Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.
İxtisasartırma təlimlərinə BŞTİ-nin tabeliyindəki məktəblərdə işləyən 500-ə yaxın ibtidai sinif müəllimi cəlb olunub. Təlimlər hər qrup üzrə 6 gün davam edib.
Təlimi uğurla başa vurmuş müəllimlər yekun qiymətləndirmədə iştirak edərək sertifikatla təltif olunacaqlar.
Xatırladaq ki, təlimlərin keçirilməsində əsas məqsəd inklüziv təhsil sahəsində müəllimlərin əlavə təhsilinin təşkili barədə Təhsil nazirinin əmrinin icrasını təmin etməkdən ibarətdir. İxtisasartırma təlimləri BMT-nin Uşaq Fondu tərəfindən icra edilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsilə hazırlığının təmin edilməsi” layihələrinin tərkib hissəsidir.
çap et