525.Az

“Şeytana lənət”, yoxsa “lənət şeytana”?


 

“Şeytana lənət”, yoxsa “lənət şeytana”?<b style="color:red"></b>

Tərtər şəhər 2 saylı məktəb-liseyin müəllimi

Deyəcəksiniz ki, elə ikisi də eyni şeydir. İkisi də eyni şey deyil... Çünki işlənmə yerinə görə fərqli məqamlarda deyilir...

“Xəzər xəbər”in 18 sentyabr 2013-cü il buraxılışında ailədaxili qətllərin çoxaldığı, ümumiyyətlə, qətllərin sayının çoxaldığı həyəcanla deyilirdi. Hətta ekspertlərin rəyi soruşuldu, onlar da bir şeylər söylədilər... Bu yerdə deyirsən ki, şeytana lənət! Yəni iş baş verib, cinayət törənib, müəyyən peşmanlıq yaranıb, yadına düşür ki, onu yoldan çıxaran, yəni şeytanı lənətləmək gərəkdir. Qatil məsumdur, şeytana lənət!

Cinayət törətməyi xəyalından keçirib, fəqət bundan vaz keçənlər məhz üç dəfə “lənət şeytana!” – deyirlər.

Amma dəfələrlə eşitmişəm ki, cinayət törətmiş oğluna ata deyib ki, ay bala, niyə bir “nəhlət şeytana” demirdin?

Cinayət törədəndən sonra o qədər şeytanı söy ki... nə fayda?..

Gərək ağıl işə düşə ki, lənət şeytana deyəsən, bəlkə, kara gələr...

Yeri gəlmişkən, ötən yazımda (“Aynanın qarşısına keç...”, “525-ci qəzet”, 31 avqust 2013-cü il) Dostoyevskinin “Cinayət və cəza” romanından Raskolnikovun cinayətöncəsi düşüncələrini yazmışdım: “Baltanı götürdü, ağıl kömək etməsə, şeytan kömək edər, – deyib sürətlə qapıdan çıxdı...”

Mən də yazdım ki, gənclər, şeytan sizi ruhlandırmasın...

Deyəsən, biz şeytanla bərabər böyüyürük, axı!.. Təsəvvür edin ki, heç qırxı çıxmamış bir körpə yuxuda gülümsəyir, gənc at-ana da heyran-heyran bu mənzərəyə baxır. Uşağın nənəsi durumu aydınlaşdırır ki, bəs uşağı şeytan güldürür, qulağına deyir ki, ... deyiləni bura yazmayım... Yaxud da uşaq yuxuda dodağını büzüb ağlamsınır, yenə nənə ata-ananı bilgiləndirir ki, uşağı şeytan ağladır, yəni qulağına deyir ki... bunu da yazmayım, hamı bilir...

Belə çıxır ki, ata-ana, nənə-baba qalıb bir kənarda şeytan balalarımızın tərbiyəsi ilə özü məşğul olur... Az keçmir ki, uşaq  böyüyür, onu sevələyir, gör nə şeytan bala olub, (xüsusən qızlara) ay şeytan bala, ay şeytan bala! – deyirlər. Beləcə bu şeytan balalar böyüyür və çoxu da şeytandan artıq şeytan olur və hətta şeytana papaq tikib, ortasını da deşik qoyurlar. Bu yerdə mənim şeytana yazığım gəlir... Ağıl işə düşəndə şeytana yer yoxdur, elə ki, şeytan adamı özünə qul edir, o zaman həmin şeytan qızcığazlar evdən çıxır və geri qayıtmır. Ana çıxıb “televizora” səslənir, “xahiş edirəm (xahiş edirəm ha!) geri dön...” Yaxşı olardı ki, ana əvvəldən qızı şeytanın ixtiyarına buraxmayaydı, lənət şeytana deyəydi!

Bacıoğlu tüfəngi götürüb dayısını öldürməyə gedir (bu əmi, ata, bacı, qardaş da ola bilər) və öldürür də... Yenə də valideyn “televizorda” fəryad edir, dedim ki, bala “nəhlət şeytana” de, tüfəngi tulla... sözümə baxmadı!.. Şeytan dura-dura kimdir sənə qulaq asan?

Tüfəng deyəndə yadıma üç şey düşür. Birincisi, Çexovun sözüdür: “Əgər səhnədə birinci pərdədə divardan tüfəng asılıbsa, bilin ki, son pərdədə açılacaq... İkincisi, bu yaxınlarda yenə bir kriminal xəbər – Bakıda marşrut avtobusda ov tüfəngindən ehtiyatsızlıqdan güllə açılıb və kimsə ölüb. Nə ehtiyatsızlıq, qardaşım? Adam çiyni tüfəngli günün günorta çağı şəhərdə gəzir, sanki 42-ci ildir və bu məqbul sayılmalıdır? Nə bilim, vallah, lənət şeytana!

Üçüncüsü, “Köhnə tüfəng” filmidir ki, sevə-sevə baxıram həmişə. Kaş butün tüfənglər filmdəki kimi düşməndən qisas almağa yönələydi...

Tüfəng məsələsində şeytanın da barmağı var. Tüfəng boş olsa da, adam ürpənir, “üzünü o yana tut, şeytan doldurmuş olar” deyirik. Bəli, şeytan hər işimizi görür, o, daim bizimlədir! Evə girir, tüfəngə patron qoyur, qazı açıq qoyur, kranı deşir... Lənət şeytana!..

XI sinifdə Hüseyn Cavidin “İblis” faciəsini keçirəm. Şeytan söhbətləri edirik. İlk cümləm bu olur: “Hamımızın içində bir şeytan var”. Görürəm uşaqlar səksənən kimi olurlar. Mənə də elə bu lazımdır... mövzu davam edir...

Lənət şeytana! – deyib burada yazıya nöqtə qoyacaqdım. Fəqət tanıdığım bir din adamından da şeytan barədə fikir almaq istədim. Öyrənmək istəyirdim ki, bu yazıya görə fitvamı verəcəksiniz, yoxsa S.Ə.Şirvaninin “Dəli şeytan” satirasındakı molla kimi “hərdən dəli şeytanın sözünə qulaq asmaq lazımdır” – deyəcəksiniz.

Din adamı da elə öz şagirdimiz olub. Çox danışdı... Şeytan həm insanmış, həm cin imiş... bir mələk imiş... Mələk? Onda türk müğənnisi demişkən “Xoş gəldin, mələk!”

Amma yenə də lənət şeytana!..

 





07.10.2013    çap et  çap et