525.Az

"Azərbaycan Avropa məkanında"


 

"Azərbaycan Avropa məkanında"<b style="color:red"></b>

PA-nın sektor müdiri: "Ermənistanda nasizm qəhrəmanlaşdırılır"

Milli Məclisdə (MM) “Azərbaycan Avropa məkanında”  adlı beynəlxalq  konfrans keçirilib. Konfransda millət vəkilləri ilə yanaşı, bir sıra ölkələrin parlamentariləri, tanınmış siyasi, iqtisadi ekspertləri iştirak ediblər. Konfransda əsasən Avropa Parlamentindən (AP) olan deputatlar çoxluq təşkil edilər.

Səməd Seyidov: "Dünya olduqca təlatümlü bir dövr yaşayır…"

Konfransı açan MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki,  keçiriləcək  müzakirələr  zəruri, vacib müzakirələrdir: “Müzakirələr nəticəsində yaxşı başa düşəcəyik ki, hardayıq, nə etməliyik, bizi hansı təhdidlər gözləyir.  Çünki bu gün dünya olduqca təlatümlü bir dövr yaşayır. Odur ki, bu təlatümü azaltmaq üçün biz qarşılıqlı anlaşmanı, əməkdaşlığı təşviq etməliyik. Bizim qarşımızda ciddi problemlər, çağırışlar durur. Azərbaycanın da bu məsələ üçün müzakirə məkanı seçilməsi təsadüfi deyil. Çünki bu ölkə iki qitənin, iki sivilizasiyanın  kəsişməsində yerləşir. Bu ölkə həm Şərq, həm Qərb mədəniyyətinin daşıyıcısıdır”.

PA rəsmisi: "Ermənistan bu regionda nasist siyasət aparan yeganə monoetnik dövlətdir"

"Ermənistanda nasist siyasət aparılır". Bunu Prezident Administrasiyasının (PA) xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov  çıxışı zamanı deyib. Onun sözlərinə görə, 1988-ci ildə Ermənistanda etnik azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar: “Bu gün Ermənistanda bir dənə olsun belə azərbaycanlı yoxdur. Bu ölkə bu regionda yeganə monoetnik dövlətdir, yəni, ermənilərdən savayı başqa xalqların və millətlərin nümayəndələri orada yaşamır. Amma Azərbaycan çoxsaylı xalqların və millətlərin yaşadığı  polietnik bir dövlətdir. Burada bütün xalqların, millətlərin  birgəyaşayışı mövcuddur. Həmçinin, region ölkələrindən Rusiya, İran, Gürcüstan, Türkiyə hamısı çoxmillətli, polietnik ölkələrdir. Ancaq bu regionda nasizm siyasəti, etnki təmizləmə siyasəti həyata keçirən yeganə monoetnik dövlət Ermənistandır. Hətta, bir neçə il öncə xaricdə keçirilən bir tədbirdə sual verildi ki, Ermənistanda nə qədər azərbaycanlı yaşayır, cavab verdik ki, heç kim. Dedilər ki, necə, yəni heç kim? Biz bir daha dedi ki, 1988-ci ildən Ermənistanda bir nəfər olsun azərbaycanlı yaşamır. Bu ölkə nasist siyasət yeridir…”. F. Axundov  öz növbəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu xatırladıb: “Ermənistanın ərazisi əvvəllər Azərbaycan torpağı olub, 2 əsr əvvəl ermənilər Çar Rusiyası tərəfindən o ərazilərə yerləşdirilib”. F. Axundov bir əsr əvvəl İrəvanın müsəlman şəhəri olduğunu, Bakıya bənzədiyini bildirib:  “İndi isə İrəvan tamamilə fərqlidir. Hazırda Ermənistan ərazilərimizin 20 faizini işğal edib, orada da etnik təmizləmə aparılıb. Ermənistanda nasizm qəhrəmanlaşdırılır. Ermənistanda nasistlərin heykəlləri daha böyükdür. Mayın 9-da bütün Avropa nasizm üzərində qələbəni bayram edir. Lakin Ermənistanda hələ də nasizm qəhrəmanlaşdırılır”. Sektor müdiri Azərbaycanın Avropa ölkələrində bu mövzu ilə bağlı konfrans keçirməyə hazır olduğunu vurğulayıb.

Sergey Markov: "Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayır"

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov çıxışında öncə deyib ki, Azərbaycan xristian və müsəlman dünyasının, Avropa və Asiyanın qovşağında yerləşir.  O, nəzərə çatdırıb ki, Azərbaycanda müntəzəm beynəlxalq tədbirlər keçirilir: “Bu baxımdan, Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayır”. S.Markov Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi kimi bir problemin də mövcud olduğunu qeyd edib:  “Cəmiyyətlər öz kimliklərinə getdikcə daha çox diqqət yetirir”.

“Avropa Məhkəməsi bu yaxınlarda “Çıraqov işi” ilə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, Ermənistan Dağlıq Qarabağ üzərində nəzarətə malikdir”. Bunu da yenidən çıxış edən  S. Seyidov bildirib. S.Seyidov deyib ki, BMT və digər beynəlxalq təşkilatların qərarlarında Azərbaycan torpaqlarının işğalı faktı əksini tapır:  “Bu gün dünyada real və beynəlxalq KİV-lərin təqdim etdiyi Azərbaycan var. Real Azərbaycan sabit, inkişaf edən, beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycandır. Həmin KİV-lərin təqdim etdiyi Azərbaycanda isə guya bunların əksi var, insanların hüquqları pozulur. Strasburqun mərkəzində sinaqoq var, ancaq o sinaqoq təhlükə səbəbindən açılmır. Bu gün Azərbaycanda, Bakıda sinaqoq açıqdır, Avropadan fərqli olaraq, heç kim düşünmür ki, oturub orada bir yerdə çay içmək təhlükəlidir. Bakının mərkəzində erməni kilsəsi də var. Lakin Azərbaycanın işğal olunmuş ərazilərində bir məscid də qalmayıb”. S.Seyidov Azərbaycan parlamentində rus və yəhudi azlıqların nümayəndələrinin təmsil olunduğunu da xatırladıb: “Azərbaycan islam və demokratiyanın bir arada olması barədə Avropanın tapmadığı sualların cavabını tapıb. Azərbaycanda başı örtülü qadınların sayı Rusiyada başı örtülü qadınların sayından azdır”.

Kamil HƏMZƏOĞLU

 





29.05.2019    çap et  çap et