525.Az

Dinlərin tarixi və mahiyyəti haqqında sanballı nəşr


 

Dinlərin tarixi və mahiyyəti haqqında sanballı nəşr<b style="color:red"></b>

İDRİS ABBASOVUN “DİN TƏHLÜKƏDİR, YOXSA CƏMİYYƏT TƏHLÜKƏLİDİR?” KİTABI İŞIQ ÜZÜ GÖRÜB 

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent İdris Abbasovun sayca dördüncü – “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitabı işıq üzü görüb. Kitab min illər boyu bəşəriyyəti düşündürən fundamental bir mövzuya – dinin cəmiyyətdə rolu məsələsinə həsr edilib. Bu çətin, mürəkkəb problemin öhdəsindən gəlmək üçün müəllifin həm ciddi nəzəri-elmi bazası, həm də praktiki təcrübəsi var: o, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsini fərqlənmə ilə başa vurub. Dünyanın mötəbər elm ocaqlarından sayılan “Əl-Əzhər” Universiteti nəzdində ərəb dili və İslam elmləri üzrə beynəlxalq elmi kursu bitirib, Qahirə Universiteti Mərkəzində Ərəb dili və İslam mədəniyyəti üzrə Treyninq Proqramının uğurlu iştirakçısı olub. Üst-üstə on beş ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğul olan İ.Abbasov on ildən artıq Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəhbəri vəzifəsində çalışıb. Bu müddət ərzində dini məsələlərlə bağlı mətbuatda müntəzəm çıxış edib. Naxçıvan Dövlət Televiziyasında “Tanrı yolu, haqq yolu” və “İslam olduğu kimi” proqramlarının aparıcısı olub. Vaxtaşırı beynəlxalq konfranslarda iştirak edib, o cümlədən Avrasiya İslam Şurası Təşkilatının altıncı və yeddinci konfranslarında məruzələrlə çıxış edib, xarici mətbuata və telekanallara müsahibələr verib. Onun “Dini-elmi-əxlaqi söhbətlər” adlı kitabı işıq üzü görüb”.

Kitaba önsöz yazmış tənqidçi Əsəd Cahangir bu əsəri İdris Abbasovun çoxillik elmi və praktik fəaliyyətinin məntiqi yekunu kimi dəyərləndirib: “Texnogen sivilizasiya üçün səciyyəvi olan mənəvi-əxlaqi deqradasiyaya qarşı çoxəsrlik dini ideallar mövqeyindən çıxış edən müəllif zəngin dini-elmi-fəlsəfi mənbələrə istinadən dini inancın mahiyyəti, ayrı-ayrı dinlərin tarixi, dinlərin təsnifatı, çoxsaylı məzhəb və təriqətlər haqqında zəngin məlumat verir. Dini inanc kimi həssas bir mövzudan bəhs edən müəllifin məsələyə yanaşmasında iki cəhət diqqəti cəlb edir: birincisi, hər hansı konkret dini inanc mövqeyinin fövqünə qalxaraq fərqli dinlərə tolerant münasibət bəsləmək. İkincisi, polemikalardan yan keçərək yalnız faktların dili ilə danışmaq və nəticəni oxucunun öz öhdəsinə buraxmaq.

Sadə, aydın bir dildə, elmi üslubda yazılmış bu kitabın sivilizasiya və mədəniyyətlərin toqquşduğu çağdaş dünyada oxucunu həm etik-mənəvi, həm də intellektual cəhətdən zənginləşdirəcəyi, ona dini inanc kimi ciddi və həyati bir məsələdə düzgün seçim etməkdə kömək edəcəyi şübhəsizdir”.

Müəllif İ.Abbasov özü isə kitabda vurğulayır: “Yadda saxlamaq lazımdır ki, dindar olmaq tərki-dünya olmaq demək deyildir. Cəmiyyətin rifah və rahatlığı üçün liberal baxış tərəfdarı olarkən dinamikliyi və funksionallığı itirməmək lazımdır. Azad düşüncəyə sahib olmaqla konkret bir günaha batmamaq üçün vicdanlı yanaşma ortya qoyulmalıdır. Laqeyd, məsuliyyətsiz həyat tərzi qəbuledilməzdir. Nəcib insan olub qərarsız olmaq olmaz, qərarlı olub mövhumatçı olmaq qəbuledilməzdir. Sərbəst düşüncəli insan olmaq xoş qarşılanır, fəqət sərbəst düşüncəli olub qeyri-ciddi olmaq xoş deyildir. Xeyirxah adamın lovğa olması əxlaqla uzlaşmır. Bəşəri qərarsızlıq daimi stabilliyə zəmanət vermir. Bir kəsin azadlığı başqalarına ziyan verməməlidir və bir şəxsin varlanması başqalarının həyat şansına qənim kəsilməməlidir. Beləliklə, bütün bəşəriyyət ləyaqətli və nizamlı cəmiyyətdə yaşamaq arzusundadır. Bir sıra müasir müəlliflər hələ də ateizmi canlı tutaraq dini inancları ittiham edir, dini bütün şər işlərin mənbəyi, nağıl, əfsanə, təmas etdiyi hər şeyi zəhərləyən, istər fundamentalist, istərsə də liberalist səviyyələrdə cəmiyyət üçün təhlükəli hesab edirlər. Bu qəlibdən olan alimlər marksizmə və Darvinin insanın meymundan əmələ gəlməsi ilə bağlı təkamül nəzəriyyəsinə səcdə edərək dinə mif, magiya və ya primitiv təfəkkürün qalıqları kimi baxmaqdadırlar. Amma bütün bunları deyərkən onlar elmi faktlara istinad etmədiklərindən gətirdikləri arqumentlər özünü doğrultmur. Britaniyalı filosof və ilahiyyatçı alim Keys Vardın fikrincə, bizim Allah haqqında düşüncələrimiz xarici aləmdə dərk edilmiş bir obyekt yox, bəlli bir təsəvvürün təzahürüdür. Bəşər təsəvvürü məhdud xarakter daşıyır. Məsələn, riyaziyyatçılar riyaziyyatı icad etmələrinə inanmırlar. Onlar mümkün qədər öz kreativ təxəyyüllərini tətbiq etməklə obyektiv həqiqətlər təmayülünü kəşf etdiklərini qəbul edirlər. Bu minvalla da dindar insanlar heç də qeyri-adi reallığı kəşf etdiklərini sanmırlar, fəqət öz inanc və təcrübələri əsasında axtarır, kəşf edir və onunla təmas qururlar”.  

