525.Az

Kamal Abdullanın elmi əsəri Moskvada nəşr olundu


 

"KİTABİ-DƏDƏ QORQUD POETİKASINA GİRİŞ" MONOQRAFİYASINI MOSKVANIN NÜFUZLU "XUDOJESTVENNAYA LİTERATURA" NƏŞRİYYATI ÇAP EDİB

Kamal Abdullanın elmi əsəri Moskvada nəşr olundu <b style="color:red"></b>

Xalq yazıçısı, akademik Kamal Abdullanın "Kitabi-Dədə Qorqud poetikasına giriş" adlı elmi monoqrafiyası Moskvada, nüfuzlu "Xudojestvennaya literatura" nəşriyyatında işıq üzü görüb.

Kitaba Moskva Dövlət Linqvistik Universitetinin "Milli və xarici ölkələr ədəbiyyatı" kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası, tərcüməçisi, professor Aleksandr Petroviç Bondarev ön söz yazıb. Professor Bondarev "Hermenevtikanın ortancıl mərhələsi" adlı ön sözündə akademik Kamal Abdullanın bu kitabını "Gizli Dədə-Qorqud"dan bəri davam edən araşdırmalarında yeni mərhələ kimi qiymətləndirib. Müəllif qeyd edir ki, "Kitabi-Dədə Qorqud" kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. 

Kitab müqəddimə, iki hissə (hər biri ayrıca fəsillərlə), ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri, ibtida bədiipoetikliyin yaranma səbəbləri və sairə haqda elmi təhlil yer alıb.

"Mifoloji dan söküləndə bədii poetik enerji axtarışları" adlanan birinci hissədə autentik mif, qədim mətnin yaranma mühiti və şəraiti, autentik mifdə potensial bədii poetik enerjinin təzahürü, Mağara mədəniyyəti və Mağara ruhu, Dədə Qorqud mətnlərində sözün müstəqim və məcaz qatları haqda elmi yanaşma ortaya qoyulub.

"Xüsusi qurmalar ibtidai bədii poetiklik vasitələri kimi" adlanan ikinci hissədə "Sahmanlayıcı ünsürlər", "Sadəlovh suallar", "Təkrarlar ibtidai bədii poetik quruluşun əsas vasitəsi kimi", "Bədii poetik yasaqlar. "Materialın müqaviməti"" adlı fəsillərdə "Kitabi-Dədə Qorqud" mətninin poetik məziyyətləri, mətndaxili kosmik nizam, Xaosdan Kosmosa keçidin "bədiipoetik" qatda reallaşması, poetikliyin söz, cümlə və cümlə birliyi səviyyələri araşdırılır.

Monoqrafiyanın nəticə hissəsi elmi qənaətləri ümumiləşdirmədən daha çox, bu istiqamətdəki gələcək perspektivlərə həsr olunub.

Kitabın əlavələr bölümündə monoqrafiyanın istiqamətinə uyğun olaraq oxucunun təsəvvürlərinin dərinləşdirilməsi məqsədilə müəllif tərəfindən "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" kitabından "Azərbaycan dilində cümlənin monopredikativ quruluşunun təşəkkülü" hissəsi və "Mifdən Yazıya, yaxud "Gizli Dədə Qorqud"  kitabından "Mif və Yazı" hissəsi yerləşdirilib.

ŞAHANƏ

 





09.06.2019    çap et  çap et