525.Az

İlham Əliyev seçki monitorinqinin yekunlarına görə lider oldu


 

İlham Əliyev seçki monitorinqinin yekunlarına görə lider oldu<b style="color:red"></b>

QHT ƏMƏKDAŞLIQ ALYANSI MONİTORİNQİN YEKUN NƏTİCƏLƏRİNİ ELAN EDİB

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının həmsədrləri Rufiz Qonaqov, Rəfail Becanov və Yadigar Məmmədli 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkisinin uzunmüddətli monitorinqinin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Alyansın həmsədri Rufiz Qonaqov çıxış edərək bildirib ki, prezident seçkisinin monitorinqinin ikinci mərhələsi də artıq yekunlaşıb. O, bu mərhələnin 12 sentyabrdan başlandığını bildirib. R.Qonaqov bu mərhələdə 5 regionda monitorinqin aparıldığını deyib: “Bu mərhələdə 5 regionda monitorinqlər aparıldı. Ümumilikdə 11 region əhatə olundu. 11 regionda 78 rayonu əhatə etmişik. Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəl olunub. Əsas məqsədimiz əhalinin seçki hazırlığını müşahidə etmək, partiyaların və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə inandığının monitorinqinin aparılması olub. “Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 86.46 faizi Prezident İlham Əliyevə inandıqlarını bildiriblər. 6.54 faiz Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2.5 faiz Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 2.4 faiz Qüdrət Həsənquliyevə, 0.70 faiz Sərdar Cəlaloğluna, 0.44 faiz Zahid Oruca, 0.43 faiz İlyas İsmayılova, 0.53 faiz isə digər namizədlərə inandıqlarını bildiriblər. “Bu gün seçki keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən 19 500 nəfərin 86.46 faizi yəni 16 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Onlardan 6.54 faizi, yəni 1276 nəfəri isə Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2.5 faizi, yəni 487.5 nəfər İqbal Ağazadəyə, 2.4 faizi, yəni 467.75 nəfər isə Qüdrət Həsənquliyevə,  2.1 faizi, yəni, 408.75 nəfər isə digər namizədlərə “səs verərdim” deyə cavab verib”.

Alyansın həmsədri Rəfail Becanov bununla bağlı bildirib ki, namizədlərin reytinqi müəyyənləşdirilən kimi, siyasi partiyaların da yekun reytinqlərinin öyrənilməsi monitorinqin əsas predmetlərindən biri olub: “Siyasi partiyaların azad fəaliyyət imkanlarını ölkədə demokratik şəraitin mövcudluğu, müasir sivil cəmiyyətin formalaşması, insanların siyasi baxışlarını azad ifadə etməsinin nümunəsi sayan 91 faizi respondentin fikrincə, bu ölkəmizin demokratik dəyərlərə sayğısı və Azərbaycanın demokratik inkişaf yolunda olmasının təzahürüdür. Partiyaların reytinqində də birincilik Yeni Azərbaycan Partiyasına (YAP) məxsusdur. Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16860 nəfəri, yəni 86,46 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 2.640 nəfəri, yəni 13.54 faizi isə digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər. Bu sırada isə 2.87 faizlə AXCP, 2.82 faizlə Müsavat, 1.62 faizlə KXCP, 1,43 faizlə ALP, 1.36 faizlə Ümid, 1.18 faizlə BAXCP  qərarlaşıb. 2.26 faizlə Ədalət, ASDP, MMP və digət partiyalar arasında bölünür. Monitorinqin və sorğunun nəticələrindən aydın olur ki, YAP və onun prezidentliyə namizədi İlham Əliyev sabit elektorata malikdir”.

Alyansın digər həmsədri Yadigar Məmmədli ölkədəki seçki mühiti ilə bağlı çıxış edib. Onun sözlərinə görə, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. Y.Məmmədli imzatoplama kampaniyasının da namizədlərin qeydiyyatı kimi seçki təşviqatı prosesi də özünəməxsus və hər hansı problem müşahidə edilmədən keçirildiyini diqqətə çatdırıb: “Namizədlərə seçki təşviqatı ilə bağlı 68 rayon mərkəzində mitinq və kütləvi tədbirlər keçirilməsi üçün açıq və qapalı yerlər ayrılıb. Pulsuz təşviqat kampaniyasının aparılmasına, İctimai Televiziyada (İTV) və  radioda, o cümlədən rəsmi dövlət qəzetləri olan “Azərbaycan” və “Xalq” qəzetlərində ödənişsiz təşviqat üçün imkan yaradılıb. Qeyd edək ki, namizədlərə təşviqat üçün yaradılan şərait ekspertlər tərəfindən də müsbət qiymətləndirilir. Kampaniya dövründə prezidentliyə namizədlər hər həftə 3 saat İctimai Televiziyanın, 3 saat isə radionun imkanlarından istifadə edərək, seçicilərə öz fikir və platformalarını çatdıra biliblər. Açıq havada seçicilərlə görüş keçirmək üçün də imkanlar yaradılıb. İstər Bakı şəhərində, istərsə regionlarda namizədlər həm açıq havada, həm də qapalı zallarda seçicilərlə müxtəlif formatlı görüşlər keçiriblər. Keçirilən mitinq və görüşlərdə hər hansı insident və hüquq-mühafizə orqanlarının müdaxiləsi halları müşahidə edilməyib. Bu da onu göstərir ki, seçki təşviqatı seçki qanunvericiliyinə uyğun olaraq baş tutub”.

Daha sonra layihənin icraçı təşkilatlarının rəhbərləri və ekspertləri çıxış edərək, monitorinqin 2-ci mərhələsinin ayrı-ayrı regionlar üzrə nəticələrini elan ediblər. “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri, layihənin eksperti Xanoğlan Əhmədov Ağdaş-Göyçay və Şirvan bölgəsində monitorinqin nəticələrini açıqlayıb: “İki bölgə üzrə 12 rayon əhatə olunub və 3000 nəfər respondentin rəyi öyrənilib”.  Layihənin icraçı təşkilatlarından olan Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva Naxçıvan Muxtar Respublikası və Bakı-Sumqayıt  regionu üzrə nəticələri elan edib. O, bildirib ki, iki bölgədə 19 rayon üzrə monitorinqə 4750 nəfər cəlb edilib. Alyansın üzvü, layihənin eksperti Nərgiz Nağıyeva isə Qarabağ və işğal olnumuş rayonlar üzrə məlumat verib: “Biz 7 rayonu əhatə etmişik. Bu rayonlarda 1750 nəfər respondent monitorinqə cəlb olunub”.

Xatırladaq ki,  QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “2013-cü il prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili” layihəsini həyata keçirir. Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəlb olunub. 11 regionda 78 rayonda monitorinq aparılıb.

AQİL 

 

 





04.10.2013    çap et  çap et