525.Az

"Gün kimi aydındır, sevmirsən məni..." - Elvin Nurinin şeirləri


 

"Gün kimi aydındır, sevmirsən məni..." - <b style="color:red">Elvin Nurinin şeirləri</b>

BİR UŞAQLIQ OYUNUYDU O SEVDA...

Ömrümüzdə iz qoyubdur, silinməz,
Bir uşaqlıq oyunuydu o sevda.
Adı nəydi, xəyalı da görünməz,
Bir uşaqlıq oyunuydu o sevda.

Necə közdür, heç odu da qalmayıb,
İnadmıydı, inadı da qalmayıb,
Yaddaşımda heç adı da qalmayıb,
Bir uşaqlıq oyunuydu o sevda.

Qalan deyil o həmişə, bilmədik,
Necə getdik ilk görüşə, bilmədik,
Gizlən-qaç, ya yeddi şüşə, bilmədik,
Bir uşaqlıq oyunuydu o sevda.

Çox sevgini var-dövlətə satdılar,
Günəş kimi saraldılar, batdılar,
Sevgi deyib, başımızı qatdılar,
Bir uşaqlıq oyunuydu o sevda.

Bir dəlinin başındakı ağıldır,
Yeddi şüşə... Düzdük onu, dağıldı,
Bir röyaydı, bir yuxuydu, nağıldı,
Bir uşaqlıq oyunuydu o sevda.

Hərdən qəmli, çox zaman da şən oldu,
Qəlbimin ilk duyğuları cəm oldu,
Cığallığı eyləyəni sən oldun,
Bir uşaqlıq oyunuydu o sevda.

Axı necə yol vermişik səhvə biz,
Güc gəlmədik boz qurda biz, divə biz,
Axırda da küsüb getdik evə biz,
Bir uşaqlıq oyunuydu o sevda...

SƏN TALEYİN ÖZÜNÜ DƏ ALDADAN...

Dərd boylanır gözlərindən gözümə,
Dərdi evə aparasan, bəlkə, sən.
Kədər sənin növbənövdür könlündə,
Sanki dərdlər hakim olan ölkəsən.
 
Götürməsin bir eşq qəmdən mayasın,
Qəbul olsun qəlbin vüsal duası,
Düşmür vüsal günəşinin şüası,
Mənim sevda bağım üçün kölgəsən.

Nisgildənmi yoğrulubdur bu sevgi?
Qəm içində boğulubdur bu sevgi,
Ümidlərlə doğulubdur bu sevgi,
Bəlkə, ölsə, xatirəyə bükəsən?!

Gerçəyini, düzünü də aldadan,
Düzü görən gözünü də aldadan,
Sən taleyin özünü də aldadan
Bir məkrli, bir hiyləgər tülküsən.

Hicran mənim, vüsal mənim, sirr mənim,
"Sevgi" adlı ziyarətgah, pir mənim,
Naşı eşqlə eşqimə yox bir mənim
Sən sevginin özünə də ləkəsən.

ALLAH DA BİZDƏN BEZİB...

Göz yaşı tökmək olmur,
Dərd qəddin bükmək olmur,
Dərddən ah çəkmək olmur,
O "ah" da bizdən bezib.

Ürəyə dərd saçılır,
Dərddən hara qaçırıq?
Nə könülsüz açılır,
Sabah da bizdən bezib.

Qəlblər yaxır sözümüz,
Bilmirikmi özümüz?
Heç doymayır gözümüz,
Tamah da bizdən bezib.

Yuxum xeyrə yozulmur,
Bəxtdə düyün, çözülmür,
Bax, sol çiynə yazılmır,
Günah da bizdən bezib.

Etdik neçə şikayət,
Gündüz, gecə şikayət,
Olmaz bunca şikayət,
Allah da bizdən bezib...

GÜN KİMİ AYDINDIR...

Gün kimi aydındır, sevmirsən məni,
Daha ürəyin də mənimki deyil.
Səninçün yazmışam neçə nəğməmi,
İstəsən, oxuyum, ya bir-bir deyim...

Gün kimi aydındır, soyudun məndən,
Daha baxışların özgədir, yaddır.
Hərarət almadı, eh, odun məndən,
Gedişin küskünlük, yoxsa, inaddır?

Gün kimi aydındır, baxışların da
Qışın oğlan çağın mənə andırır.
Gözündən süzülən yağışların da
Soyutmur atəşi, məni yandırır.

Gün kimi aydındır, vüsalımıza
Həsrət qalib gəlib, qələbə çalmış.
Kim yanar, üzülər bu halımıza,
Yalnız səadətdən xatirə qalmış...

Gün kimi aydındır, yaza gecikdik,
Gülüm, üzümüz də qışadır daha.
O qoşa günləri yolda itirdik,
Məni xatirələr yaşadır daha...

Özgəni isidən odun var sənin,
Qüssəmə, dərdimə qənim deyilsən.
Yadın taleyində adın var sənin,
Gün kimi aydındır, mənim deyilsən...

Gördük səadəti ancaq röyada,
Birlikdə biz yuva qurammamışıq.
Gün kimi aydındır, biz bu dünyada
Bir-birimiz üçün yaranmamışıq...

O Günəş sənindir, bu çən mənimki,
Gözləmək əbəsdir bəxtdən möcüzə.
Nə mən səninkiyəm, nə sən mənimki,
Gün kimi, gün kimi aydındır bizə...

VAXTDIR...

Vaxtdır, ürəyindən atasan məni,
Bəlkə, yaddaşına gətirməyəsən.
Ya da əllərində tutasan məni,
Bəlkə, ömür boyu itirməyəsən...

Vaxtdır, ayrılığı gətirək dilə,
Vaxtdır, tənhalığın qoynuna düşək.
Vaxtdır, ömrü-günü verməmiş yelə
Taleyin amansız oynuna düşək...

Vaxtdır, gözümüzdən yaş gələcəkdir,
Yağacaq intizar yağışlarımız.
Vaxtdır, dilimizə "kaş" gələcəkdir,
Qəmə büküləcək baxışlarımız...

Hər şeyin öz vaxtı, vədəsi varmış,
Vüsalın vaxtı var, hicranın vaxtı.
Üstümüzdə həsrət kölgəsi varmış,
Hicranın könüldə şimşəyi çaxdı...

Vaxtdır, əllərimiz üzülməliymiş,
Sənin taleyində yoxam mən daha.
Məni axtarmağın səbəbi nəymiş?
Mənim qismətimdə deyilsən daha...

Vaxtdır, gəl, soyuyaq bir-birimizdən,
"Biz" yoxdur, daha"sən", bir də ki, "mən" var.
Uçar bu xoşbəxtlik əllərimizdən,
Sevincin yerində qövr edən qəm var...

Vaxtdır, susur artıq vüsal nəğməsi,
Bezib, sevgi bizi istəmir daha.
Vaxtdır, yavaş-yavaş əcəlin səsi
Eşqin qulağında səslənir daha...

Günahı görürsən məndə niyə sən?
Vaxtdır, haçalanır yollarımız da.
Daha son nəfəsin verir, deyəsən,
Vaxtdır, bu eşq ölür qollarımızda...

 





20.06.2019    çap et  çap et