525.Az

2019-cu ilin büdcəsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi


 

2019-cu ilin büdcəsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi<b style="color:red"></b>

Milli Məclisin (MM) dünənki plenar iclasında 2019-cu ilin dövlət büdcəsi və Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın 2019-cu il büdcəsi haqqında qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin birinci oxunuşlarda müzakirəsi keçirilib.

Birinci məsələ barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin, ikinci məsələ barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin məlumatları dinlənilib. Z.Səmədzadə kölgə iqtisadiyyatının getdikcə aradan qaldırıldığını, bununla şəffaflığın təmin olunduğunu və büdcəyə daxil olan vəsaitlərin daha çoxluq təşkil etdiyini deyib.

H.Rəcəbli isə qeyd edib ki, son dəyişikliklər birbaşa əhalinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur: "Son günlər atılan addımlar göz önündədir. Bunlar inqilabi addımlardır. Hamısı birbaşa əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib".

Müzakirələr zamanı millət vəkili Tahir Kərimli bir neçə partiyanın adından hökumətə və parlament rəhbərliyinə müraciət edib. Qeyd edib ki, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir, ona görə partiyaların gücləndirilməsi, onlara ayrılan dövlət vəsaitinin artırılması lazımdır. Millət vəkili həmçinin, ölkədə proporsional seçki sisteminə qayıdış məsələsinin gündəmə gətirilməsinin vacibliyini söyləyib.

Millət vəkili Fəzail Ağamalı öz növbəsində pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib. F.Ağamalı deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar: "Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər". O, dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

H.Rəcəbli həmkarına cavab olaraq deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.

Qeyd edək ki, ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin 15 milyon manat artırılması zərurəti yaranıb. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat məbləğində əlavə daxilolma nəzərdə tutulur. Bununla əlaqədar "Büdcə sistemi haqqında" qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

Sonda hər iki qanun layihəsi səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul ediliblər.

Kamil HƏMZƏOĞLU

 





28.06.2019    çap et  çap et