525.Az

Avropo ittifaqının nümayəndələri Şamaxı və İsmayıllıda


 

Avropo ittifaqının nümayəndələri Şamaxı və İsmayıllıda <b style="color:red"></b>

Azərbaycanda səfərdə olan Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun (DG NEAR) Avropa Komissiyası bölmə rəhbərləri Lourens Meredit və Mark Conston Avropa İttifaqının maliyyələşdirdiyi layihələrlə tanış olmaq üçün bu ilin iyun ayının 26-da Şamaxı və İsmayıllı rayonlarına səfər ediblər.

Səfər zamanı bölmə rəhbərləri Şamaxıda Avropa İttifaqının maliyyələşdirdiyi Kənd Yerləri və Regionların İnkişafına Dəstək üzrə Texniki Yardım layihəsinə baş çəkiblər.

Avropa İttifaqının regionların inkişafını layihəsi çərçivəsində bölmə rəhbərləri əvvəlcə Şamaxıda İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədovla görüşblər. Çay süfrəsi ətrafında baş tutan səmimi görüşdə İH-nin başçısı qonaqları rayonda görməkdən şad olduğunu bildirərək, Şamaxının qədim tarixi, bu günü və hazırda burada həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonaqlar Azərbaycan haqda öz duyğu və düşüncələrini dilə gətiriblər.

Sonra rəsmi görüş baş tutub.

Görüşdə Aİ və Azərbaycan arasında kənd yerləri və regionların inkişafı istiqamətindəki əməkdaşlığı müzakirə edilib.

Tədbir zamanı Şamaxı rayonunda üzümçülüyün genişləndirilməsi məsələsinin təqdimatı keçirilib.

Bildirilib ki, 2017-ci ilin yanvar ayından həyata keçirilən layihə iqtisadiyyatın şaxələndiriləməsinə və Quba-Xaçmaz, Dağlıq Şirvan və Göyçay regionlarının davamlı inkişafına töhfə verir. Layihənin əsas komponentlərindən biri regional inkişaf planlarının proqramlaşdırılması və həyata keçirilməsində hədəf rayonları dəstəkləməkdir ki, burada yerli hakimiyyət qurumları, çoxsaylı özəl və dövlət tərəfdaşları fəal iştirak edirlər.

Bu illər ərzində fermerlər üçün kooperativlərin təşkil olunması, məhsuldarlığın genişləndirilməsi və məhsulların eksport potensialı barədə, Avropa da daxil olmaqla, yeni bazarların reallaşdırılması barədə treninqlər keçirilmişdir.

Müzakirə zamanı layihənin məqsədindən danışan layihə təşkilatçıları bildiriblər ki, aqrar-iqlim şəraitinə görə üzümçülük sahəsində müəyyən imtiyazlara malik olan Şamaxı rayonunda həyata keçirilən Aİ layihəsinin komponentlərindən biri yerli fermerləri təlim sessiyaları və təlim səfərlərinə cəlb etməklə, onlara mini şərabçılıq texnologiyalarını öyrətməklə şərab istehsalına dəstək göstərməkdir.

“Avropa İttifaqının regionların və kənd yerlərinin inkişafına göstərdiyi dəstək Azərbaycanla əməkdaşlığımızın əsas prioritetlərindən biridir. İnsanlar bu gündəliyin özəyini təşkil edir. Bizim layihələrimizin kiçik və orta müəssisələrlə, ailə biznesləri ilə birbaşa işlədiklərini, onlara bilik və bacarıq aşılamaqla bizneslərinin inkişaf etdirdiklərini, yein iş yerləri və imkanlar yaratdığını bilmək mənə xoşdur” – deyə Lourens Meredit bildirib.

