525.Az

"Azərenerji"nin Reabilitasiya Proqramı və yeni hədəflər


 

"Azərenerji"nin Reabilitasiya Proqramı və yeni hədəflər<b style="color:red"></b>

Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir.

Ümummill ilider Heydər  Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin energetika kompleksinin, o cümlədən, elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirərək, bu sahədə misilsiz quruculuq işləri həyata keçirib. Ümummillıi  liderin 1993-cü ildə xalqın istək və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə əsaslı islahatların aparılmasına başlandı. Azərbaycanın enerji sektorunun inkişafına, enerji  təhlükəsizliyinə böyük önəm verən ulu öndərin diqqət və qayğısı sayəsində ölkənin, o cümlədən, Bakı şəhərinin elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi. Bu səbəbdən də Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətin enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin adı ilə bağlıdır.

Heydər Əliyevin müəyyənləşdirdiyi  strateji  kursu bu gün uğurla həyata keçirən Prezident İlham Əliyevin ölkənin enerji təhlükəsizliyinin təminatındakı xidmətləri isə göz önündədir.

Azərbaycan bu gün Avropanın ən etibarlı enerji təminatçısıdır. Bütün bunlar isə dövlət başçısının gərgin əməyi, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində reallaşıb.  Dövlət başçısının daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkənin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulub. Bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılmışdır ki, bu da ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində inkişafına təkan verir. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə energetikanın maddi-texniki bazası möhkəmləndirilib, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilib, mövcud elektrik stansiyalarının modernləşdirilməsi prosesi geniş vüsət alıb. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılıb. Bu gün Azərbaycanın ən ucqar dağ kəndlərinə çəkilən elektrik xətlərinin hər bir evə nur paylaması deyilənlərin təsdiqidir.  Bir sözlə, Prezident İlham Əliyevin reallaşdırdığı "İşıqlı Azərbaycan" layihəsi uğurla gerçəkləşir.

"Azərenerji" ASC-nin prezidenti Baba Rzayevin sözlərinə görə,  son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşir, onların gücü artırılır. Son 14 ildə ölkədə 30 yeni elektrik stansiyası tikilərək istismara verilib, mövcud generasiya müəssisələri yenidən qurularaq modernləşdirilib. Elektrik enerjisinin istehsal potensialı ölkədaxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanı da yaradıb.

B.Rzayev bildirib ki, Azərbaycanın sosial-iqtisadi həyatında vacib əhəmiyyətli rolu olan elektrik enerjisi sektorunda həyata keçirilən məqsədyönlü davamlı islahatlar nəticəsində enerjisistemin generasiya gücləri yüksək dərəcədə artırılıb, ötürücü və idarəetmə infrastrukturunun təkmilləşdirilməsi, eyni zamanda, innovativ texnologiyaların tətbiqi ilə müasir tələblərə uyğun inkişafı istiqamətində zəruri addımlar atılır. İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində hər mövsüməuyğun genişmiqyaslı tədbirlər reallaşdırılır: "Energetika sahəsindəki indiki uğurlarımız, bugünkü enerji müstəqilliyi, ölkəmizin sabahının parlaq olmasına hesablanan enerji siyasətinin əsası məhz Ümummilli lider Heydər Əliyevin həm Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrlərdə, həm də onun 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə rəhbərlik etdiyi illərdə qoyulub. Məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1970-80-ci illərdə Mingəçevirdə Cənubi Qafqazın ən iri istilik elektrik stansiyasının (İES) - "Azərbaycan" İES-in tikilərək istifadəyə verilməsi, 1970-ci ildə ümumi gücü 22 MVt olan Araz Su Elektrik Stansiyasının (SES), 1976-cı ildə ümumi gücü 50 MVt olan və hazırda erməni silahlı birləşmələrinin işğalı altında olan Tərtər SES-in, 1982-ci ildə ümumi gücü 380 MVt olan Şəmkir SES-in inşası, elektrik şəbəkələrinin sistemli inkişafı və respublikamızda dayanıqlı enerji sisteminin yaradılması məqsədilə elektrik verilişi xətlərinin, qovşaq yarımstansiyalarının istismara verilməsi, bir sıra yeni generasiya güclərinin işə salınması bugünkü müstəqilliyimizə xidmət edən misilsiz tarixi nailiyyətlər olub. Bütün bunların məntiqi nəticəsi olaraq hələ sovet dövründə Azərbaycanın enerji müstəqilliyinin mövcud olmasını görmək mümkündür. İttifaq respublikaları arasında enerji sektorunda respublikamızın çəkisi, payı və müstəqilliyi digərlərindən kəskin fərqlənirdi.  Lakin SSRİ-nin dağılması ilə, bütün respublikalarda siyasi vəziyyətin pisləşməsi, münaqişələr, xaos, həmçinin Azərbaycanın müstəqilliyinin ilkin dövrlərində rəhbər şəxslərin səriştəsizliyi ucbatından ölkə energetikası baxımsız vəziyyətə düşdü. Enerji sisteminə, o cümlədən enerji çatışmazlığı üzündən iqtisadiyyata külli miqdarda maddi ziyan dəydi. Ümummilli lideri Heydər Əliyev bu problemin qısa müddətdə həlli üçün zəruri tədbirlər müəyyənləşdirdi. Dahi öndərin rəhbərliyi ilə irimiqyaslı layihələrə başlanıldı. Mövcud elektrik stansiyalarının yenidən qurulması və modernləşdirilməsi üçün böyük bir prosesə start verildi. 1996-cı ildə dövlət başçısının fərmanı ilə "Azərenerji" ASC təsis edildi və bu qurumun ölkədə yeni iqtisadi münasibətlərin tələblərinə uyğun qurulması və səmərəli fəaliyyəti üçün lazımi şərait yaradıldı. Ümumilikdə 1993-2003-cü illərdə enerji sisteminin dirçəldilməsi üçün həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycanın enerji siyasəti enerji təhlükəsizliyi üçün basis rolunu oynadı".

