525.Az

Həqiqi hisslərin poetik təzahürləri - Yusif Həsənbəyin şeirləri Nizami Cəfərovun təqdimatında


 

Həqiqi hisslərin poetik təzahürləri - <b style="color:red">Yusif Həsənbəyin şeirləri Nizami Cəfərovun təqdimatında </b>

Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəyin "Karvan" poema-pritçası həcmcə o qədər böyük olmasa da, ideya-məzmunca çox ciddi mətləblərdən söhbət açır.

Azərbaycan xalqının keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində düşdüyü acınacaqlı şərait, millətin tarixi taleyində baş verən təbəddülatlar, gələcəyə inamın itməsi təhlükəsi təsvir edilir.

Xalqın keçmişdən gələcəyə gedən həyat karvanı dayanır... Lakin karvan başçısının gəlişi ilə bütün maneələr aradan qaldırılır, o, yenidən yoluna davam edir. Və poeziyanın simvolik dili belə bir fəlsəfi həqiqəti anladır ki, öz həqiqi lideri olmayan, yaxud ondan məhrum edilmiş cəmiyyət tarixin bir mərhələsindən digərinə əzmli addımlarla keçə bilməz, başçısız millətin başına yüz qəzavü-qədər gələr.

Xalqın ruhundan qopan, təbiətinə, xarakterinə bələd olan (və onun taleyi üçün tarixi məsuliyyət daşıyan!) Lider yenidən zühur edir, başçısız (və başsız!) qalmış, ümidini itirmiş karvan Öndərin arxasınca inamla gələcəyə yol alır.

"Karvan" poemasının əsas ideyası bundan ibarətdir ki, tarixin müxtəlif dövrlərində, mərhələlərində xalqın inkişaf (həyat!) yoluna hər cür gözlənilməz maneələr çıxa bilər, ona görə də milli ictimai şüur belə böhranlı məqamlarda hərcayı fikirlərə düşməməli, gəlişi gözəl təkliflərə uymamalı, cəmiyyət milli iradənin bilavasitə ifadəsi olan Şəxsiyyətin ətrafında birləşməlidir.

Yusif Həsənbəyin "İnanmışıq, inanırıq" şeiri ideya-məzmunca "Karvan" poema-pritçasının davamıdır. Lakin poemadan fərqli olaraq şeirdə elə ilk misralardan Heydər Əliyev iradəsinin təntənəsi, bu iradəyə ümumxalq inamı, etibarı tərənnüm edilir. İnzibati tədbirlərlə deyil, öz təsirli, enerjili sözü ilə xalqı ayağa qaldırıb mütəşəkkil bir ordu kimi irəli aparan, ölkəni məhv olmaq təhlükəsindən qurtarıb iqtisadi, siyasi, mədəni inkişaf yoluna çıxaran Komandanın mükəmməl obrazı yaradılır. Şair əmindir ki, Ulu Öndərin yüksəklərə ucaltdığı bayraq gec-tez Qarabağda - Xankəndində də dalğalanacaq.

"Bakıya gəmi gəlir" şeiri Ümummilli Liderin xatirəsinin, xilaskarı olduğu məmləkətində - Azərbaycanda nə qədər əziz tutulduğunu, onun böyük şəxsiyyətinə ümummilli hörmət, ehtiram və sevgini səmimi bir dillə təqdim edir... "Gözləyirdik nə zamandı - "Qara şəhər"də ağ liman çıraqbandı. O ki bütün dənizlərə Şah, sultandı. O ki bütün gəmilərə komandandı, Flaqmandı... Meydanı ümman olanın Limanı - Azərbaycandı!"

Heç şübhəsiz, bu cür misralar yalnız həqiqi hisslərin, həyəcanların, qürurun məhsuludur.

Və həmin hisslər, həyəcanlar, qürur özünü "Ömür cala" şeirində də bütün aydınlığı ilə nümayiş etdirir.

