlər müsabiqəsi təkcə ədəbi və ya islami deyil, həm də siyasi- diplomatik bir tədbir kimi adı çəkilən ölkələr arasındakı dostluğa xüsusi töhfələr vermiş olur. Tez- tez eşidirdim ki, söhbət bu yarışmada kimin qalib gəlməsindən deyil, dostluğa kimin daha çox töhfə verməsindən gedir. Fikrimcə , Azərbaycan nümayəndə heyəti bu vəzifənin öhdəsindən layiqincə gələ bildi. Xüsusən , geniş dünya görüşünə malik olan ziyalılarımız Şahin Fazil və Hacı Rafiq Şirvani həm festival çərçivəsindəki çıxışlarında, həm də ümumiyyətlə, bütün görüşlərdə , istənilən məsələnin müzakirəsi zamanı xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun münasibət bildirir, əsl ziyalı mövqeyi ortaya qoyurdular.
Festival başa çatandan sonra biz ayrı-ayrı qruplara bölünərək Urmiyanın görməli yerlərini ziyarət etdik. Belə yerlər isə istənilən qədərdir. Çahar bürc, İsmayıl ağa , Bardok, Dam daş tarixi- memarlıq abidələri, memarlıq, tarix və təbiət muzeyləri, Sirr dağı, Qədim bazar və ən nəhayət, Urmiya gölü. Ötən əsrin görkəmli İran alimi Mirzə Ələkbər Dehxudanın ( 1879-1956 ) qədim assur mənbələrinə istinadən “ Zərdüştün şəhəri” adlandırdığı Urmiyanın hər addımı, hər qarışı maraqlı idi. Biz əvvəlcə min illər boyu insanların sirli məkan kimi baxdıqları Sirr dağına baş çəkdik. Urmiya şəhəri bu dağı demək olar ki, dörd tərəfdən qurşaq kimi əhatələyir. Hündür binalar bir-birinin əlindən tutaraq nəhəng ağacı dövrələyən uşaqlar kimi görünür. Doğrusu orada biz hansısa bir sirrin deyil, Urmiyanın möhtəşəm panoramasının şahidi olduq. Mümkün olan yerə qədər getdik. Ordan o yanda isə...erməni kilsəsi var idi. Biz belə bir kilsəni şəhərin mərkəzində— İmam Xomeyni və Ömər Xəyyam küçələrinin kəsişməsində də görmüşdük. Xatırladım ki, Urmiyanın əhalisinin 90 faizi azərbaycanlılardan, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sirr dağına aparan taksi sürücüsü Rza Şərifi sözün həqiqi mənasında dəyərli həmsöhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran- Azərbaycan dostluğuna əngəl törətmək üçün ortaya atdıqları bütün oyunların mənasını əsl mütəxəssis kimi bilirdi. Bir azərbaycanlı kimi Azərbaycana bağlı olan Rza vətəndaş kimi də İranın mövqeyini üstün tutur , qoruyrdu:” Heç bir xarici qüvvə bizim dostluğumuza xələl gətirə bilməz”-deyirdi.
Şəhərdə köhnə binalar, qədimi tikililər çoxdur. Lap çox. Bizim baş çəkdiyimiz Qədim bazarın tikililərində isə ən azı ötən minilliyin əvvəllərinə aid memarlıq elementləri görünürdü. Hər halda biz oranı bələdçisiz dolaşmışdıq. Dövlət bu şəhərin müasirləşdirilməsi üçün müxtəlif addımlar atır. Məsələn, şəhridar ( səhər rəhbəri) yeni ev tikmək üçün torpaq almaq istəyən istənilən şəxsin qarşısında şərt qoyur: “ Üç mərtəbədən hündür ev tikməyəcəksənsə , sənə torpaq satılmayacaq”. Məhz elə ona görə Urmiyanın ətrafı daha abad, daha müasirdir.
Rzadan daha bir maraqlı fikir eşitdik. Onun maşınında Fərzad Urmiyalı adlı bir müğəninin lent yazısı səsləndirilirdi. Barış Mançonun “ Uzun , incə bir yoldayam” mahnısını oxuyurdu. Mən Fərzadın səsini bəyəndiyimi bildirəndə Rza Sulduzdan olan bir dostunun adını çəkdi (onun özü də sulduzludur) : “ Sulduzda Cövlət Qasımi adlı bir müğənni var. Səsi və ifası çox məlahətlidir . Əgər o, vaxtında Bakıya gedə bilsəydi, indi dünya şöhrətli bir müğənni olardı”. Yəni, bu adamlar Bakıya əstağfürullah—qiblə kimi baxırlar. Bu dostumuz—cəmi bir saatda az qala dost olmuşduq—Urmiyanın, Sulduzun və ümumiyyətlə, İranın həyatından elə bir təəssübkeşliklə söhbət açdı ki, adam onun maraq dairəsinə heyran qalırdı . Məsələn, Urmiya İranda üzüm istehsalına görə birinci yeri tutur. Şəkər çuğunduru istehsalına görə həmin yerdə Sulduz dayanır. Yaxud, Urmiya təkcə İranda deyil, bütövlükdə Orta Asiyada ən çox şaftalı istehsal edən bölgədir və sairə.