Şübhəsiz ki, dini mətnlərdən sui-istifadə etmə hallarına tez-tez rast gəlinir. Bu cür yanaşanlar yüksək bəşəri ideyaları – Allah sevgisini, mərhəməti, şəfqəti, qarşılıqlı yardımlaşmanı, birlik və bərabərliyi, sosial ədaləti və s. – təbliğ edən maddələri, surə və ayələri bir tərəfə qoyub, ayrı-ayrı ayələri kontekstdən kənara çıxaraq tarixi mənası olmayan, yaxud interpretasiyanın ümumi ənənələrinə riayət etmədən tətbiq etməyə çalışırlar. Ekstremistlər öz fanatizmlərinə haqq qazandırmaq üçün həqiqətin açarı olan kompleks yanaşmadan boyun qaçıraraq müqəddəs kitablardan əxz etdikləri ayələrə kontekstdən kənar yanaşırlar. Halbuki tolerantlıq, sülh, sevgi, qarşılıqlı hörmət və ehtiram, təvazökarlıq, mərhəmət və anlaşmaya dəvət edən ilahi dinlərin və səmavi kitabların mahiyyətinə göz yumurlar. Qəribə olsa da, günümüzün müasir ateistləri dini gözdən salmaqla faktiki olaraq fanatiklərə yardım edirlər”.

Alim qeyd edir ki, dinin zərərli olub-olmamasına gəlincə, unutmamaq lazımdır ki, təkcə dini inanclardan deyil, ümumiyyətlə, bütün inanclardan potensial şəkildə sui-istifadə edilə bilər, yəni az qala bütün bəşəri inanclar və institutlar nifrət və ədalətsizliklər naminə pis məqsədlər üçün səfərbər edilə bilər: “Zərərli dini inancların və zərərli qeyri-dini inancların olduğu məlumdur. İnancları zərərli edən din yox, nifrət, cahillik, tamahkarlıq, güc və səlahiyyət arzusu, başqalarına qarşı etinasızlıqdır. Din dözümsüzlüyü təbliğ etmir, əksinə, dözümsüzlük özünün real səbəblərini ört-basdır etmək və ona saxta “əxlaqi” don geyindirmək üçün dindən istifadə edir”.

Kitabın müəllifi bu qənaətə gəlir: “Beləliklə, insan fitrətinin ayrılmaz hissəsi olan, birbaşa qəlblərə xitab edən və yüksək bəşəri idealların carçısı olan din mənəvi saflıq, ucalıq, kamillik rəmzi kimi  cəmiyyətin mövcud olma şərtidir. Deməli, din təhlükə deyildir, əksinə, dinsiz və ya dindən sui-istifadə edən cəmiyyətlər potensial təhlükə altındadır”.

Kitabdakı materiallar 14 bölümdə təqdim olunub. İlk bölümdə dinlərin təsnifi yer alıb. Sonrakı bölmələrdə din elmləri, ibtidai qəbilə, milli və ilahi dinlər mövzuları geniş tədqiq olunub.

Nəşrdə həmçinin yəhudilik və xristianlığın tarixi, məzhəbləri, xristianlığın başqa dinlərə münasibəti məsələləri öz əksini tapıb.

İslam dini ilə bağlı da geniş araşdırma materialları oxuculara təqdim edilib. Kitabda İslam məzhəbləri- xaricilik, şiəlik, ismaililik, zeydilik, mötəzililik , dürzilik və sair, eləcə də islam təriqətləri cüneydilik, qadirilik, bektaşilik, ələvilik, mövləvilik, nəqşibəndilik, xəlvətilik, bayramilik, hürufilik, qızılbaşlıq haqqında maraqlı məlumat və faktlar yer alıb. On üçüncü bölümdə isə islam dünyasında bəzi dini-siyasi və sinkretik cərəyanlar – vəhhabilik, babilik və bəhailik və sair mövzular dərindən işlənib.

Müəllif həmçinin kitabda bəzi dini-elmi istilahların şərhini də verib.  

Sevinc MÜRVƏTQIZI

 





09.10.2013    çap et  çap et