525.Az

Yağışdan sonra boy verən təhlükə


 

Yağışdan sonra boy verən təhlükə<b style="color:red"></b>

Göbələk orqanizm üçün olduqca faydalı bir tərəvəzdir.
 
Onun tərkibi vitamin, mineral maddələr, zülal, kalsium, dəmir və karbohidratlarla çox zəngindir. Bu səbəbdən də göbələkdən qidalara üstünlük verməkdə fayda var. Ancaq göbələk ləzzətli qida olmaqla yanaşı, ondan zəhərlənmə də çox təhlükəlidir. Göbələkdən zəhərlənməyə qarşı vaxtında tədbir görülməsə, bu, faciə ilə nəticələnə bilər.  

Göbələkdən zəhərlənməyə qarşı 9 saat ərzində tədbir görülmədikdə 

Həkim-infeksionist Suğra Kazımovanın dediyinə görə, göbələyin yararlılıq müddəti ötdükdə, onun tərkibində orqanizm üçün təhlükəli olan zərərli maddələr əmələ gəlir. Belə göbələklərdən istifadə nəticəsində baş verən zəhərlənməyə qarşı 9 saat ərzində tədbir görülmədikdə bu, xəstənin ölümü ilə nəticələnə bilər: "Meyvə və tərəvəz məhsullarından zəhərlənmə hallarında, hətta 24 saatdan sonra həkimə müraciət etdikdə xəstəni xilas etmək mümkün olur. Ancaq göbələkdən zəhərlənmə 9 saatdan gec aşkarlandıqda, zərərli maddələr, yəni zəhərli göbələklərin toksinləri qana keçir və xəstəni həyata qaytarmaq müşkilə çevrilir". 

Zəhərlənmə zamanı qanın tərkibi dəyişir 

İnfeksionist vurğulayıb ki, göbələyin toksikologiyasının inkubasiya (gizli) dövrü çox qısadır və cəmi bir neçə saat çəkir: "Göbələkdən zəhərlənmə zamanı xəstədə əsasən ürək bulanması, qusma, sulu və ya qanlı ishal, qarın ağrısı, tərləmə, göz bəbəklərində qızartılar, göz yaşı və tüpürcək ifrazında çoxalma, görmədə pozğunluq, baş gicəllənməsi, epiqastral nahiyyədə kəskin ağrılar müşahidə olunur. Bəzi hallarda xəstənin hərarəti də yüksəlir. Zəhərlənmə gec aşkarlandıqda isə ağır formada qıcolma, huşun itməsi, ürək-damar sisteminin pozulması və arterial təzyiqin düşməsi baş verir. Zəhərli göbələklərin bir hissəsi hemodializ əmələ gətirir. Yəni zəhərlənmə zamanı qanın tərkibini dəyişir. Bu növ zəhərlənmələrdə müddət 14 saatdır və xəstələrin 20 faizi ölüm təhlükəsi ilə üzləşir". 

Vaxtında edilən yardım müsbət effekt verir

S.Kazımova xəbərtdarlıq edir ki, özündə zəhərlənmə əlamətləri hiss edən xəstə vaxtında həkimə müraciət etməlidir: "Xəstəyə həkim tərəfindən vaxtında edilən yardım dərhal müsbət effekt verir. İntoksikasiya əlamətləri tez keçir, ishal, qusma dayanır və xəstə normal vəziyyətə qayıdır. Xəstə zəhərlənmənin əlamətlərini hiss etdiyi anda həkimə müraciət etməli və lazımi müalicə almalıdır. Əgər zəhərlənən şəxs vaxtında həkimə müraciət etməyərək ev şəraitində müalicə olunmağa çalışsa, həyatı ilə risk etmiş olar".

Həkim bildirib ki, göbələyin bəzi növləri gün şüaları altında çox qaldıqda, onun tərkibində gözlə görünməyəcək dərəcədə kiçik qurdlar əmələ gəlir. Onlardan istifadə nəticəsində isə qurdlar orqanizmə daxil olur və bir müddət sonra qaraciyərdə exinokok xəstəliyi əmələ gətirir. 

