525.Az

Peşəkarcasına və sədaqətlə...


 

Peşəkarcasına və sədaqətlə...<b style="color:red"></b>

Yüksək rütbəli bir məmurun fəaliyyətinə, gördüyü işə ictimaiyyətin, xalqın, vətəndaşların müsbət qiymət verməsi, onu xoş hisslərlə xatırlaması olduqca əlamətdar hadisədir.

Bu fikirlərin həmin insanın tutduğu yüksək dövlət postundan gedəndən sonra  səslənməsi, həm də heç bir təmənna, mənfəət güdmədən dilə gətirilməsini müşahidə eləmək isə daha əlamətdardır.

Dövlət başçısının ötən həftə imzaladığı sərəncamla general-polkovnik Ramil Usubov Daxili İşləri naziri vəzifəsindən azad edildi. 25 il ölkənin polis orqanlarına rəhbərlik edən nazirin vəzifədən getməsi, gözlənildiyi kimi, cəmiyyətdə rezonansla qarşılandı. Ayrı-ayrı media orqanlarında, saytlarda, sosial şəbəkələrdə yazılanlarda, səsləndirilən mülahizələrdə diqqəti çəkən əsas məqam isə uzun illər ölkənin daxili işlər orqanlarına rəhbərlik etmiş, fəaliyyət spesifikası daima vətəndaşlarla birbaşa ünsiyyət üzərində qurulmuş, hər kəsi razı salmağın qeyri-real olduğu böyük və çoxşaxəli bir qurumun başında duran yüksək rütbəli şəxslə - general-polkovniklə bağlı yalnız xoş, müsbət çalarlı fikirlərin yer alması idi.

Müxtəlif sosial təbəqələri təmsil edən  ayrı-ayrı vətəndaşların fikirlərində əsasən nazir kimi fəaliyyət göstərdiyi illər ərzində general-polkovnik Ramil Usubovun dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə sabitliyin, təhlükəsiz həyat şəraitinin bərpası və qorunması, mütəşəkkil cinayətkarlıqla mübarizədə dönməzliyi və prinsipiallığı, müstəsna xidmətləri qabardılırdı. Hələ ötən əsrin 90-cı illərində hüquq-mühafizə orqanlarının daxilində baş alıb gedən pərakəndəlik və hərc-mərclik şəraitində məsul vəzifəyə təyin olunan nazirin bu ağır və məsuliyyətli işin öhdəsindən peşəkarlıqla gəldiyi vurğulanırdı. Həm də hər bir vətəndaş bu fikirləri kiminsə təhrikilə yox, səmimi şəkildə, ürəklərinin hökmü ilə dilə gətirirdi.

Məsələyə özünün Feysbuk səhifəsində münasibətini açıqlayan "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" İcraiyyə Komitəsinin sədri, tanınmış QHT nümayəndəsi, hüquqşünas Sahib Məmmədov Daxili İşlər Nazirliyinə heç vaxt işi düşmədiyini, yalnız vətəndaş olaraq müraciət hüququndan (əsasən şikayət və təklif) istifadə edərək müraciət göndərdiyini xatırladır, Ramil Usubovun onun yadında vətəndaş müraciətlərinə - şikayətlərə, ərizələrə və təkliflərə ən operativ, effektiv reaksiya sxemi yaradan, müraciətləri ən ciddi araşdıran mexanizm qurmuş nazir kimi  qalacağını bildirir, general-polkovnikin həm də mütəşəkkil cinayətkarlığın qarşısını alan, ictimai asayişi təmin edən, bir sözlə, ölkənin daxili təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamış rəhbər kimi xatırlanacağını önə çəkirdi.

Başqa bir tanınmış ictimaiyyət təmsilçisi, "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə 25 il Daxili İşlər naziri vəzifəsində çalışmış Ramil Usubovun fəaliyyətinin hakimiyyət nümayəndələri tərəfindən müsbət qiymətləndirildiyini, hətta mərhum dövlət başçısı, Ümummilli lider Heydər Əliyevin çıxışlarının birində Ramil Usubovun işindən razı olması və onun öz vəzifəsində qalacağı ilə bağlı dediyi fikirləri yada salır, general-polkovnikin Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatının kökündə Prezident İlham Əliyevin bir kadr kimi onu itirmək istəmədiyini bildirir.

Azərbaycan Prezidentinin güc strukturlarında apardığı kadr dəyişiklikləri ilə bağlı fikirlərini bölüşən "AzNews.az" saytının baş redaktoru, jurnalist Taleh Şahsuvarlı Ramil Usubovun fəaliyyətinə toxunarkən ona bu illər ərzində böyük etimad göstərilməsini "sədaqətlilik və peşəkarlıq" amili ilə əsaslandırdı: "Ramil Usubov Azərbaycan tarixində Daxili İşlər naziri postunda ən uzun müddət fəaliyyət göstərmiş bir dövlət xadimidir. Ona etimadın böyük olmasını mərhum Heydər Əliyev "sədaqətlilik və peşəkarlıq" amili ilə izah etmişdi. Bu cür yüksək səriştəli bir fiqurun təcrübəsindən bundan sonra da istifadə etmək, əlbəttə, dövlət üçün mühüm və faydalıdır. Dövlət Təhlükəsizlik Şurası ölkənin ali hərbi məşvərət qurumu olaraq son dərəcə ciddi bir strukturdur. Bu strukturda katiblik vəzifəsinin bilavasitə Ramil Usubova həvalə edilməsi Dövlət Təhlükəsizlik Şurasının funksionallığının daha da artması ilə nəticələnəcək. Bu da müharibə şəraitində olan bir ölkə üçün müsbət haldır".

