525.Az

Qeyri-adi sənətkar haqqında qeyri-adi nağıl - Qənirə Paşayeva yazır


 

Qeyri-adi sənətkar haqqında qeyri-adi nağıl - <b style="color:red">Qənirə Paşayeva yazır </b>

Xalq artisti, ustad tarzən Ramiz Quliyevdən öncə də ünlü tarzənlərimiz, Xalq artistlərimiz olub, Ramiz müəllimlə eyni dövrdə də belə sənətkarlar var və yəqin gələcəkdə də olacaq.

Tar yeni musiqi aləti deyil, tarzənlik Azərbaycanda, ümumən bizim də aid olduğumuz coğrafiyada - Şərqdə özünəməxsus gələnəklərə malikdir. Ramiz müəllim haqqında daha öncələr də yazılıb, yəqin, gələcəkdə də yazılacaq, ancaq "Min bir gecə" intonasiyası, ahəng və üslubunda yazılmış bu əsər - "Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı" həmişə öz məziyyətləri ilə seçiləcək, oxunacaq.

Tanınmış yazıçı-jurnalist, ədəbi ödüllər laureatı Rafiq Hacıyevin Füzuli əsintili "Heyrət, ey Ramiz, tarın gördükdə lal eylər bizi..." nidası, "Min bir gecə" şirinlikli nağılı incə duyğulardan, sağlığında əfsanələşən, nağıllaşan sənətkar ömründən zərif söz açır.

Bir görkəmli sənətkardan yazmaq, onun həyat yoluna nəzər salmaq, bütövlükdə sənətdən yazmaq, "sənətin öz estetik dəyərləri ilə inkişafı"ndan söz açmaqdır həm də. Sənət, sənət yolu dediyimiz məhz ayrı-ayrı sənətkarların yaradıcılığı ilə şəkillənir, əlbəttə; müəllif Rafiq müəllimin "Min bir gecə" hekayətlərinin üslubunda işlədiyi, özünün müəyyənləşdirdiyi kimi "lirik süjetlər" əsasında, ustad sənətkarımız haqqında nağılın məna dərinliyini, mahiyyət üfüqünü daha da genişləndirib. Bəs (ən azı) bu dediklərimiz fonunda əsərin qəhrəmanını bizlərə sevdirən, onu fərqli qılan nə(lər)dir? Nələrdir müəllifi sayğıdəyər Ramiz müəllim haqqında sevgi ilə, bu sevgini peşəkarlıq qatında təzahür etdirərək yazdıran? Məncə, Ramiz müəllimin şəxsi nümunəsi, peşəsindən, şöhrətindən asılı olmayaraq, sırf bir insan olaraq ləyaqəti, azərbaycanlı mənidir burada qeyd edilməli olan məqam və hadisə...

Rafiq Hacıyevin yazdıqlarından - "Min bir gecə"dən sonrakı gecələrə daşıdığı məqamlardan biri Ramiz müəllimin klassik irsə sədaqəti və yeniliklərə açıqlığıdır, məncə. Müəllif əsərin qəhrəmanınını sənətlə elmi qoşa qanad kimi daşıyanlardan, bu qoşqanadlıqla gözəllikləri, zövqü... Simurq quşu kimi işığa qovuşduranlardan biri olaraq obrazlaşdırması ilə məntiqli, hərəkət etmişdir. Sənətin məntiqi həmişə sirayətedicidir. "Min bir gecə" üslubu hər nə qədər keçmişi, nağıllaşmış məqamları, yaxud nağılın özünü, xatiratı diqqətə çatdırırsa da, əsərin qəhrəmanı yalnız keçmiş və xatirələrdən ibarət deyil, o, həm bu gündür, həm də, gələcəkdir. Ümumən əsl sənətin bir özəlliyi də, həmişə təzə olmasındadır...

