525.Az

Radikalların Cümhuriyyət oyununun iflası


 

Radikalların Cümhuriyyət oyununun iflası<b style="color:red"></b>

Məlum olduğu kimi, mayın 28-də Müsavat partiyası və “Milli Şura” - AXCP cütlüyü ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər.

Hər iki tərəf aksiyalarla bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndiriblər, eyni zamanda da təxribat xarakterli açıqlamalar veriblər. Guya ki, onların aksiyasına hansısa maneələr yaradılacaq, sosial şəbəkələrdə adlarından paylaşımlar edilir və s. Bununla isə Avroliqanın Bakıda keçirilən final oyunu ərəfəsində diqqət mərkəzində olmağa, bütün xalqımız üçün əziz və son dərəcədə qiymətli olan Cümhuriyyət günündən də öz məqsədləri üçün istifadə etməyə cəhd göstərdilər. Radikalların bu gedişi artıq hər kəsə çox yaxşı məlum olduğu üçün onların bu hay-küyü də həmişəki kimi heç bir dəstək almadı. Necə deyərlər, pis niyyətləri, qaraguruhçu çağırışları bu dəfə də özlərinə qaldı.

Amma burda başqa bir maraqlı məqam da var. Abşeron Rayon Polis İdarəsindən mətbuata verilən məlumata görə, Müsavat partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. “Milli Şura”nın keçirdiyi aksiyada isə “Milli Şura” koordinasiya şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.

Beləliklə, əminliklə belə nəticəyə gəlmək olar ki, 28 May Respublika Günündə, növbəti dəfə ənənəvi müxalifət düşərgəsi bir yerdə olmağı bacarmayıb, bu fakt isə düşərgənin parçalanmasının daha bir sübutu oldu. Xüsusilə, düşmən münasibətində olan müxalifət patiyaları və qurumları olan AXCP - “Milli Şura” cütlüyü və Müsavat və həmin partiyaların diktəsi ilə idarə olunan digər qurumlar Respublika Gününü bir yerdə, barış və əməkdaşlıq şəraitində deyil, ayrı-ayrılıqda keçirməyi üstün tuturlar. Həmçinin, daha əvvəllər də müşahidə etdiyimiz kimi, hansı partiyanın ilk olaraq Novxanıda tədbir keçirməsi üstündə kəskin münaqişələr yaşanır

O da sirr deyil ki, bu təşkilatlar Novxanıda ADR-in qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə aksiyalarını qeyd etmək üstündə ənənəvi savaşa qalxırlar. Onlar kim birinci aksiya keçirəcək, kim birinci əklil qoyacaq və s. üstündə dava aparırlar. Daha dəqiq desək, hansı partiyanın ilk olaraq Novxanıda tədbir keçirməsi üstündə kəskin münaqişə başlayır. Düzdür, 2013-cü il prezident seçkiləri öncəsi "Milli Şura" adlı qondarma qurumda "əməkdaşlıq” edən AXCP - Müsavat yalnız həmin ildə aksiyalarını birgə keçirmişdilər ki, hazırda məlum səbəblər üzündən "Milli Şura"dan çıxan Müsavat yenidən öz köhnə ənənəsinə sadiq qalaraq, yəni ayrılıqda Rəsulzadənin abidəsini ziyarət etməyə başlayıb. Görünən isə budur ki, uzağı bir il bir yerdə olan müxalifət partiyaları bundan o yana birgə yol qət etmək gücündə və istəyində olmadıqlarını sözügedən qarşılıqlı qisasçı, düşmənçilik addımları ilə sübuta yetirirlər. Xüsusilə, bir-birlərini ittiham edərkən, mətbuata bol-bol açıqlamalar verən müxalifət funksionerləri hakimiyyətlə yanaşı, özlərinə qarşı da radikallıq nümayiş etdirirlər. Baxmayaraq ki, onlar düşərgədə təmsil olunan qarşı tərəflərə müxtəlif məsələlərə fikir bildirdikləri zaman "dostlarımız" deyə müraciət etsələr də, həmin kəlmənin, sadəcə söz demək xətrinə deyildiyi aşkar görünür. Ortada heç bir dostluq münasibətləri yoxdur və əgər olsaydı, onlar ən azından, Respublika Günündə bir araya gəlməyi bacararaq, dediklərini sübuta yetirmiş olardılar. Ancaq göründüyü kimi, bu, baş vermir. Əksinə, düşmənçilik mövqeyi, intriqalar daha da güclənir.

Belə olan halda həmin şəxslərin hakimiyyət iddiası, demokratiyadan dəm vurmaları, hakimiyyəti tənqid etmələri cəmiyyət tərəfindən nəinki dəstəklənir, hətta onlara qarşı istehza münasibəti daşıyır. Öz aralarında münasibətləri aydınlaşdıra bilməyib, ortaq məxrəc tapmayan bu insanlar əlbəttə ki, xalqa da heç nə verə bilməzlər. Bundan sonra da bu qüvvələrin yeni ittihamlarının, qarşıdurmalarının və savaşlarının şahidləri olacağımız şübhəsizdir. 28 May Respublika Gününü isə özlərinin dəfn günü kimi qeyd etmələri daha məntiqəuyğun olardı.

