525.Az

Gəncədə dövlət-din münasibətləri mövzusunda seminar-müşavirə


 

Gəncədə dövlət-din münasibətləri mövzusunda seminar-müşavirə <b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə yekunlaşıb.

Dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov Gəncədə dini durumun sabit olduğunu bildirib. O deyib ki, ölkədə vicdan azadlığının təmin edilməsi, dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı isə vurğulayıb ki,  Ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

S.Salahlı onu da deyib  ki,  Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter daşıyır, tolerantlıq və multikultural mühit hökm sürür. Hazırda ölkə ərazisində 2250 məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Dövlət Komitəsi sədrinin birinci müavini deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb: "Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır".

Millət vəkili Pərvin Kərimzadə Azərbaycanda multikultural ənənələrin təbliği və təşviqində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük rolu olduğunu diqqətə çatdırıb. Millət vəkili qeyd edib ki, Azərbaycanda dini qurumlar arasında qarşılıqlı anlaşma və harmoniya mühitinin formalaşmasında Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev isə çıxışında milli kimliyimizi qorumağın vacibliyini diqqətə çatdırıb. Natiq, eyni zamanda, milli kimliyimizi və dəyərlərimizi gələcək nəsillərə çatdırmağın əhəmiyyətinə toxunub. 

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş "Üfüqdəki gələcək" sənədli filmi nümayiş olunub.

S.QARAYEVA

 





28.06.2019    çap et  çap et