...və nəhayət,Urmiya şəhərindən ayrılıb Urmiya gölünə gəlirik.Təxminən 6 min kvadratkilometr sahəsi olan bu göl Şərqi Azərbaycanla Qərbi Azərbaycanın arasındadır. Göldə yüzdən çox ada var. Şimaldan cənuba uzunluğu 140 kilometr, şərqdən qərbə eni isə 55 kilometrdir. Ən dərin nöqtəsi 16 metr olub. Adalardan birində Hülaku xanın ( Çingiz xanın nəvəsidir) məzarı var. 1975-ci ildə Milli Park elan edilən bu gölə Nazlıçay, Acıçay, Sofuçay, Cığatayçay və Tətovuçay kimi kifayət qədər sulu olan çaylar tökülür. Ancaq Urmiya gündən- günə quruyur. Göl Milli Park elan olunanda adalardakı dağlarda 27 növ məməli, 41 növ sürünən, 212 növ quş yaşayırdı.İndi isə iranlı alimlərin çəkdiyi şəkillərdə quşların dimdiyində duz sırğalandığı görünür. Hər litr suda 280-300 qram duz var. Gölün hər sahili 4-5 kilometr enində duz çölünə çevrilib. İndi YUNESKO bu gölü məhv olmaq üzrə olan biosfer nümunəsi kimi qeydə alıb və həyəcan siqnalı çalınır.Biz təxminən 10-12 il əvvəl AzərTacda çalışan həmkarımız Sabir Yusifovla birlikdə Urmiya gölündə ikinəfərlik qayıqda az da olsa üzmüş , istirahət etmişdik. İndi isə həmin sahillərdə nəinki ikinəfərlik qayıq, hətta, 200-300 nəfərlik gəmilər də duz səhrasında birdəfəlik batıb qalıblar. İran dövləti gölün qurumasının qarşısını almaqda acizdir.Əsas səbəb kimi qlobal istiləşmə və on illər boyu davam edən quraqlıqlar göstərilir.
Yol yoldaşlarımızın hərəsi Urmiya gölünün quruması barədə bir fikir söylədi. Mən isə gölün üstündən keçib şəhərə gedəndə söylədiyim varsağını təkzib edirmiş kimi daha bir varsağı oxudum. Gedəndə demişdim:
Qurum az,
Tüstü çoxdur, qurum az.
Mən ki, belə ağladım,
Bu göl daha qurumaz.
Qayıdanda — gölün duz səhrasına çevrilmiş hissəsində ilişib qalmış nəhəng gəmiləri , sahil boyu qolu-qıçı qırılıb tökülməkdə olan qurumuş minlərlə ağacı, və tamamilə heç bir quşun və ya başqa canlının qanad çalmadığı səmanı görəndə isə Urmiyanın quruyacağına mən də inandım:
Ya quru,
Ya buxarlan, ya quru.
Anan yox ki, ağlasın,
Quru , Urmiya, quru.
Rafiq Şirvani ayaqlarını dizə qədər soyunaraq qum üstündə gəzişirmiş kimi duz üstündə dolaşmağa başladı. Dediyinə görə xəritədən silinməkdə olan göllə məhz bu şəkildə vidalaşmağı əhd edibmiş. Şahin Fazil yediyi almanın kəsilmiş tərəfini milyonlarla ton tutumu olan “duz qabına” uzatdı. Seyid Musarza Heydərov xəbərdarlıq etdi: “Bu fəlakətin fəsadları mütləq hayandasa , başqa yerdə özünü göstərəcək. Allah bizi o fəsadlardan qorusun”. Kərəm Kürqıraqlı mənə üzünü tutdu: “ Qağa çək, mənim ömrümdə bundan dəyərli şəklim olmayacaq”. Hacı Yusif isə öz hayında idi: “Mən dərdimə dərman üçün duz axtarırdım. Bu qədər dərman olmaz!”. Mənim dərdim isə tamamilə başqa idi:
Haram var,
Halaldan çox haram var.
Dərbənd, Şuşa, Urmiya,
Bəs, yarasız haram var?
Kimsə soruşdu: —İttifaqı Şahin Fazilin kitabları varsağı şairi elədi, yoxsa Urmiya?
Heç kəs dinmədi.Mən orda cavab verməsəm də, yaxşı bilirdim ki, Şahin Fazilin kitablarını əvvəllər də oxumuşdum . Urmiyanın əldən getməsini isə indi görüb ağlayırdım... Anan yox ki, ağlasın...
Qrupumuzun ən gənc nümayəndəsi olan Rüstəm Tofiqin Urmiyada bizə verdiyi sualı mən də hörmətli oxuculara ünvanlayıram: Görəsən, biz Urmiyanın qurumasının qarşısını almaq üçün İrana hansı köməyi göstərə bilərik?
İttifaq MİRZƏBƏYLİ
əməkdar jurnalist
Bakı- Təbriz- Urmiya, 22-25
sentyabr 2012-ci il.
10.10.2012
çap et