Azərbaycanda bitən 100 növ göbələkdən 5-i zəhərlidir 

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun sözlərinə görə, iqlimə uyğun olaraq, Azərbaycanda göbələyin 100-ə yaxın növü yetişir. Ancaq onlardan 5-i zəhərli olduğundan istifadə edilmir: "Göbələk əsasən payız və yaz aylarında yağan ilk yağışdan sonra bitir. Bəzi hallarda yay mövsümündə də göbələyə rast gəlmək mümkündür. Amma onlar yabanı göbələklər sayılır. Azərbaycandan fərqli olaraq dünyanın əksər inkişaf etmiş ölkələrinin mətbəxində göbələyin bütün növlərindən geniş istifadə edilir. Bir çox ləziz xörəklər məhz göbələkdən hazırlanır. Ancaq ölkəmizdə bitən 100 növdən əhali yalnız "Şanpinyon", "Ağlı" və "Donbalan"dan istifadə edilir". 

Göbələyin çox qiymətli və kolorili növü 

Baş kulinar deyir ki, "Donbalan" göbələyin çox qiymətli və kolorili bir növü sayılır. Amerikanın ticarət mərkəzlərində onun 1 kiloqramı 800, qurudulmuş toz halında isə 1000 dollara satılır. Fransa, Almaniya və Rusiyada isə bu növü yetişdirmək üçün xeyli pul xərclənir. Ancaq Azərbaycanda "Donbalan" təbii halda bitir, qiyməti də qat-qat ucuzdur. 

Göbələkdən hazırlanan xörək və salatları bir gündən artıq saxlamaq olmaz 

Göbələkdən hazırlanan xörək və salatları 1 gündən, tutmaları isə 6 gün tamam olduqdan sonra istifadə etmək qorxuludur. Direktor göbələkdən 15 növ xörək və 11-dən artıq salat hazırlandığını deyir. Ancaq göbələkdən hazırlanan xörək və salat nə qədər ləziz olsa belə, onu bir gündən artıq saxlamaq olmaz. Əks təqdirdə, zəhərlənmə baş verə bilər. Həmçinin, göbələkdən hazırlanan tutmaları da 6 gün tamam olduqdan sonra istifadə etmək orqanizm üçün təhlükəlidir.

Göbələk yalnız alüminiumdan olan qapalı qablara yığılmalı və soyuducuda saxlanılmalıdır 

T.Əmiraslanovun sözlərinə əsasən, ölkə bazarlarında satılan göbələklərin bir qismi bu məhsulu yaxşı tanımayan insanlar tərəfindən yığıldığından, onlar arasında zəhərlilərə də rast gəlinir. Üstəlik, göbələklərin satışı zamanı bəzi qaydalara riayət olunmur: "Zəhərli növ sayılan "Muxamor", istifadə olunan bir neçə göbələyə çox bənzəyir. Ancaq "Muxamor"u gövdəsində olan kiçik xətlərlə seçmək mümkündür. Ona görə də yığılan zaman buna xüsusi olaraq diqqət yetirilməlidir. Göbələk yalnız alüminiumdan olan qapalı qablara yığılmalı və soyuducuda saxlanılmalıdır. Yığıldıqdan 3 gün sonra istifadə müddəti ötdüyündən satışdan çıxarılmalıdır. Dünyanın bütün ölkələrində bu qaydalara əməl olunur. Ancaq təəssüflər olsun ki, Azərbaycanda əksinədir. Ona görə də göbələkdən zəhərlənmə halları bizdə tez-tez baş verir". 

Yolların kənarlarında satılan göbələklərdən almaq məsləhət deyil 

Paytaxt bazarlarında satılan göbələklər əsasən Quba, İsmayıllı və Şamaxı rayonlarından gətirilir və yoxlamadan keçirildikdən sonra satışa çıxarılır. Laboratoriyada yoxlamadan keçirilən zaman istifadə üçün yararlı olmayan göbələklərin satışa çıxarılmasına icazə verilmir. Məhsul məhv edilir, satıcı isə cərimələnir. Magirstral yolların kənarlarında satılan göbələklərdən almaq məsləhət deyil. Çünki bu göbələklər yoxlamadan keçirilmədiyindən onların zəhərli olub-olmadığı məlum deyil.

S.QARAYEVA

 





31.05.2019    çap et  çap et