Nizami Cəfərov
Akademik, Milli Məclisin deputatı

Yusif HƏSƏNBƏY

BAKIYA GƏMİ GƏLİR

"Prezident Heydər Əliyev" gəmisinin Bakıya gəlişi münasibətilə

Bakıya bir gəmi gəlir,
Alnındakı projektor işığıyla
Çıraqbandı,
kəhkəşandı göyüm-yerim!
Sevinirəm göz-yaşımla
Aşıb-daşır, -
Ümmanlaşır göy Xəzərim!
Gəmi gəlir, -
Zümrüd-zümrüd
şəfəqlərin qanadında!
Gəmi gəlir, -
Çiçək-çiçək küləklərin qanadında!
Gəmi gəlir, -
qartallaşan ürəklərin qanadında!
Bakıya bir gəmi gəlir, -
Ümummilli liderimiz
Heydər Əliyev adında!
Gəmi gəlir,
... Neçə qatlı göyərtələr
Toy evi tək çıraqlanır!
Başı üstə bədirlənir
gümüşü Ay.
Üfüqdəsə doğma Bakı
sahilləri bayraqlanır.
Min bir gəmi görüb Xəzər.
Amma heç vaxt gəmi - şəhər.
Gəmi - almaz.
Gəmi - gövhər
Görməyib öz həyatında!
Bakıya bir gəmi gəlir, -
Əzəl və son öndərimiz
Heydər Əliyev adında!
Gəmi gəlir, ona sarı
Havalanan dalğalar da
Bortlarına yetişincə
Diz çökürlər!
Qayalarda köpüklənən ağ ləpələr
Daşlar üstə
Ağ-ağ çiçəklər əkirlər!

Gözləyirdik nə zamandı -
"Qara şəhər" də ağ liman çıraqbandı.
O ki, bütün dənizlərə
şah, sultandı.
O ki, bütün gəmilərə
komandandı, -
Flaqmandı.
Xəzərimin hər qarışı
Yüz körpülü bir limandı.
Meydanı ümman olanın
Limanı - Azərbaycandı!
O üzürdü neçə-neçə dənizçinin
Arzusunda, muradında.
Rəssamın göz işığında,
Şairin istedadında!
Əsrlərə sığmaz, yəqin
Siqləti bu saatın da!
Bakıya bir gəmi gəlir
Heydər Əliyev adında!
Flaqşokda dalğalanan
O üçrəngli bayrağa bax!
Deyərsən bəs,
Göyqurşağıdı parlayır,
Göylərin yeddi qatında!
Bakıya bir gəmi gəlir
Heydər Əliyev adında!
Gəmi gəlir, yollarında
Nə bir çiçək, nə bir duman!
Qollarını öz sevimli övladına
Geniş-geniş açır Bakı, -
- Doğma liman.
O, gedəcək qitə-qitə, iqlim-iqlim.
Arxasınca su çiləyib,
Xeyir-dua verəcəkdir obam-elim!
O keçdikcə
Ümmanlardan-ümmanlara,
Küləyinə nə qasırğa
Nə sel çatar!
Axı, onun surətinə sürət verən
Kosmik gücü, qüdrəti var!
O getdikcə
Göydə bulud bayraqların.
Başı üstə bədirlənmiş
Gümüş Ayın.
Şəlaləylə güzgüləşən
Hər qayanın, hər dolayın
Sinəsində əks olunub
Parlayacaq!
Bortlarında qızıl-qızıl
Cilvələnən
Rəhbərin müqəddəs adı!.

Noyabr, 2004-cü il
 
ÖMÜR CALA

Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş bu şeirə, bəstəkar, Xalq artisti Süleyman Ələsgərov simfonik orkestr, xor və solist üçün eyni adlı oda bəstələmiştir.

Şükürlər olsun, ey Tanrı.
Üzümüzü ağ elədin!
Bir oğul verdin sən bizə,
Ərzi çılçıraq elədin!

Ömrümüzdən kəsib onun
Ömrünə sən ömür cala!
Nur ələnir baxışlardan
Keçdiyi cığıra, yola!

O, yurdumun bu günüdür.
Ellərimin gələcəyi!
O, xalqımın ürəyidir,
Xalq da rəhbərin ürəyi!

1998

 





14.06.2019    çap et  çap et