525.Az

Hökumət üzvləri parlamentdə


 

Hökumət üzvləri parlamentdə<b style="color:red"></b>

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi birinci oxunuşdan keçdi

Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası çərçivəsində mayın 31-də  parlamentin sonuncu plenar iclası keçirilib. İclasda yalnız bir məsələ, 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Spiker Oqtay Əsədov bildirib ki, dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası çox mükəmməl bir rəy hazırlayıb: “Əvvəlcə, komitə sədri Ziyad Səmədzadənin məruzəsini, Hesabalama Palatasının rəyini dinləyək, sonra millət vəkilləri öz fikirlərini bildirsinlər. Sonda da maliyyə naziri Samir  Şərifov başda olmaqla, hökumət nümayəndələri öz fikirlərini söyləsinlər”.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qlobal risqlərə baxmayaraq, Azərbaycanda dinamik, sürətli inkişaf davam etdirilir. Onun sözlərinə görə, iqtisadiyyatdakı bütün göstəricilər inkişafdan xəbər verir. Komitə sədri bildirib ki, xüsusilə, transmilli layihələrin icrasında çox mühüm addımlar atılır: “Azərbaycan transmilli layihələrin icrasında və həyata keçirilməsində dünya miqyasında önəmli yerlərdən biri tutmaqdadır”. Komitə sədri çıxışında həmçinin, hər il bağlanılan, fəaliyyəti dayandırılan müəssisələrə diqqət ayırıb:“Bağlanılan müəssisələrin monitorinqi aparılsın. Hökm deyil ki, bütün bağlanılan müəssisələrin monitorinqi aparılsın, ancaq ən azı iri müəssisələrin bağlanması ilə bağlı monitorinqlər aparılmalı və bunların səbəbləri araşdırılmalıdır, aydınlaşdırılmalıdır. Çalışılmalıdır ki, bağlanılan müəssisələrin sayı minumuma endirilsin. Çünki bunlar iş yerlərinin itirilməsi, insanların durumunun çətinləşməsi deməkdir. Odur ki, hökumət üzvləri, müvafiq qurumlar bu məsələyə ciddi diqqət yetirməlidirlər”. Z. Səmədzadə çıxışı zamanı  borc və borclanma məsələsinə də toxunub: “Biz həm borc alan, həm də artıq borc verən, investisiya qoyan ölkəyə çevrilmişik. Azərbaycan bu gün  o qədər güclü ölkəyə çevrilib, güclü iqtisadiyyata malik olub ki, ölkəmizə rahatlıqla borc vermək istəyənlərin sayı xeyli artıb. Ancaq ölkə prezidenti də tapşırıb ki, xarici borcu ancaq ən vacib layihələr üçün almaq lazımdır. Yəni, biz borc almaqla yanaşı, borc verməklə də məşğul olan bir ölkəyik. Xarici borclanmamız ildən-ilə azalır və yaxın gələcəkdə bu, daha da aşağıya endiriləcək. Ölkəmizin buna potensialı var”. Komitə sədri çıxışında sonra bildirib ki, Vergilər Nazirliyi və Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarına birgə nəzarət həyata keçirir, bu, müsbət nəticələr verəcək.

Millət vəkili Fərəc Quliyev müzakirələr zamanı deyib ki, borclardan sui-istifadə olunur: “Bəzən borclar avantürist layihələrə yönəldilir, sonda da hökumət bunun altını çəkməli olur. Ona görə borc məsələsinə ciddi diqqət yetirilməlidir, burada şəffaflıq təmin edilməlidir. Hər istəyənə borc, dövlət zəmanəti ilə kredit verilməməlidir”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki,  dövlət büdcəsi milli valyutanın sabit dinamikası əsasında icra olunub. Onun sözlərinə görə,  2018-ci ildə əvvəlki iki ildə müşahidə olunan ikirəqəmli infilyasiya birrəqəmli səviyyəyə düşüb: “Münbit makroiqtisadi meyllər dövlət büdcəsinin uğurla icrasına zəmin yaradıb. Ancaq 7 tədiyyə növündə büdcə proqnozu kəsirlə icra olunub. Keçən il Neft Fondunun transferti nəzərə alınmazsa, büdcənin gəlirləri 2017-ci illə müqayisədə 10,9 faiz çox olub. Mənfəət vergilərinin 51 faizinin neft sektoru hesabına toplandığı diqqətdə saxlanılmalıdır. Proqnozlaşdırılan vergi gəlirlərinin isə 11,7 faiz artıq icra olunduğunu qeyd etmək lazımdır”.Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, büdcə xərclərinin faydalılığı ilə bağlı təhlil aparılıb: “2018-ci ildə şərti istehsal xərcləri əvvəlki illə müqayisədə 78 faiz çox olub, büdcədə çəkisi də artıb.  Büdcə xərclərinin strukturunda əsaslı xərc qoyuluşunda da artım müşahidə olunub. Dövlət İnvestisiya Proqramının icrası məqsədilə  7 milyard manatdan çox əsaslı vəsait qoyuluşu qeyri-neft sektorunun inkişafına yönəlib. 2018-ci ilin sonunda büdcə kəsrinin məbləği proqnozlaşdırılan məbləğdən 4,3 dəfə az olub. Nəticədə büdcə kəsiri ilə bağlı Avropa İttifaqının qrantından istifadə edilməyib. Vahid xəzinə qalığı büdcə gəlirlərinin 7,3 faizinə bərabər olub. Hesablama Palatası bu vəsaitin dövlət borclarının ödənilməsinə yönəldilməsini təklif edib”.

