525.Az

“ABŞ Azərbaycanın regionda rolu və həyata keçirdiyi layihələri yüksək qiymətləndirir”


 

“ABŞ Azərbaycanın regionda rolu və həyata keçirdiyi layihələri yüksək qiymətləndirir” <b style="color:red"></b>

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə Prezident İlham Əliyevə dünyanın bir çox ölkə və beynəlxalq təşkilatlarının rəhbərləri, o cümlədən, ABŞ Prezidenti Donald Tramp tərəfindən təbrik məktubu ünvanlanıb”.

Bunu ONA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.

O bildirib ki, D.Tramp tərəfindən belə bir təbrik məktubun ünvanlanması məmnunluq yaradır: “Çünki həmin məktubda ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu, Amerikanın Azərbaycana yüksək önəm verdiyi aydın görünür. Həmçinin, həmin məktubla ABŞ Prezidenti Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir. Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir”.

M.İbrahimqızı deyib ki, Prezident İlham Əliyevin apardığı uzagörən siyasət nəticəsində Azərbaycan təhlükəsizlik adasına çevrilib: “Məhz bunun sayəsində Azərbaycanda çox böyük iqtisadi, siyasi, humanitar layihələr həyata keçirilir, ölkəmiz bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bu gün Azərbaycan terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyi təhdid edən hallara qarşı fəal mübarizənin önündə gedən ölkələrdən biridir. Hesab edirəm ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə ünvanlandığı bu təbrik məktubu Amerikanın ölkəmizə diqqət və qayğısının nəticəsidir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP-çı deputat Tahir Mirkişili isə ONA-ya açıqlamasında bildirib ki,: ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubun tam mətnindən bir daha aydın olur ki, regionda (Şərqi Aralıq dənizi, Cənubi Qafqaz, Orta Asiya) iqtisadi inkişaf və sabitlik Azərbaycanın uğurlarından və səylərindən asılıdır: “Bu, həm də Azərbaycanın regional məsuliyyətinin yaranması deməkdir. 101 illik müstəqilliyini dünən qeyd edən Azərbaycan bu gün həm özünü, həm də regionu idarə edən bir xalqa, dövlətə və qüvvəyə çevrilib. Bu çətin, amma şərəfi missiyanı yerinə yetirmək üçün biz indi daha ehtiyatlı və sayıq olmalı, insan kapitalını inkişaf etdirməli və dövlətiçilik prinsiplərini daha çox dəstəkləməliyik”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, YAP-çı deputat Dilarə Cəbrayılova ONA-ya bildirib ki, hazırda Azərbaycan-ABŞ münasibətləri yüksələn xətt üzrə inkişaf edir: “Donald Tramp Prezident İlham Əliyevə son bir neçə gün ərzində ünvanladığı məktublarda Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirib. Eyni zamanda D.Tramp Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayıb”.

D.Cəbrayılova qeyd edib ki, məktubda Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri ilə tərəfdaşlıq quraraq Azərbaycanın daha böyük liderlik rolu oynaya biləcəyi qeyd olunur: "Bu, ölkəmizin həm də tranzit ölkə kimi böyük potensialının ABŞ-ın diqqətində olduğunun sübutudur. Məktublarda ABŞ-ın iqtisadi islahatlara verdiyi dəstək qeyd olunmaqla yanaşı, həyata keçirilən islahatlar, xarici sərmayələrin təşviqi sayəsində ölkəmizin liderlik potensialının güclənməsinin bütün regionda sülhə, sabitliyə əsas olacağı da xüsusi vurğulanır. Hesab edirəm ki, D.Trampın Prezident İlham Əliyevə ünvanlandığı məktublar Amerikanın ölkəmizə diqqət və qayğısının bariz nümunəsidir”.

Milli Məclisin Aqrar siyasət komitəsinin və YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov ONA-ya deyib ki, Azərbaycan regionda sülhün bərpa olunması ilə bağlı bir çox addımlar atır: “ Eyni zamanda, terrorizmlə mübarizədə ölkəmizin barışmaz mövqeyi var. Bu gün Azərbaycan sülhməramlıları beynəlxalq koalisiyanın tərkibində dünyanın müxtəlif qaynar nöqtələrində sülh və sabitliyin bərqərar olmasında fəal iştirak edirlər. Bu gün ölkəmiz beynəlxalq hüququn prinsiplərinə çox hörmətlə yanaşır və riayət edir. Hesab edirəm ki, bütün bunların hamısı beynəlxalq ictimaiyyətin, eləcə də ABŞ-ın diqqət mərkəzində olmaya bilməz. Bütün bunlar ölkəmizin siyasi nüfuzunu artıran amillərdir".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov ONA-ya bildirib ki, ABŞ Prezidentinin mayın 24-də və 29-da Prezident İlham Əliyevə ünvanladığı məktublar ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə yüksək inkişaf səviyyəsinə çatdığını göstərir: “Xüsusilə də D.Tramp 28 may - Respublika günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı məktubda ABŞ-Azərbaycan əlaqələrinin bir çox ortaq maraqlar üzərində qurulduğunu qeyd edir və bu əlaqələri güclü tərəfdaşlıq kimi səciyyələndirir. Burada heç şübhəsiz ki, söhbət siyasi, iqtisadi, təhlükəsizlik maraqlarından gedir". 

E.Nəsirov qeyd edib ki, hazırda Azərbaycan dünyanın müxtəlif qaynar nöqtələrində ABŞ-la yanaşı qlobal təhlükəsizliyə çox ciddi töhfələr verir: “Azərbaycan sülhməramlıları beynəlxalq koalisiyanın tərkibində dünyanın müxtəlif qaynar nöqtələrində sülhün bərqərar olmasında fəal iştirak edirlər. Bütün bunlar bir daha təsdiqləyir  ki, dünyanın lider dövləti olan ABŞ rəhbərliyi Azərbaycanın beynəlxalq hüquqa və təhlükəsizliyə verdiyi töhfələri çox diqqətlə izləyir və dəyər verir”.

Deputat bildirib ki, D.Tramp tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan məktublarda diqqət çəkən məqam "Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb” sözlərinin olmasıdır: “Bu fikirlər ölkə başçısı İlham Əliyevin “Azərbaycan dövləti öz tarixində heç zaman indiki qədər güclü olmayıb” fikri ilə həmahəng səslənir. Hesab edirəm ki, D.Trampın ölkə başçısına ünvanladığı hər iki təbrik məktubu onu göstərir ki, ABŞ Azərbaycanın regionda rolunu, yerini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirir”.

 





29.05.2019    çap et  çap et