Azərbaycan gənc dövlətdir, əhalisinin böyük əksəriyyətini də gənclər təşkil edir. Bunları nəzərə alaraq ölkəmizi gənclər ölkəsi adlandıra bilərik. Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün sistemli iş aparılır. Gənclərə xüsusi diqqət və qayğı göstərilir, gənclər də yaradılan imkanlardan faydalanırlar. Onlar öz ideyalarını gerçəkləşdirərək, həm özləri üçün, həm də cəmiyyətə faydalı olacaq işlərlə məşğul ola bilərlər. Müasir Azərbaycan gəncini 15-20 il əvvəlki Azərbaycan gənci ilə müqayisə etsək, ilk növbədə onu vurğulamaq lazım gəlir ki, indiki gənclər daha çox informasiyalı və bacarıqlıdırlar. Təbii ki, bu gün ən aktiv təbəqə sayılır. Azərbaycanda da bu artıq həqiqətdir. Çünki bütün sahələrdə hara baxsaq, hər yerdə məhz gənclər ən fəal işlərin önündə gedir. Bu gün hətta ictimai sektorda da ən aktiv hissəni gənclər təşkil edir. Bu da çox sevindirici bir haldır. Bu gün Azərbaycanda daha sürətli, çevik və savadlı gənclər formalaşır. Gənclik yeni düşüncə tərzi və müasirləşmə deməkdir .
Hər şey bünövrəylə başlayır. Bünövrə möhkəm olduqda addımlar da sağlam atılır. Gənclər kreativ düşüncəyə malik olmalıdırlar. Müəyyən məqsədə çatmaq üçün qarşılarına məqsəd qoyub, iradə ilə çətinliklərin öhdəsindən gəlməlidirlər. Məqsədə çatmaq üçünsə birinci növbədə düzgün sistem qurulmalıdır. Əsas insanda istək olmalıdır ki, beynində olan məhsulu ideyaya çevirsin, qarşısında qoyduğu hədəfə doğru uğurla addımlasın.
... Oktyabrın 9-u prezident seçkiləri günüdür. Azərbaycanı növbəti 5 ildə idarə edəcək şəxsin seçilməsinə sayılı günlər qalıb. Seçkiqabağı təşviqat kampaniyasının qızğın vaxtıdır. Belə bir ərəfədə ölkənin əsas, aparıcı qüvvəsi olan gənclərin də fikrini öyrənmək yəqin ki, maraqlı olar. Elə bu məqsədlə də onlara üz tutduq.
Prezident olsaydınız ilk fərmanı hansı sahə ilə bağlı verərdiniz? Hansı sahənin daha çox islahata ehtiyacı var: iqtisadiyyat, təhsil, səhiyyə, sosial və ya bir başqa sahə? Hansı sahəni prioritet hesab edərdiniz və nəyə görə? Siz prezident olsaydınız gənclərlə bağlı hansı islahatları həyata keçirərdiniz?
Ağalar MİKAYILLI, “İrəli” İctimai Birliyi:
– Çox şey etmək olar, lakin elə şey demək lazımdır ki, nəsə bir yenilik, kreativlik olsun. Misal üçün, gənclərlə işləyən qurum və yaxud qeyri-hökumət təşkilatlarına dəstək olardım. Azərbaycanda gənclərlə bağlı beynəlxalq layihələrin daha çox keçirilməsinə və yaxud onların ölkə xaricindəki rəsmi, qeyri-rəsmi tədbirlərdə iştirakı üçün maksimum şərait yaradardım ki, daha çox maariflənib, təcrübə toplasınlar. Kimsəsiz, yetim uşaqların dövlət hesabına mütləq təhsil alması üçün göstəriş verərdim. Daha çox tələbəni xaricə təhsil almağa göndərər və Azərbaycanda onlar üçün perspektli iş yerlərində işləməsini tapşırardım. Hərbi xidməti magistratura pilləsini bitirənə qədər təxirə salınmasını, xarici təhsil almaq üçün normal bal yığan tələbələrin hamısını dövlət hesabına xaricdə təhsil almasını təmin edərdim. Əsgərliyə 18 yox, 20 yaşda qəbulun başlanmasını, ali təhsili olmayanların əsgərlik müddəti 1 il , ali təhsillilərin isə Türkiyədəki kimi cəmi 6 ay olmasına nail olardım.
Tərlan SƏFƏROV, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində sektor müdiri:
– Azərbaycanda təhsilin səviyyəsini maksimum yaxşılaşdırmağa çalışardım.Xaricdə oxumağa çox tələbə göndərərdim və oxuduqdan sonra geri qayıtmaları üçün stimul yaradardım. Gənclərimizdə vətənpərvərlik kodeksinin inkişafı üçün maksimum tədbirlər həyata keçirərdim.
Orxan İBRAHİMLİ, iqtisadçı:
– Prezident olsaydım, əsas diqqəti din və təhsilə yönəldərdim. Məktəblərdə dini dərslər tədris olunmasını istərdim. Müəllimlərin ciddi şəkildə attestasiyasını keçirib savadsızları tədrisdən uzaqlaşdırardım. Lazım gəlsə, xaricdən dərs deyəcək müəllimlər dəvət etdirərdim. Gənclərin əyləncəsi üçün yerlər açdırardım. Təbii ki, o əyləncə yerləri ki, hər şey əxlaq çərçivəsində olsun.
Aydan SULTAN, ADPU-nun məzunu:
– Prezident olsaydım, birinci növbədə təhsil, elm sahəsində islahatlar keçirərdim. Universitetlərdə təhsil almaq istəyənlərin təhsil ala bilsin deyə qiymət haqqını azaldardım. Hicablı uşaqların da təhsil almaları üçün rahat şərait yaradılmasını tənzimləyərdim. İmkanı olmayan gənclərə yardım edərdim. Kimsəsiz uşaqların rahat yaşamaları üçün şərait yaradardım. Əsgərlərə xüsusi diqqət göstərərdim. Onlara qarşı sərt davrananları cəzalandırardım. Yeni iş yerləri açaraq gəncləri ora cəlb edərdim.
Mənim fikrimcə, gənclərin ən vacib tələbatı təhsildir. Bu səbəbdən əvvəlcə onlara ölkə daxilində mükəmməl təhsilin verilməsinə və burada yüksək nəticələr əldə edən gənclərin xarici universitetlərə göndərilməsini təmin edərdim. Daha sonra onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni proqramlar qəbul edərdim. Ali təhsillə yanaşı, texniki peşə məktəblərini və texniki peşələri də diqqətdən kənar qoymazdım. Onları lazımi maddi baza ilə təmin edər və bu sahənin məhsuldar fəaliyyətinə nəzarət üçün yeni təşkilat formalaşdırardım. İstərdim Azərbaycanda daha yüksək təhsilli, yüksək mədəniyyətə sahib, bacarıqlı, işində peşəkar və ölkəsini qoruyan gənclər olsun. Alicənablıq, düzlük, xeyirxahlıq, mərhəmət, elmə və Vətənə sevgi, bu cür xüsusiyyətlər bugünkü gənclərdə təcəssüm olunmalıdır.
Vəfa MƏMMƏDLİ
çap et