525.Az

Opera sənətimizin “Leyli və Məcnun” təntənəsi...


 

Opera sənətimizin “Leyli və Məcnun” təntənəsi...<b style="color:red"></b>

Payızı çox sevirəm... Hüznünə, yağışlarına, rənglərinə, gətirdiyi ovqata görə! Bir də teatra görə! Bitmək bilməyən yay tətilindən, passiv və yorucu istirahətdən sonra, payızda, mövsüm açılır-açılmaz gündə bir tamaşaya baxıb düşünmək zövq  deyilmi?! Əlbəttə, o zövqün də, düşüncənin də yönü teatr rejissorlarımızdan, dramaturqlardan, aktyorlardan çox asılıdı. Daha doğrusu,  onların işinin keyfiyyətindən! Düzü, son dövr Azərbaycan teatr repertuarlarını izləyən biri kimi deyə bilərəm ki, tamaşaların səviyyə nisbəti əlli əlliyədi. Hər il əcnəbi və yerli dramaturqlara müraciət olunsa da, yeni pyeslərə quruluş verilsə də, “amma”larsız, “heyif”lərsiz keçinmək mümkünsüzdü hələ ki... Bəzən çox uğurlu aktyor oyununu dramaturqun publisistik dili, gözəl pyesi rejissorun əndrəbadi yanaşması heç edir. Hələ xarici müəlliflərin əsərlərinin bərbad tərcümələrindən, artist nəfəsi kəsən, dili bilinməyən cümlələrdən danışmıram. Yəqin elə bu  səbəbdən, nədisə son zamanlarda tamaşalara güzəştlə baxmalı oluram. Teatrsız payız darıxdırıcıdı, ona görə qüsurları görəndə üzümü yan tutmağa, diqqəti yaxşı nələrəsə yönəltməyə çalışıram. Amma insafən uğurlu, sevindirici hadisələr də az deyil, əvvəlki illərlə müqayisəyə gəlməz bir inkişaf var, sadəcə səbrli olub  gözləmək lazımdı.

...Elə həmin sevindirici teatr hadisələrindən biri də Akademik Opera və Balet Teatrı səhnəsində sentyabrın 29-da vaqe oldu. Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasının daha bir təntənəsi baş tutdu. Xalq artistlərimiz Mənsum İbrahimov və Nəzakət Teymurovanın adlarını afişdə görəndə düşündüm ki, tamaşaya mütləq baxmaq lazımdı. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi klassik əsərdən yeni nə isə istəmir, Füzuli sözünün, Üzeyir bəy musiqisinin növbəti dəfə, layiqli səhnə həllini gözləyirdim.

Dirijor Səbinə Hacıyeva əllərini havada bircə dəfə yellədən kimi Üzeyir bəy ruhu, musiqisi salonu aldı və elə həmin andan yaranan aura sona kimi dəyişilmədi. Heç zaman yormayan, doyulmaz musiqi həm düşündürür, həm də qürrələndirirdi. Müsəlman Şərqində ilk opera bizimdi... Bununla yüz ildən çoxdu fəxr edirik. Hər dəfə bu operanı dinlədikcə kədər, sevinc, təəssüf, heyranlıq hamısı qarışır bir-birinə. Üzeyir bəyin böyüklüyünə, sənətkar kimi cəsarətinə heyrət etməyə bilmirsən. Hələ, XX əsrin əvvəlində 22 yaşlı gənc Üzeyir Füzulinin “Leyli və Məcnun”  poeması əsasında liberetto yazır. Daha sonra muğam ilə Avropa operasının vəhdətindən yaranmış yeni opera janrının — muğam operasının ilk nümunəsini yaradır. Ənənəvi opera formalarını — ariya, ariozo, reçitativ, vokal ansambllarını muğamlarla əvəz edir. Füzuli mətni ilə eksperiment, poemasıyla  işləmək cəsarətin, özünəinamın nümunəsi idisə, opera kimi qəliz bir janrda ilk əsəri yazmaqdan çəkinməmək dahiliyin göstəricisiydi. Lakin bəstəkar özü əsl sənətkar təvazökarlığı ilə “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər” məqaləsində bu hadisəni belə şərh edirdi: “Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi”.

Adətən klassik sevgi əsərləri sadəliyi ilə insanı təsirləndirir, amma çağdaş dövrdən baxanda, bu günün kriteriləri ilə yanaşanda nələrinsə çox adi, hətta bəlkə dayaz, primitiv olduğunu başa düşürsən. Lakin istər Üzeyir bəyin, istərsə də Füzulinin böyüklüyü ondadı ki, onların qələminin məhsulu həmişə aktualdı, hər zaman müasirdi.

