525.Az

Yol hərəkəti ilə bağlı qanuna iki mühüm dəyişiklik


 

Yol hərəkəti ilə bağlı qanuna iki mühüm dəyişiklik<b style="color:red"></b>

Ölkədə yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək.

Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik təklif edilir və qanun layihəsi parlamentin dünənki iclasına çıxarılıb.

Qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanunun 5 saylı Əlavəsinin "1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti ("sarı kəsişmə toru") təklif olunur.

Layihədə bildirilib ki, yolayrıclarının "sarı kəsişmə toru" ilə işarələnməsi həm də sürücülərin bu qaydaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.

Təklif olunan növbəti nişanlardan biri də 5.53 "Daimi sağa dönmə" nişanıdır. Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir. Təqdim edilən layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulub.

Millət vəkili Elmira Axundova da dəyişiklikləri müsbət dəyərləndirib. Eyni zamanda, rayonlar və şəhərlərarası yollardakı vəziyyətdən şikayətlənib. Deyib ki, Bakı ilə bağlı problem yoxdur, amma rayonlar və şəhərlərarası yollarda hələ də problemlər var:
 
"Ona görə bu cür dəyişikliklər rayonlararası yollar üçün də nəzərdə tutulmalıdır. Mən özümə görə demirəm, ölkəmizə, bölgələrimizə gəlib-gedənlərin sayı ildən-ilə artmaqdadır. Ən azı bunlar nəzərə alınmalıdır".

Kamil HƏMZƏOĞLU

 





28.06.2019    çap et  çap et