Mövzu ilə bağlı danışan millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycanda sağlam müxalifət yoxdur. Onun sözlərinə görə, bunlar necə ildir ki, yerlərində sayırlar: “Hərdən də, sosial şəbəkələ də, xarici sifarişlərə əsaslanmaqla dövlət və dövlətçilik əleyhinə şər və böhtan kampaniyası aparırlar. Müsavat və “Milli Şura” xarici antiazərbaycan dairələrinin tapşırığını yerinə yetirir. Sözsüz ki, qarşılığın da maliyyə vəsaitləri alırlar və onlara da qulluq edirlər. Müxalifətdə olan, ancaq sağlam siyasət yürüdən digər siyasi qurumlar Müsavat və AXCP-nin xarici pozucu qüvvələrlə iş birliyində, olduqlarını görür və bu baxımdan onların qanunsuz aksiyalarına qoşulmurlar. Bu partiyalar iqtidara müxalifətdirlər və yeri gələndə öz sözlərini deyirlər. Düzgün olaraq, bu partiyalar Müsavat və “Milli Şura”nın mart və aprel ayların da keçirdikləri aksiyalara qoşulmadılar. Niyə qoşulmadılar? Çünki bu mitinqlər qanunsuz keçirilib. Mitinq təşkilatçıları burda lazım olmayan şüarlar səsləndirib, dövlətin, dövlət rəhbərlərinin eləcə də, dövləti təmsil edən vəzifəli şəxslərin ünvanına şantaj xarakterli böhtanlar səsləndiriblər ki, bu da qəbul olunmazdır. Çünki insanın şəxsiyyəti, hüquqları var və bunu pozmaq olmaz. Eləcə də dövlətin ünvanına söylənilən bu fikirlər əlbəttə ki, qəbul olunmazdır. Ona görə də, konstruktiv siyasət aparan müxalif partiya sədrləri qanunu dərk edir, müəyyən qaydada bu proseslərdə iştirak etmirlər. Ənənəvi ampluaların da çıxış edən “Milli Şura” və Müsavat rəhbərliyi M.Ə.Rəsulzadənin abidəsi önündə aksiya keçirməyə cəhd etdi. Ora Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Fuad Qəhramanlı bir neçə adamla yığışmışdırlar. Aksiya da özlərini lider sayan insanlar iştirak etmirdilər. Sözsüz ki, bu, müxalifətin özünün bir iflasıdır. Çünki əgər “birləşmiş müxalifət” deyirlərsə, burada kütləvilik olmalı idi, amma olmadı, cəmi 3-5 nəfər iştirak etdi. Yenə də, eyni sözlər, əvvəllər səslənən şüarlar, dövlətin əleyhinə müəyyən xoşagəlməyən ifadələr səsləndirildi. Onsuz da, biz Məhəmməd Əmin Rəsulzadəyə Xalq Cümhuriyyətinin liderlərindən biri kimi həmişə rəğbətimizi bildirmişik. Eləcə də AXC-nin üzvləri olan və hökumət də təmsil olunmuş digər şəxslərə abidələrin qoyulması, adlarının əbədiləşdirilməsi, yubuleylərinin keçirilməsi haqqında tədbirlər görülüb. İndi bunlar Məhəmməd Əmin Rəsulzadəni bir bayraq ediblər, guya Məhəmməd Əmin Rəsulzadəyə qısqanclıq var.

Yəni heç bir reallığı əks etdirməyən cəfəng fikirlər söyləyirlər. Amma birmənalı mövqe ondan ibarətdir ki, AXC qurucularının xatirəsi bizim üçün əzizdir. Hər bir insana göstərdiyi xidmətinin dərəcəsinə görə qiymət verilməlidir və bu qiymət də verilir. Məhəmməd Əmin Rəsulzadə və digər AXC qurucuları ilə alver etmək olmaz. Ancaq müxalifət bu adamlardan siyasi alver vasitəsi kimi istifadə edir. Mayın 28-də “Milli Şura” M.Ə.Rəsulzadənin abidəsi önün də, uğursuz aksiya keçirməklə, bir daha özünü rüsvay etdi. Onların aksiyalarında iştirak edənlərin əksəriyyəti azyaşlılar idi. Bu da, onların tükəndiklərini və ümidlərini balaca uşaqlara bağladıqlarını göstərir. Belə müxalifət məhvə məhkumdur, yəqin ki, bu proqnoz yaxın vaxtlar da reallığa çevriləcək. Məhəmməd Əmin Rəsulzadədən alver vasitəsi kimi istifadə etmək olmaz, siyasi xadimlərlə belə alver etmək olmaz. Demək olar ki, müxalifət bu adamlardan alver vasitəsi kimi istifadə edir”.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov isə deyib ki, ümumiyyətlə, Rəsulzadə “Milli Şura”ya məxsus deyil, nə də onlar tək olaraq davamçılar deyillər. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin varisi bugünkü Azərbaycanımızdır, xalqdır və onun seçdiyi iqtidardır: “Bu gün Azərbaycan dövləti Cümhuriyyətə və onun qurucularına dərin rəğbətlə yanaşır və dövlət səviyyəsində onların hər birinə aid xüsusi günlər yüksək səviyyədə qeyd edilir. Bundan əlavə, cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi "Cümhuriyyət qurucularının etmək istədiyini və arzularını biz həyata keçirdirik". Bugünkü yüksək inkişaf və güclü Azərbaycan buna misaldır. Xalq da bütün bunları bilir və prezidentinin siyasətini qəbul edir və dəstəkləyir. “Milli Şura” isə ucuz şou yaratmaqla məşğuldur. Həm də, çalışırlar ki, daha çox sosial şəbəkələrdə ucuz reklamlar qursunlar. Bütün bunlar onlara ancaq utanc gətirir. 28 may günü Rəsulzadənin heykəlinin ziyarəti zamanı da bir daha sübut olundu ki, bir özləridir, bir də qovluqları. Xalq isə dövlət səviyyəsində təşkil edilmiş müxtəlif tədbirlərdə idi. Xalq Respublika Gününü əyləncə və gəzinti ilə qeyd edirdi. Sosial şəbəkələrdə yerləşdirilən fotolara baxsaq bunu aydın görərik”.

AZAD

 





30.05.2019    çap et  çap et