Üzeyir bəy poemanın əsas ideya-məzmununu, şeirləri olduğu kimi saxlayaraq orta əsr Şərq aləminin ziddiyyətli mühitini daha qabarıq verməyə müvəffəq olub.  Lakin sənətkar keçmişin obrazları vasitəsilə yaşadığı dövrün qaydalarını, mühitin qəlizliklərini də ifadə edib. Amma yalnız o dövrünmü? Məgər indi “Ah, görün bu azğınlar dərsdən qaçıb nə edirlər?!”, “...qoyma məktəbə getsin”, “Qızını Məcnuna vermə...” (bunlar operadakı xor partiyalarıdır) deyən mühit, sevgidən “yayındırmaq”dan ötrü  “Qızsan, ucuz olma, qədrini bil...” məsləhətləriylə övlad  tərbiyə edən analar yoxdurmu? Var və bəlkə də daha çoxdu! Bu mənada hələ yüz illər bu operanın təkcə klassika kimi deyil, həm də aktual əsər olaraq seviləcəyinə şübhə yoxdu.

Bu əsərin daha bir özəl cəhəti yazıldığı dövrdən hərtərəfli uğur qazanmasıdır. 1908-ci ildə Tağıyev teatrında Ə.Haqverdiyevin dirijorluğu ilə H.Ərəblinskinin quruluş verdiyi tamaşa Azərbaycan və dünya səhnələrindən düşmədi. Bundan əlavə “Leyli və Məcnun” operası elmin, musiqişünaslığın, üzeyirşünaslığın da diqqətini cəlb etdi, tədqiqat mövzusuna çevrildi. 1983-cü ildə musiqişünas alim Zemfira Səfərovanın ön sözü və şərhləri ilə operanın partiturası çap edildi. Bu gün də musiqisevərlər üçün “Leyli və Məcnun” nə qədər maraqlıdırsa, tədqiqatçılar üçün o qədər aktualdı.

Lakin bütün bu sadalanan üstünlüklər sığortadırmı? Çox dəyərli bir əsərin, şedevrin müasir quruluşda “korlanması” azmı olub?! Bu mənada 29 sentyabrda Üzeyir bəyin musiqi, Füzulinin söz qonaqlığına yığışanların bəxti xeyli gətirmişdi. Çünki Mənsum İbrahimovla Nəzakət Teymurovanın ifası, oyunu tamaşaya yeni nəfəs, gözəllik bəxş etmişdi.

Doğrusu, bəzən opera artistlərinin yaxşı səs, amma zəif aktyorluqları da müşahidə olunur. Əsasən musiqinin, səsin üzərində qurulan tamaşalarda bu kimi “xırda” qüsurlara bəzən heç fikir də verilmir. Bu tamaşada isə, görünür, həm rejissorun, həm də aktyorların zəhmətinin göstəricisi idi ki, baş rolların ifaçılarının səsi ilə oyunu eyni səviyyədə gözəl və mükəmməldi. Hər zaman fərqli layihələri, qeyri-adi ifası ilə seçilən Nəzakət xanım zirvədəydi... Eşqin, musiqinin, sənətin zirvəsində. Elə təkcə anasının məsləhətlərini dinləyərkən, ayağına düşüb yalvararkən aldığı görkəm, düşdüyü hal bir çox “mən-mən” deyənlərimizə nümunə ola bilər. Leylinin ölüm səhnəsində “Ölürəm” deyə oxuyarkən yanğısı, ağrısı və bunu özünəməxsus ifadəsini göz yaşlarsız izləmək mümkün deyil.

Hələ bir neçə ay öncə televiziya verilişlərindən birində Nəzakət xanımın söz xəsisliyinə təəccüblənmişdim. Aparıcının suallarını qısa cavablandırır, tez ifaya  keçirdi. Onun Leylisinə baxdıqca bunun səbəbini anlayırdım. Ondan ötrü söz də, ədəbiyyat da, sənət də, hamısı musiqidən, muğamdan ibarətdi. Bütün ruhunu, hissini, enerjisini ora yönəldib.

