525.Az

UNEC-də imtahanlar başladı


 

UNEC-də imtahanlar başladı  <b style="color:red"></b>

İyunun 3-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasına start verilib. 

Hər il olduğu kimi, bu il də UNEC-də imtahanlar həm yazılı, həm də test üsulu ilə təşkil ediləcək. Əlavə olaraq Azərbaycan İqtisadiyyatı, Mikroiqtisadiyyat, Diplomatik Yazışma, Maşınların İstehsal Texnologiyası, Toxuculuq Materiallarının Texnologiyası fənlərinin imtahanları vahid sillabus üzrə yazılı formada, Marketinq və Mühasibat fənlərinin imtahanları isə vahid sillabus üzrə test üsulu ilə təşkil olunacaq.

Qeyd edək ki, UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi, Türk Dünyası İşlətmə Fakültəsi, UNEC Biznes Məktəbi (MBA) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bütün fənlər üzrə, Magistratura Mərkəzi və Texnologiya və Dizayn fakültəsi üzrə isə ixtisas fənləri və qabiliyyət imtahanları ənənəvi olaraq yazılı formada keçirilir.

Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, yay imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. UNEC-in İctimai Nəzarət Şurasında UNEC-in İctimai Nəzarət Şurasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı, "Azad Müəllimlər" İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva və tələbə rektor Elmir Sadıqov təmsil olunur.

Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri "Açıq qapı" keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcəklər. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparacaqlar.

Şəffaflığı və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in "Qaynar xətt"i 1846 müraciət və sorğuları operativ qəbul edir. Hər il olduğu kimi, bu il də UNEC-in "Qaynar xətt" xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. "Qaynar xətt"ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır.

Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müraciətlərini qəbul etməyə hazırdır. Komissiyalar sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atacaqlar.

UNEC rektoru, professor  Ədalət Muradov deyir ki, əsas məqsəd tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir: "Biz təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir. Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunub. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən jurnalistlər sərbəst şəkildə imtahanları izləyə bilərlər".

Rektor bildirib ki, qarşıdan gələn növbəti yay imtahan sessiyasında hər bir tələbəyə müvəffəqiyyətlər arzulayır: "Yeni bilik və bacarıqlara sahiblənmək üçün böyük həvəslə çalışdığınız növbəti tədris ilinə yekun vurmaqdasınız. Əminəm ki, əzmkarlıq və zəhmət sayəsində hədəfinizə doğru yeni-yeni uğurlar qazanacaq, bilik mübarizəsində layiqli nailiyyətlər əldə edəcəksiniz. Qarşıdan gələn yaz imtahan sessiyasında obyektivlik və şəffaflıq hər zaman olduğu kimi bizim dəyişilməz mövqeyimiz olaraq daim qorunacaqdır.

Hörmətli valideynlər, hər uğurunda böyük əməyiniz olan övladlarınıza dəstək olmaq üçün sizi imtahan prosesini izləməyə dəvət edirəm. Hər birinizi universitetimizdə görməkdən böyük məmnunluq hissi duyarıq.

Ənənəmizi qoruyaraq, bu imtahan sessiyası müddətində də tələbə, valideyn və ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün hər həftənin şənbə günü saat 10:00-dan başlayaraq universitetimizdə "Açıq qapı" təşkil ediləcək.

KİV, qeyri-hökümət təşkilatları və ictimaiyyət nümayəndələrini imtahan sessiyasını yaxından izləmək, "Açıq qapı" günlərində iştirak etmək və müstəqil təhlillər aparmaq üçün UNEC-ə dəvət edirik. Hər bir rəy bizim üçün dəyərlidir.

Hər hansı sual və təklifə görə universitetin 1846 Qaynar xətti, imtahan prosesi barədə mərkəzləşmiş Apellyasiya Komissiyası və hər tədris binasında fəaliyyət göstərən Qərargahlar yenə də xidmətinizdə olacaq. İmtahan sessiyası ilə bağlı bütün müraciətlərinizi bu məqsədlə yaradılmış və imtahan sessiyası müddətində fəaliyyət göstərəcək "UNEC İmtahan" facebook səhifəsinə ünvanlaya bilərsiniz".

Hər sessiya dövründə olduğu kimi, bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də "Qərargah" yaradılıb. "Qərargah" bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək. İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən "Qərargah"lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandıracaq.

"Qərargah"ların əlaqə nömrələri:

əsas tədris binası: 18 46 "Qaynar xətt" (200-cü otaq, 492-59-03)

2-ci tədris binası: 564 40 39 (100-cü otaq),

4-cü tədris binası: 440 76 43 (414-cü otaq).

Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb.

İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir. Tələbələr həmçinin, tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə 22.00-dək fəaliyyət göstərən Oxu zallarından istifadə edə bilərlər.

2018-2019-cu tədris ilinin yay imtahan sessiyası dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində imtahanların təşkili və keçirilməsi qaydaları müzakirə etmək məqsədilə UNEC rektoru, professor Ədalət Muradov UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.

Ə.Muradov ilk imtahanların yazılı keçiriləcəyini bildirərək, imtahan prosesinə nəzarətin və monitorinqlərin aparılmasının ənənəvi olaraq İctimai Nəzarət Şurasına həvalə ediləcəyini bildirib. Rektor rəsmi Facebook səhifəsindən imtahan sessiyasının başlanması ilə bağlı KİV, qeyri-hökümət təşkilatları, ictimaiyyət nümayəndələri və valideynlərə müraciət ünvanladığını diqqətə çatdırıb. Müraciətdə onlara UNEC-də imtahan sessiyasını yaxından izləmək, "Açıq qapı" günlərində iştirak etmək və müstəqil təhlillər aparmaq imkanlarının yaradıldığını qeyd edib.

UNEC İctimai Nəzarət Şurasının koordinatoru Etibar Əliyev imtahan sessiyasında şura üzvlərinin mütəmadi olaraq monitorinqlər aparacağını, rəy sorğuları keçirəcəyini, eləcə də "Açıq qapı" günlərində iştirak edəcəyini bildirib. E.Əliyev UNEC-də imtahan sessiyasının təşkilinin ildən-ilə daha da təkmilləşdirildiyini, keyfiyyətinin artırıldığını müşahidə etdiklərini vurğulayıb. Hər sessiyada imtahanla bağlı müraciətlərin nəzərəçarpacaq dərəcədə azaldığına diqqət çəkən təhsil eksperti, bunu müsbət hal kimi qiymətləndirib.

Professor Şahlar Əsgərov ictimai nəzarət şuralarının fəaliyyətinin təhsilin keyfiyyəti ilə bağlı yeni ideyaların paylaşılması baxımından əhəmiyyətindən danışaraq, UNEC rəhbərliyinin bu istiqamətdə yeniliklərə daim açıq olduğunu bildirib.

S.QARAYEVA

 





06.06.2019    çap et  çap et