Turizmin inkişaf etdirilməsi məqsədi ilə şərabçılığın genişləndirilməsi üçün məhsulun keyfiyyətinin artırılması, yerli üzüm sortlarının yetişdirilməsi barədə müzakirələrdən sonra nümayədə heyəti Şamaxının Məlcək kəndində Avropa İttifaqının layihəsindən bəhrələnmiş fermerlərlə görüşüblər. Fermerlər həyata keçirilən layihə ilə bağlı öz təsərrüfatları barədə qonaqlara məlumat veriblər.

Görüş çərçivəsində Avropa İttifaqının üzvləri Lourens Meynted və layihənin rəhbəri Anna Sinvik danışıblar:

Anna Sinvik: “Şamaxı regionunda görülmüş işlərə qiymət vermək üçün bura gəlmişik. Biz, əsasən, üzümçülüklə maraqlanırıq. Burada həmin sferanı inkişaf etdirmək və eksport sərhədlərini genişləndirmək üçün fermerlərlə görüş keçirdik. Şamaxıda bizim işlərimiz 2017—ci ildən başlamışdır və bu gün biz ona yekun vururuq. Şamaxı rayonundan sonra biz bu cü işləri Şəki və Zaqatala rayonlarında davam etdirəcəyik.

Lourens Meredit: “Biz hesab edirik ki, regionlarda mini-zavodlar olsa, yaxşı olardı, çünki onların sayı əvvəllər on üç olsa da, indi cəmi biri qalmışdır. Bu prosesi inkişaf etdirmək lazımdır. Biz Avropa İttifaqı tərəfindən bu işdə əməkdaşlıq etməyə hazırıq”.

Layihə səfəri zamanı bölmə rəhbərləri İsmayıllı rayonunun bu layihədən faydalanmış İvanovka kəndinə də səfər ediblər.

İsmayıllıda Avropa Komissiyası nümayəndələri regionların və kənd yerlərinin inkişafı üçün Slow Food Beynəlxalq Təşkilatının həyata keçirdiyi digər qrant layihəsindən faydalanan kiçik təsərrüfatçılarla görüşərək Slow Food konsepsiyası ilə təşviq olunan seçilmiş ərzaq məhsullarının tamına baxıblar.

Söhbət zamanı büdcəsi 1.7 milyon manat olan 3 illik layihəyə keçən ilin sentyabr ayından başlanıldığı bildirilib. Layihənin məqsədi yerli kulinariyanı, biomüxtəlifliyi, mədəni irs və davamlı gəlir mənbələrini qorumaqdır.

Layihə çərçivəsində yerli, ekoloji cəhətdən təmiz, Azərbaycanın mədəniyyətinə məxsus olan məhsullara maraq yaratmaq məqsədiylə itirilmiş məhsullar axtarıb tapılacaq, onların nəsli kəsilmə səbəblərini araşdırılacaq və onlar siyahılaşdırılacaqdır.

Azərbaycanın 5 rayonunu - Şəki, Şamaxı, İsmayıllı, Qax, Qəbələni əhatə layihədə son dörd ay ərzində 40-dan çox qida məhsulu haqda məlumat toplandığını deyən layihə icraçısı "Azərbaycan Heyvanlari Mühafizə Cəmiyyəti"nin sədri Azər Qarayev bu siyahının yerli əhalinin köməyi ilə artırılacağını, milli qida zəncirinin inşası üçün başlanmış kompaniyaya gələcəkdə daha çox yerli istehsalçıları da cəlb edəcəklərini qeyd edib.

“Layihə Azərbaycanın yerli turizimin inkişafına dəstək xarakteri daşıyır. Bu sahədə KİV-in dəstəyi çox önəmlidir” – deyə Azər Qarayev bildirib.

Görüş zamanı həmçinin bildirilib ki, bundan sonra da Avropa İttifaqı kiçik ev təsərrüfatı istehsalçılarının gəlirini artırmağa, kənd turizmini təşviq etməyə yardım edəcəkdir.

Səfər xoş əhval-ruhiyyə ilə başa çatıb.

Şəhla Aslan

 





27.06.2019    çap et  çap et