525.Az

Azərbaycanın su təhlükəsizliyi müzakirə olundu


 

Azərbaycanın su təhlükəsizliyi müzakirə olundu<b style="color:red"></b>

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycanın su təhlükəsizliyi: görülmüş işlər, mövcud vəziyyət və perspektivlər" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, su təhlükəsizliyi məsələsi qlobal miqyasda başlıca problemlərdən biridir. O qeyd edib ki, dünyada su çatışmazlığı probleminin aradan qaldırılması, insanların təmiz və keyfiyyətli suya çıxışının təmin edilməsi istiqamətində ciddi işlər həyata keçirilir: "Azərbaycanda şirin su ehtiyatlarının əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşması nəzərə alınaraq son illər ölkəmizdə su təsərrüfatı sahısində irimiqyaslı layihələr icra olunub. Taxtakörpü, Şəmkirçay su anbarlarının inşası, yeni sugötürücü və sutəmizləyici qurğuların inşası ölkəmizdə su təhlükəsizliyinin təmin olunması baxımından olduqca vacib layihələrdir".

"Azərsu"nun "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, professor Fərda İmanov isə bildirib ki, iqlim dəyişmələri, sənayenin inkişafı, ətraf mühitin və su hövzələrinin çirkləndirilməsi su ehtiyatlarından səmərəli istifadə məsələsinin aktuallığını artırır: "Azərbaycanda su təhlükəsizliyinin təmin edilməsi məqsədilə daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır".  O qeyd edib ki, son dövrlərdə müşahidə olunan qlobal istiləşmə və quraqlıqla əlaqədar alternativ su mənbələrinin tədqiqi və işlənməsi istiqamətində tədbirlər görülür. F.İmanov tullantı sularının düzgün idarəolunması və təmizlənərək təbiətə qaytarılmasını su təhlükəsizliyinin təmin olunmasında vacib həlqələrdən biri kimi qiymətləndirib.

"Azərsu"nun Su mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin rəisi Erkin Rüstəmov respublikadanın içməli su mənbələri barədə məlumat verib. Bildirib ki, əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə "Azərsu"nun son 10 ildə icra etdiyi layihələr çərçivəsində Bakı şəhəri və regionlarda ümumi məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni su mənbəyi yaradılıb və bu sahədə işlər davam etdirilir.

"Azərsu"nun Mərkəzi Labpratoriyasının müdiri Elçin Əliyev Azərbaycan əhalisinə verilən içməli suyun keyfiyyət standartlarına tam uyğun olduğunu xatırladaraq, mənbələrdən başlayaraq son istehlakçıya qədər onun keyfiyyətinin daim nəzarətdə saxlanıldığını bildirib.

C.ABASOV

 





31.05.2019    çap et  çap et