Yüksək rütbəli bir məmurun fəaliyyətinə, gördüyü işə ictimaiyyətin, xalqın, vətəndaşların müsbət qiymət verməsi, onu xoş hisslərlə xatırlaması olduqca əlamətdar hadisədir. Bu fikirlərin həmin insanın tutduğu yüksək dövlət postundan gedəndən sonra səslənməsi, həm də heç bir təmənna, mənfəət güdmədən dilə gətirilməsini müşahidə eləmək isə daha əlamətdardır. Amma ən əsası odur ki, deyilən, yazılan, səsləndirilən bu fikirlərin arxasında həqiqi əməli iş, peşəkar fəaliyyət, Vətənə, Dövlətə və Prezidentə sədaqət amili dayanır. Ötən əsrin 90-cı illərini, o dövrün ictimai-siyasi vəziyyətini yada salaq. Elə bir dövr idi ki, sıravi polis işçisindən tutmuş Daxili İşlər Nazirliyinin rəhbərliyinə qədər hər kəsdən təkcə gərgin zəhmət, sayıqlıq, işə məsuliyyətli və peşəkar münasibət yox, həm də böyük həyati risk tələb olunurdu. Belə bir ağır vaxtda ölkədə siyasi sabitliyin bərpa olunması, cinayətkarlığın səviyyəsinin azaldılması, vətəndaşların təhlükəsizliyinin tam təmin edilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin siyasi liderliyi, Daxili İşlər naziri Ramil Usubovun rəhbərliyi ilə Azərbaycan polisi ciddi və qəti addımlar atdı, mühüm tədbirlər həyata keçirdi. Dövlət başçısının daxili işlər orqanları qarşısında qoyduğu konkret vəzifələri yerinə yetirmək, polis sistemində ciddi nizam-intizam yaratmaq, ən başlıcası, ölkə daxilində kriminogen durumu tam şəkildə nəzarətə götürüb dayanıqlı sabitliyə nail olmaq xeyli vaxt apardı. Bu illər ərzində Azərbaycan polisi bir çox ağır sınaqlardan çıxdı, daxili işlər orqanlarının onlarla qəhrəman əməkdaşı öz canından keçməli oldu, lakin sonda qarşıya qoyulan bu şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı.

Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev daxili işlər orqanlarının məqsədyönlü fəaliyyətini daima yüksək qiymətləndirirdi. 2002-ci ildə Azərbaycan polisinin peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə iştirak edən Ümummilli lider deyirdi: "Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaq. Mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi, sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram".

Heydər Əliyevin həmin fikirləri deməsindən 17 il keçir. Azərbaycan polisi bu illər ərzindəki peşəkar fəaliyyəti ilə Ümummilli liderin öz fikirlərində necə haqlı və uzaqgörən olduğunu dəfələrlə təsdiqlədi, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi, nazir Ramil Usubovun rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinə sədaqətini əməli işi ilə sübuta yetirdi.

Bütün bu uğurların arxasında dayanan nazir R.Usubov həm də Azərbaycan polisiylə bağlı ortaya çıxan hər hansı neqativ xəbərə, hadisəyə dərhal və sərt reaksiya verməsi ilə yaddaşlarda qaldı. Elə bir hal olmadı ki, nazir polis əməkdaşlarının istər xidmət zamanı, istərsə də qeyri-iş vaxtlarında davranışları ilə bağlı yaranmış hansısa neqativ bir hala reaksiya verməsin, ciddi intizam tədbirləri görməsin. Təsadüfi deyil ki, nazir polis əməkdaşları ilə keçirdiyi bütün müşavirə və sıra baxışlarında hər zaman vətəndaşlara qarşı dövlət qulluqçusunun etik nəzarət qaydaları ilə bağlı xəbərdarlıq edir, müvafiq tapşırıqlarını verirdi. Hansısa səbəbdən işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılan, daxili işlər orqanlarından xaric edilən polis əməkdaşları ilə bağlı ictimaiyyətin məlumatlandırılması dərhal təmin olunur, məsələnin təfərrüatları şəffaf qaydada cəmiyyətə çatdırılırdı. Bu, bir tərəfdən daxili işlər orqanları əməkdaşlarının öz işinə məsuliyyətini artırırdısa, o biri tərəfdən polis orqanlarına, onun rəhbərliyinə və təbii ki, nazirə olan etimad və güvəni daha da möhkəmləndirirdi.

Təbii ki, Daxili İşlər Nazirliyinin, nazir Ramil Usubovun belə prinsipial və peşəkar fəaliyyəti ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin bu quruma, onun rəhbərliyinə, şəxsi heyətinə böyük etimadı ilə bağlı idi. Daxili İşlər naziri vəzifəsindən azad edəndən sonra Prezidentin Ramil Usubovu başqa bir məsul vəzifəyə - Dövlət Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin etməsinin də kökündə məhz bu amil - etibar və etimad amili dayanırdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə bir neçə gün öncə Ramil Usubovu qəbul edəndə onun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirdi, Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən də layiqincə gələcəyinə əminliyini ifadə edib, ona fəaliyyətində uğurlar arzuladı. Ramil Usubov öz növbəsində ona etimad göstərib Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifəyə təyin edilməsi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlığını bildirdi və dedi ki, Daxili İşlər naziri vəzifəsində çalışdığı uzun illər ərzində rəhbərlik etdiyi nazirlik öz fəaliyyətində xalqımızın Ümummilli lideri Heydər Əliyevin, sonrakı dövrlərdə isə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını daim hiss edib. Ramil Usubov Təhlükəsizlik Şurasının katibi vəzifəsində ona göstərilən yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Biz də Ramil Usubovun bu məsul vəzifənin öhdəsindən də layiqincə gələcəyinə inanır, Azərbaycan xalqı və dövləti naminə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

AZAD

 





28.06.2019    çap et  çap et