Ramiz Quliyev hər iki sahədəki (elm, sənət) yeniliklərdə imzası olan aydınlarımızdandır. Ramiz müəllim sənət məktəbi, müəllim görmüş və özü də müəllim olan - ustad olan sənətkardır. Sənəti tale kimi yaşadığındandır ki, yalnız onun yanına, sinfinə, ustad dərslərinə gələn qıraq yetirmələri deyil, öz övladı da sənət ecazından nəsibini alıb, onun fiziki övladı olmaqla yanaşı, həm də, mənəvi övladı oldu... Bax, Rafiq Hacıyevin belə həssaslıqlara güzgü tutması xüsusi diqqətəlayiqdir. Başqa nələri fərqləndirmək olar? Tarzən Ramiz Quliyev az qala bütün böyük sənətkarlar haqqında deyilən, "o sənəti yaşayır" deyimini hər ifasında göstərir - yəni təbii halı ilə biz ustadın sənəti yaşaya-yaşaya ifa etdiyinə şahid oluruq - üz-gözündə, barmaqlarında, əlində, qolunda cərəyan edən enerji seli ilə...

Və Ramiz müəllim böyük sənətçi olmaqla yanaşı, kübar, səmimi və... sadə insandır. Nə gizlədək, özəlliklə bax, bu məqam heç də hər sənətkarda rast gəlinən hal deyil...  İstər nağılda, istər gerçəklikdə...

Əgər Ramiz müəllimin bütün qalan ifaları mövcud olmasaydı belə, "Ay işığında" və "Ləpələr"dəki mükəmməl ifası onun iç dünyasını, xəyallarını, sənətçi siqlətini göstərməyə yetərli olardı... İstər ay işığını, istər ləpələri seyr edərkən təbiətin gözümüzə sığdıra bilmədiyimiz əsrarını, gözəlliyini... Xalq artistimiz, elm xadimimiz sənətin ecazı ilə könlümüzdə şəkilləndirir, ruhumuzu qidalandırır...

"Min bir gecə"nin hər nağılı, öncəki nağılın davamı, yaxud orada cərəyan edən hadisələrin inkişafı ilə xarakterizə olunursa, hər sonrakı sənətçi də, özündən öncəkilərin qalxdığı zirvəni əsas alaraq, məhz o məqam(lar)a istinad edərək, bir sonrakı zirvəyə boylanır. Sənətdə zirvələr təbiətdəki zirvələrdən fərqli olaraq, sonlu deyil: hər sənətçi öz zirvəsini yaradır, yaxud hər zirvə öz fatehini gözləyir! Mən "Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı"nı yeni sənət fəthlərinə inam hissinin məhsulu hesab edirəm. Əgər müəllif Rafiq Hacıyev "Min bir gecə"dən sonrakı gecələrdən söz açıbsa, deməli, nağıl davam edir, deməli, sözün qüdrəti, sənətin ecazı hələ də öz sehrini saxlayır - daha doğrusu, "...gələcəkdə də, saxlayacaqdır" ismarıncı hasil olur. Və bu ismarıncı duymaq, paylaşmaq çox xoşdur.

İnanırıq və nağıl saymırıq ki, ustad sənətkarımızın fiziki ömrünün növbəti illəri doğma Ağdamda keçəcək! O Ağdamda ki, orada gecələr də gündüz kimi olacaq! Ağdamın ağ gününü bəstələmək, o günü sənət ecazına qaldırmaq Ramiz müəllimin, Ağdamlı gecələrin nağılını yazmaqsa, Rafiq müəllimin nəsibi olsun! Bizlərə isə, dinləmək və oxumaq nəsib olsun! Ağdamda ya Bəxtiyar Vahabzadənin "ağac altı, yaşıl çəmən, bir də ki tünd çay" şeirini, ya da Zəlimxan Yaqubun "Bu yaşıl ağacın altı bizimdir" şeirini zümzümə edəcək gələcək günün övladlarına, gənclərə bugündən, bu "Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı"ndan salam olsun!

03.06.2019

 





06.06.2019    çap et  çap et