Millət vəkili Çingiz Qənizadə çıxışında başqa məsələdən danışıb: “Atəşkəs olmasına baxmayaraq, dünən yenə də bir komandirimiz şəhid olub”. Millət vəkili deyib ki, bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgədə səfərdə olduğu dövrdə baş verib: “Milli Məclis ATƏT-in Minsk qrupuna bu hadisə ilə bağlı etirazını çatdırmalıdır”.

O. Əsədov deputata cavabında artıq Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk qrupuna məsələ ilə bağlı mövqeyini çatdırdığını bildirib: “Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”.

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, büdcənin icrası geniş müzakirə olunmalıdır. Millət vəkilinin dediyinə görə, dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı əksər hökumət üzvləri parlament müzakirələrində iştirak etdikləri halda, ancaq büdcənin icrasına bir çoxları qatılmırlar: “Onlar özlərində belə hesab edirlər ki, büdcənin icrası ilə bağlı müzakirələrə qatılmağa ehtiyac yoxdur, təsdiqlənəcək, gedəcək. Belə çıxır ki, büdcənin icrası yalnız Samir Şərifova, Mikayıl Cabbarova və Şahin Mustafayevə aiddir... Belə, deyil. Bütün hökumət üzvləri zəhmət çəkib büdcənin icrası ilə bağlı müzakirələrə qatılmalıdırlar. Büdcənin icrası daha geniş müzakirə olunmalıdır”. V.Əhmədov həmçinin, nağdsız ödənişlər sahəsində ciddi irəliləyiş əldə olunmamasından da şikayətlənib.

“Struktur islahatları çərçivəsində publik hüquqi şəxslər yaradılsa da, publik hüquqi şəxslər vasitəsi ilə qat-qat çox vəsait xərclənir”. Bunu çıxışında millət vəkili Əli Məsimli bildirib. Millət vəkili deyib ki, bu məsələ Hesablama Palatasının rəyində də əksini tapıb: “Digər tərəfdən, yerlərdə icra hakimiyyətlərinin bəziləri nə özləri bir iş görür, nə də iş görənlərə imkan verirlər”.

Millət vəkili Fazil Mustafa deyib ki, büdcənin gəlirləri artsa da, büdcə gəlirlərinin 28 milyard dollar olduğu 2014-cü illə müqayisədə azdır: “Azərbaycanda orta əmək haqqı Estoniyadan, hətta Ermənistandan azdır. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır”. Deputat sonra qaz limitinin artırılmasını isə təqdir edib: “Elektrik enerjisi ilə bağlı əhali üçün limit aradan qaldırılmalıdır. Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb. Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb. AZAL-ın Azərbaycanda bu sahəyə vurduğu zərər əvəzolunmazdır”. Millət vəkili eyni zamanda, Azərbaycanda rus dili təhsilinə 100 milyon manat civarında vəsait ayrıldığını xatırladıb: “Niyə biz xarici ölkənin dilinin öyrənilməsi üçün büdcədən vəsait ayırmalıyıq? Mən xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Amma biz bunu niyə büdcə vəsaitləri hesabına təmin etməliyik? İngilis və digər xarici dillərlə bağlı olduğu kimi, rus dili ilə bağlı da özəl təhsil müəssisələri bu işi görə bilər”.

O.Əsədov bildirib ki, ticarət mərkəzlərinə kim yaxınlaşır, həmin obyektlərin çoxunda POS-terminallar çox vaxt işləmir:“Vergilər naziri bu məsələyə diqqət yetirməlidir. Millət vəkillərinin əksəriyyəti şikayətlənir ki, əməkhaqını kartla alırıq, POS-terminallar işləmədiyi üçün məcburuq ki, kartdan vəsaiti çıxarıb, elə istifadə edək”.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Bununla da MM-in yaz sessiyası başa çatıb.

Qeyd edək ki, iyun ayında parlamentin növbədənkənar iclaslarının keçirilməsi gözlənilir.

Kamil HƏMZƏOĞLU

 





31.05.2019    çap et  çap et