525.Az

Şuşa məktəbində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi keçirildi - Foto


 

Şuşa məktəbində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi keçirildi - <b style="color:red">Foto </b>

Əhməd bəy Ağaoğlu Azərbaycanın ictimai-siyasi fikir tarixində islahatçı, ictimai xadim, siyasətçi, filosof, sosioloq, jurnalistika nəzəriyyəçisi, fəal publisist, tərcüməçi, yazıçı, ədəbiyyatşünas-tənqidçi, şərqşünas, teoloq-inlamşünas kimi tanınır.

Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 10 aprel 2019-cu il tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq Bakının Yasamal rayonunda yerləşən 189 yaşlı 1 nömrəli Şuşa orta məktəbində böyük publisist, alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı tədbir keçirildi. Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə reallaşan tədbirdə Milli Məclisin deputatları, Mətbuat Şurasının əməkdaşları və BDU-nun Jurnalistika fakültəsinin professor, müəllim, tələbə heyəti, ziyalılar, Şuşa Rayon İcra İctimaiyyəti və Əhməd bəy Ağaoğlu nəslinin nümayəndələri iştirak etdilər. 

Tədbir iştirakçıları dahi Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürasının sədaları altında qarşılandılar. 8 yaşlı şagirdin "Turacı" (bu adı Qarabağ xanı İbrahim xan qoyub) rəqsi, Şuşa Rəsm Qalerayasının (rəssam Rövşən Bayramov) təqdim etdiyi Şuşanın rəsm əsərlərindən, həmçinin, şagirdlərin əl işlərindən ibarət sərgi şuşalıların Azərbaycan mədəniyyətini bu gün də fəxrlə təmsil etdiklərini bir daha təsdiqlədi.

Tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya və Emin Məmmədlinin ifasında "Ey vətən" mahnısı ilə başladı. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbiri açıq elan edib.  BDU-nun Jurnalistika fakültəsinin mətbuat tarixi və ideoloji iş kafedrasının professoru Nəsiman Yaqublu məruzə ilə çıxış etdi. O, Əhməd Ağaoğlunu öz fəaliyyəti ilə bütün Türk və İslam dünyasında ilk dəfə Avropaçılıq hərəkatının əsasını qoymuş və müasir Avropa liberal dəyərlərini ictimai-siyasi mühitə gətirmiş bir şəxsiyyət kimi təqdim etdi. Əhməd bəyin publisistikasını yüksək qiymətləndirən tədqiqatçı-alimin fikrincə, Əhməd bəy Ağaoğlunun əsərlərinin külliyatının toplanıb, çap edilməsi onun 150 illik yubileyində görüləcək ən böyük işlərdən biri olar.

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov çıxışında qeyd etdi ki, XIX-XX əsrdə Əhməd bəy Ağaoğlu kimi mütəfəkirlərin yetişməsində o vaxtkı mühitin də mühüm rolu olub. "Mühüm faktdır ki, Əhməd bəy Ağaoğlu Şuşada anadan olub. Şuşada təhsil alan şəxsiyyətlərimiz kifayət qədərdir. Biz onların hər biri ilə fəxr edirik. İnanırıq ki, torpaqlarımız ən yaxın gələcəkdə azad olacaq və biz növbəti yubiley tədbirlərini orada keçirəcəyik".

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vurğuladı ki, müstəqilliyimizi qoruyub saxlamaq, firəvan gələcəyimizi təmin etmək üçün Əhməd bəy kimi şəxsiyyətlərin qoyduqları  irslərdən bəhrələnmək, onların yazıları ilə tanış olmaq olduqca vacibdir.

Sonra söz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor, filologiya elmləri doktoru Cahangir Məmmədliyə verildi. O, uzun müddət Atatürkün müşaviri kimi çalışan Əhməd bəyin zəngin publisistikasından danışaraq nəzərə çatdırdı ki, həmin məqalələrin hər birində dövrün ən mühüm problemləri, ictimai-siyasi hadisələri qeyd olunub. BDU-nun mətbuat tarixi kafedrasının əməkdaşlarının Əhməd bəy Ağaoğlunun irsini araşdırdığını söyləyən professorun fikrincə, bu, həm də tarixi həqiqətlərin ortaya qoyulması, Şuşanın və digər işğal altında olan torpaqlarmızın azad edilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirdi ki, Əhməd Ağaoğlunun 150 illik yubileyinin Şuşa məktəbində keçirilməsi heç də təsadüfi deyil. Ona görə ki, Əhməd bəy məhz həmin məktəbdə oxuyub, təhsil alıb.  "Biz xüsusi bir günə yığışmışıq. Bu cür tədbirlərin keçirilməsi vacibdir. Beləliklə, həm də yetişməkdə olan gənc nəsil öz tarixi şəxsiyyətlərini tanıyır" - deyə Əflatun Amaşov əlavə etdi.

 BDU-nun Jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli çıxışı zamanı dedi ki, Şuşa təkcə Azərbaycanın musiqi beşiyi kimi tanınmır. Şuşa həm də görkəmli dövlət və siyasət xadimləri, diplomatları, müxtəlif peşə sahəsində məşhur olan insanları ilə tanınır. Onlardan biri də elə Əhməd bəy Ağayevdir. Professor onu da nəzərə çatdırıb ki, Əhməd bəy əsl vətəndaş jurnalist idi.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 10 aprel 2019-cu il tarixli Sərəncamının əhəmiyyətindən danışdı və arzu etdi ki, növbəti yubiley tədbirləri məhz Şuşada keçirilsin. Onun sözlərinə görə, bu, bizim Əhməd bəy Ağaoğluna qarşısında vəzifə borcumuzdur.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Əhməd bəy Ağaoğlunun şəxsiyyətindən söz açdı və vurğuladı ki, indi olduğu kimi yaşadığı dövrdə də ona böyük ehtiram, hörmət var idi. Bunu Əhməd bəyin şəxsiyyəti ilə əlaqələndirən baş redaktor üzünü gənclərə tutaraq onlara tövsiyə edib ki, Əhməd bəy Ağaoğlunu həm də bir şəxsiyyət kimi öyrənsinlər.

Daha sonra BDU-nun jurnalistika fakültəsinin professorları - Qulu Məhərrəmli, Alxan Məmmədov, mətbuat tarixi kafedrasının dissertantı Rüxsarə Məmmədova çıxış edərək Əhməd bəy Ağaoğlunun yaradıcılığının ayrı-ayrı məqamlarına toxundular. Əhməd bəy Ağaoğlu nəslinin nümayəndəsi Rövşən Ağayev Əhməd xatirəsini yad etdiklərinə görə tədbir təşkilatçılarına və qonaqlara minnətdarlıq etdi.

Sonda mətbuat tarixi kafedrasının dosenti, tədbirin təşkilatçılarından biri olan Aygün Əzimova qeyd etdi ki, Əhməd bəy Ağaoğlunun adı orta məktəb dərsliklərinə salınmalı, dahi publisist haqqında şagirdlərə məlumat verilməlidir.  "Bu məktəbdə Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Haşım bəy Vəzirov kimi şəxsiyyətlər yetişib. Əhməd bəy Ağaoğlu da onlardan biridir. Gün gələcək biz növbəti yubileyləri Qarabağda, Şuşada qeyd edəcəyik" - deyə natiq əlavə etdi.

Çıxışının sonunda bir daha mərasimin əhəmiyyətini qeyd edən Aygün xanım qonaqlara öz təşəkkürü bildirdi.

Kənan NOVRUZOV

 





02.06.2019    çap et  çap et