B.Rzayev qeyd edib ki, "Azərenerji" ASC Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqeyə malikdir. Hazırda ASC-nin tərkibində gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya; "Mingəçevir", "Şəmkir", "Yenikənd", "Füzuli", "Taxtakörpü", "Şəmkirçay" və "Varvara" daxil olmaqla 7 su elektrik stansiyası (SES), "Göyçay", "İsmayıllı-1", "İsmayıllı-2", "Balakən-1" və "Qusar" da daxil olmaqla, 5 ədəd kiçik su elektrik stansiyası, "Azərbaycan", "Cənub", "Sumqayıt", "Şimal", "Səngəçal", "Bakı İEM", "Bakı", "Şahdağ", "Astara" , "Şəki" və "Xaçmaz" da daxil olmaqla, 11 istilik elektrik stansiyası (İES) daxildir. ASC Naxçıvanın da işıqlandırılmasında müstəsna rol oynayır. Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisində "Naxçıvan" istilik elektrik stansiyası, "Naxçıvan" qaz-turbin elektrik stansiyası, "Araz", "Arpaçay-1", "Arpaçay-2", "Vayxır", "Biləv" su elektrik stansiyaları və "Naxçıvan" günəş elektrik stansiyası mövcuddur. Yaxın bir neçə il ərzində bir sıra yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidən qurulması planlaşdırılır.

B.Rzayevin dediyinə görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti "Reabilitasiya Proqramı" çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, "Səngəçal" Elektrik Stansiyasında da "itirilmiş" gücün bərpa edilməsi istiqamətində işləri davam etdirir. Qeyd edim ki, ötən ilin payızında qəbul edilən "Peabilitasiya Proqramına" qədər "Səngəçal" Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 MVt "itirilmiş" güc bərpa edilib. Eyni zamanda, işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub.

Həmin işləməyən 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 MVt "itirilmiş" güc bərpa edilib. Bununla da "Reabilitasiya Proqramı" çərçivisində "Səngəçal" Elektrik Stansiyası üzrə itirilmiş gücün bərpası 62 MVt-a çatdırılıb. Ümumilikdə isə ilin sonuna qədər "Səngəçal" ES-də aparılan işlər nəticəsində 90 meqavat "itirilmiş" güc bərpa olunacaq və bununla da Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlığı və dayanıqlığı üçün daha bir addım atılmış olacaq.

Məlumat üçün deyim ki, "Azərenerji" ASC "Reablitasiya Proqramı" çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir: "Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında ötən ilin iyul ayının 3-də baş verən qəza və bunun nəticəsində enerjisistemin çökməsi, Şirvan şəhərində yerləşən ölkənin ikinci böyük elektrik stansiyası olan "Cənub" Elektrik Stansiyasındakı 2 ədəd 330 kV-luq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olmuşdu. Həmin sıradan çıxan, gərginliyi 330, 220 və 6 kV-a çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək "Cənub" Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. Nəticədə, 330 və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb.

Hazırda Cənub Elektrik Stansiyasında su durulducu hovuz və dövran nasosları təmir edilir ki, bu da su sızmasının qarşısını almaqla etibarlığın artırılmasına xidmət edəcək. Yaxın günlərdə isə 110 Kv-luq qapalı paylayıcı qurguda bərpa işlərinə başlanılacaq. Eyni zamanda hazırda "Cənub" elektrik stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 25 km məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz kompressorları sitemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 milyon kVts elektrik enerjisinə qənaət edilərək həmin 7 milyon kVts elektrik enerji yükü ümumi sistemə ötürüləcək. Paralel olaraq hazırda "Cənub" Elektrik Stansiyasından "Xırdalan" yarımstansiyasına 108 km məsafədə 220 kV-luq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkilir və işlər yekunlaşmaq üzrədir. Qeyd edim ki, "Azərenerji" ASC-nin ötən ilin payızından sonra "Reabilitasiya Proqramı" çərçivəsində "Cənub" Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir sazlama işlər nəticəsində stansiyanın gücü 520 MVt-dan 720 MVt-ya qaldırılıb və bununla da 200 MVt itirilmiş güc bərpa olunub".

B.Rzayev vurğulayıb ki, Azərenerji" ASC 2019-cu ilin arxada qalan birinci rübü ərzində 6.151 milyard kvts elektrik enerjisi istehsal edib. Bu isə ötən ilin birinci rübü ilə müqayisədə 153 milyon kvts və ya 2,5 % çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5.998 milyard kvts elektrik enerjisi istehsal edilmişdi. Bundan əlavə elektik enerjisinin ixraçı da ötən ilin mart ayı ilə müqayisədə artırılıb. Əgər 2018-ci ilin mart ayında qonşu ölkələrə 131 milyon kvts elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin mart ayında 161 milyon kvts ixrac edilib. Bu isə 30 milyon kvts və ya 23 % artım deməkdir: "Bir faktı da qeyd edək ki, 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1 % çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan təlabat tempinin getdikcə yüksəldiyini göstərir".

İsgəndər HƏSƏNOV
Yazı "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





26.06.2019    çap et  çap et