525.Az

Dost


 

Dost<b style="color:red"></b>

Doğrudan da qəribə, qəribədən də qəribədir həyat. Niyə gəlir, niyə gedir insan bu dünyadan. Həyatın da mənasını sona qədər anlaya, dərk edə bilmirsən. Ömür, yaşadığımız illər dünyanın min illərdən bəri mövcud olduğu ilə müqayisədə bir göz qırpımıdır. Bu göz qırpımından ötəri dünyaya gəlməyə dəyərmi?! Suallar çox, cavab isə yox! Bu bir göz qırpımını min bir əzab-əziyyətlə yaşayır, başa vururuq. Bir gün amansız əcəl başımızın üstünü kəsəndə yenə yaşamaq istəyir, həyatdan daha güclü yapışmağa çalışırıq... Ancaq ölüm hər şeydən, həyatdan, dünyadan güclüdür (nə bilim, bəlkə ölümü tanrı yaradıb ki, onun əli ilə dünyanı idarə etsin). Axı ölümə çarə yoxdur. O labüddür.  

...Uzaq qohum, hər ikimiz kəbirli olsaq da yoldaş olmamışdıq. Hərəmiz bir rayonda böyüdüyümüz üçün bir-birimizi tanımır, heç görməmişdik də. Amma aramızdakı xeyli yaş fərqinə baxmayaraq tez yaxınlaşıb, doslaşdıq. Əvvəllər sadəlik gözəllik ifadəsinin fərqinə varmır, əhəmiyyət vermirdim. Onu tanıyana qədər... İlahi, insan nə qədər sadə, yumşaq qəlbli, təmiz, uşaq ürəkli, çeşmə suyu tək saf və pak olarmış. Məndən böyük olduğu üçün ona zarafatla dayı deyə müraciət edirdim. O, qürbət eldə mənim bel bağlayıb, istədiyim zaman qucaq aça biləcəyim yeganə və təmənnasız dostum və qohumum Vahid! Vahid Vahid idi...

Təbəssümdən ürəklərə nur süzülən, baxışından rəhmdillik, xeyirxahlıq yağan, bir kimsənin pis deyə bilmədiyi İNSAN!!! Hər dərdə yanan, həmişə başqasına köməyə tələsən, başın üstə nanə yarpağı tək əsən DOST!!! 

Belələrinə həyatda qəribə adam adı verirlər. Özünü unudub, başqasının diləyinə yetmək məgər qəribəlikdir?! Qəribə adamlar məncə belələrinə qəribə adı verib, qəribə münasibət bəsləyənlər özləridilər.

O, təkcə xeyirxaq deyildi. Həmi də haqq, ədalət, həqiqət carçısı, çələngi idi. 

...Qonaq getmişdim. Telefona çağırdılar. Sarı Fazil idi zəng edən. Söylədi ki, Vahid vəfat edib. Vahid və ölüm! Bu iki sözün mənası, deyimi məni dəli etdi. Gözlərim qaraldı. Dünyanın, təbiətin, həyatın mənasını beynimdə bir daha çözələdim. Təsəlli, səbr yeri tapa bilmədim.

Ömür boyu başqalarından ötrü çalışan, yaşayan sən axı hələ özün xoş bir gün yaşamamışdın. Ölüm sənə yaraşmırdı, qardaş?! Ölüm və sən! Niyə məhz ölüm və sən!

Heç bir ürək yarası axıra kimi, sağalmır və bir də dünyanı tərk edən gözəl insanların ölümünə ona görə yanıb-tökülərsən ki, bu gen dünyada onun yerini tutan tapılmır. Ölənin yeri həmişə aydın görünür.

Yerin görünür, qardaş! Unuda bilmirəm xoş gülüşünü, görmək istəyirəm şıx görünüşünü. Getmirsən gözüm önündən, düşmürsən dilimin sözündən. Həmişə səninlə, əziz xatirənləyəm. Bir Allah bilir nə çəkdiyimi... Tez-tez beynimi yükləyib, yaddaşımı çözələyirəm. Onu daş olub, yadlaşmağa qoymuram. Ömür nədir ki?! Bir addımlıq ömrün vardı, onu da sənə çox gördü bu fələk...       

 Adil Misirli

 





08.10.2013    çap et  çap et