525.Az

Təhsil Nazirliyi jurnalistlər üçün təlim keçirir


 

MƏQSƏD TƏHSİLDƏN YAZAN JURNALİSTLƏRİ BU SAHƏ İLƏ BAĞLI DAHA DOLĞUN MƏLUMATLANDIRMAQDIR

Təhsil Nazirliyi jurnalistlər üçün təlim keçirir<b style="color:red"></b>

Dünən Bakıda Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.

Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Təlimin ilk günü "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"ndan  gözləntilər, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)", "İstedadlı uşaqlarla iş", "Məktəb tikintisi", "Ümumi təhsil haqqında" Qanuna dəyişikliklər, "Təhsil haqqında" Qanuna dəyişikliklər", "Məktəblinin dostu" - təhlükəsiz məktəb, arxayın valideyn", "Dərsliklərlə təminat - mövcud vəziyyət və əsas hədəflər" və "Ehtiyat dərsliklər" mövzularında təqdimatlar olub.

Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, hər bir sahədə olduğu kimi, təhsil sahəsində də müəyyən problemlər var: "Cəmiyyəti narahat edən məqamlar şagirdlərin və müəllimlərin psixoloji durumu ilə bağlı problemlərdir. Biz bu məsələlərə həssaslıqla yanaşırıq. Nəzərə alsaq ki, ölkədə 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olurlar. Çünki onlarda xarakter 3-5 yaşlarında formalaşır. Ona görə də məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmamışıqsa, gələcək inkişaflarında problem ola bilər".

Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, il ərzində Mətbuat Şurasına 700-ə yaxın şikayət daxil olur. Bu şikayətlərin 30 faizi məktəblər, məktəb direktorları və müəllimlər tərəfindən edilir. Onların şikayətləri "reket nəşrlər"lə bağlı olur". Ə.Amaşovun sözlərinə görə, bir sıra saytlarda məktəblərlə bağlı xoşagəlməz yazılar yayımlanır: "Həmin saytlarda guya Azərbaycanda müəllimlərin savadsız olması, məktəblərdə rüşvətin tüğyan etməsi barədə yazılar yayımlanmaqdadır. Təəssüf ki, bu sayaq saytların sayı çoxdur". Şura sədri qeyd edib ki, məktəbin əsas missiyası təhsil vermək olmalıdır: "Hətta valideynlər öz missiyalarını məktəblərdən gözləyirlər. Tərbiyə ilk növbə ailədə verilməlidir".

Ə. Amaşov onu da vurğulayıb ki, Azərbaycanda jurnalistlərin 60 faizini qadınlar təşkil edir.

Təhsil nazirinin müavini İdris İsayev  qeyd edib ki, vahid məktəbli geyim formalarının təsvirləri müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Yuxarıda qeyd olunan məsələnin "Ümumi təhsil haqqında" Qanunda əksini tapdığını vurğulayan nazir müavini qeyd edib ki, 4-5 vahid məktəbli geyimlərinin formaları Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək və təhsil müəssisələri yalnız bu geyimlərdən istifadə edə biləcəklər: "Qərar qəbul edildikdən sonra heç bir məktəb bu qaydadan kənara çıxmamalıdır".

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"ndan  gözləntilər" mövzusunda təqdimat zamanı deyib ki, ikili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb. Onun sözlərinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına başa gələcək. Şöbə müdiri bildirib ki, xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub.

N.Məmmədli qeyd edib ki, Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib. O əlavə edib ki, "İkili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

Onun dediyinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb: "Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib".

N.Məmmədli vurğulayıb ki, bu il də proqram üzrə təhsil alacaq şəxslərin təhsil haqlarını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirəcək: "Təhsil Nazirliyinin tabeliyində idarəetmə qrupu yaradılacaq".

N.Məmmədli Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib. O deyib ki, Türkiyə tərəfindən hansısa universitetin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb: "Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Azərbaycanın hər bir universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsili keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun da aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək".

Qeyd edək ki, Türkiyədə magistr təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik, Odlar Yurdu, Azərbaycan Texnologiya universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova isə bu il ərzində Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı ən çox müraciət edilən ölkə adlarını açıqlayıb. T.Topalova müraciətlərin daha çox MDB ölkələrindən, əsasən Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və Avropa ölkələrində təhsil almış şəxslərdən daxil olduğunu bildirib. O qeyd edib ki, bu il xaricdə təhsilini bitirən şəxslərin diplomlarının tanınması ilə bağlı İdarəyə 1245 nəfər müraciət edib: "Ötən il diplomların tanınması ilə bağlı 3637 müraciət daxil olub". 

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli vurğulayıb ki, son illərdə xarici aparıcı ali təhsil müəssisələrində təhsil alan gənclərin sayı artmaqdadır. O bildirib ki, xaricdə təhsil sahəsində sui-istifadə halları mövcuddur: "Biz bu sahədə bərabərliyi və ədalətli rəqabəti dəstəkləməliyik. Ölkədən çıxmadan həkimlik dərəcəsi almaq istəyənlər, 4 il təhsil aldığı ölkənin dilini bilməyənlər, sənədləri saxta olan tələbələr var". H.Həsənli bu məsələdə valideynləri və tələbələri diqqətli olmağa çağırıb: "Tələbələr xaricdə təhsil aldıqları ali məktəblərin diplomlarının həmin ölkədə tanınıb-tanınmamasına diqqət yetirməlidirlər".

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayevin sözlərinə əsasən, son illərdə respublika fənn olimpiada qaliblərinin ali məktəblərə qəbul zamanı topladığı bal 640-650,  riyaziyyat fənni üzrə isə hətta 690 olub. O qeyd edib ki, Azərbaycandan fərqli olaraq, Avropada, Şimali və Cənubi Amerikada və digər ölkələrdə humanitar fənlər üzrə olimpiadalar keçirilmir: "Bu, keçmiş Sovet İttifaqından bizə miras qalıb. Adətən olimpiadalar dəqiq fənlər üzrə keçirilir".

Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb. Xatırladaq ki, 30-dək media nümayəndəsinin iştirak etdiyi təlim iki gün davam edəcək.

S.QARAYEVA

 





31.05.2019    çap et  çap et