525.Az

Aydın Mirzəzadə: “Əli Kərimliyə “dur” deməyin vaxtı çatıb”


 

Aydın Mirzəzadə: “Əli Kərimliyə “dur” deməyin vaxtı çatıb”<b style="color:red"></b>

"Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli və partiyanın funksionerləri və fəalları ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər".

Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, bunda əsas məqsəd qanunu pozmuş və buna görə də cəzalandırılmış şəxslərə bəraət qazandırmaq, cəmiyyətdə hüquq mühafizə və məhkəmə sisteminə inamsızlıq formalaşdırmaqdır: “Əslində həmin şəxslər bilavasitə Əli Kərimlinin özünün təlimatı əsasında hüquq pozuntuları törədiblər, qanunsuz aksiyalar keçirməyə cəhd ediblər, polisin qanuni tələblərini yerinə yetirməkdən imtina edərək müqavimət göstəriblər və digər bu kimi əməllərə əl atıblar. İndi də Əli Kərimli hakimiyyət orqanlarına qarşı kampaniya təşkil edir, bu cəzaların əsassız olduğunu isbat etməyə çalışır. Onun bu fəaliyyətini yalnız süni şəkildə ictimai narazılıq, müqavimət hərəkatı formalaşdırmaq, cəmiyyətdə mövcud olan sabitliyi pozmaq cəhdi kimi səciyyələndirmək olar. Belə demək mümkündürsə, Əli Kərimli artıq sözdən əmələ keçərək açıq təxribatla məşğuldur”.

O bildirib ki, bu məsələnin maraqlı tərəfi Əli Kərimlinin pozucu fəaliyyətinin diqqətdən kənarda qalması, aidiyyəti orqanların buna heç bir reaksiya verməməsidir: “Hüquq mühafizə orqanları qanunu pozub aksiya keçirən insanı saxlayır və cəzalandırır. Lakin bunun təşkilatçısına qarşı heç bir tədbir görülmür. Artıq Əli Kərimli və onun kimi açıq təxribatları təşkil edənlərə “dur” deməyin vaxtı çatıb və aidiyyəti orqanlar bu təxribatların qarşısını daha təsirli metodlarla almalıdırlar”.

 





28.06.2019    çap et  çap et