Az qala iyirmi ildir ki, həm Azərbaycanın, həm də dünyanın müxtəlif opera səhnələrində Məcnunu oynayan (oxuyan!) Mənsum İbrahimov bu dəfə də öz tərəf-müqabili ilə ideal bir harmoniya yaratmışdı. Səsinin gücünə, eyni zamanda həzinliyinə, həlimliyinə söz olmayan, yaşı əllini ötmüş aktyorun “Ata, ana, eşqin havası məni Məcnun edəcəkdir...” oxuyanda yeniyetmə görünüşü, ovqatı insanı heyran qoyur. Tamaşa boyu bu cür ürək əsdirən, ruh çırpındıran anlar çox idi, lap çox, lakin ən heyrətləndirən məqam Mənsum İbrahimovun səsini yalnız içindən, qəlbindən keçirərək oxumasıydı. O, iki saatda bir an belə Mənsum olmadı, ancaq  Məcnun oldu!

Bu günə kimi Məcnun rolunu Qulu Əsgərov, Arif Babayev, Əlövsət Sadıxov, Əbülfət Əliyev, Canəli Əkbərov, Baba Mirzəyev, Alim Qasımov, Leylini isə Həqiqət Rzayeva, Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova və başqaları ifa ediblər. Belə böyük, öz möhürü olan sənətkarlardan sonra bu rolu oynamaq, əlbəttə ki məsuliyyətdi. İndiki dövrdə istər ölkəmizdə, istərsə də  xaricdə bu operaya müasir, bəzən eksperimental quruluşlar verilir. Məncə, çağdaş zamanda Nəzakət Teymurova ilə Mənsum İbrahimovun “Leyli və Məcnun”u bu əsərin ən uğurlularından biri, bəlkə də birincisidi.

Tamaşaya aid əsas üstünlükləri vurğulamaqla yanaşı, eyni zamanda üzümü yan tutub baxmadığım, bəzi məqamda “yəqin belə olmalıdı” deyib özümü aldatdığım məsələləri də sadalamaq istərdim. Məncə, son zamanlarda Azərbaycan teatrında bir ciddi çatışmazlıq var. O da ikinci dərəcəli rolları ifa edən aktyorların öz üzərlərində işləməmələri, bilmirəm, bəlkə tənbəllikləri, həvəssizlikləridi. Əlbəttə, bu fikir hamıya aid deyil. Lakin bir neçə tamaşada müşahidə etdiyim bu qüsuru, təəssüf ki, “Leyli və Məcnun”da da gördüm. Bunun nədən irəli gəldiyini ayırd etmək çətindi və axır vaxtların “qüsurgəzənlər”i tək həmin məsələni şişirdib faciəyə çevirmək, yaxud millətin psixologiyasını, xarakterini araşdırmaq fikrim yoxdu. Sadəcə, deməyim odur ki, tamaşada bəzi yerlərdə baş rolun ifaçısı ilə digər epizodik rolu oynayan aktyorun yanaşmasında fərq hiss olunurdu, bu da auranı müəyyən mənada dağıdırdı.

...Lakin çox səmimi etiraf eləməliyəm ki, tamaşaçı səhvləriylə müqayisədə bunlar bağışlanılandı. Doğrusu, son vaxtlarda özü, sanbalı, səviyyəsi şübhə altında olanların əsl sənət tələbləri insanı bezdirir.

Hələ uşaqlıqdan zövqünü, ağlını etalon saydığım bir nəfərin heç vaxt operaya getmədiyini eşidəndə xeyli təəccüblənmişdim. Səbəbi soruşanda cavabından yüz qat artıq təəccüblənmişdim. “Məndə xroniki bronxit var, tez-tez öskürürəm” – demişdi. Uşaq ağlımla təhlil edib heç nə anlamamışdım onda. Öskürəndə nə olar ki...buna görə operaya getməməlisən? Bu qədər il keçəndən sonra “Leyli və Məcnun”a baxanda həmin dialoq yadıma düşdü, səbəbi başa düşdüm. Doğrudan da tamaşanın ortasında adi bir səs, pıçıltı, xışıltı belə əsəblərə toxunurdu. Və o məqamda düşündüm ki, sənətə sevgi, ehtiram təkcə teatra getmək yox, həm də getməməkdi. Özünü, pıçıltını, öskürəyini, qırmaq istədiyin qeybəti, yadına düşən lətifəni, dünənki serialı müzakirə ehtirasını, telefonunun səsini idarə edə bilmirsənsə, getmə teatra! Və Sən! Bunların hamısını doğrudan da bacarmırsansa, səhnədəkilərdən əsl sənət tələb eləmək haqqın varmı, layiqsənmi buna?

... Amma Mənsum İbrahimov və Nəzakət Teymurova baxmadılar bunların heç birinə, onlar bizim qüsurlarımıza fikir vermədilər, səhnədə əsl sənət nümayiş etdirdilər. O gün! Sentyabrın 29-u!

 





02.10.2013    çap et  çap et