525.Az

"Gənc liderlər məktəbi"nin üzvləri mədəniyyət naziri ilə görüşüblər


 

"Gənc liderlər məktəbi"nin üzvləri mədəniyyət naziri ilə görüşüblər<b style="color:red"></b>

İyunun 26-da Milli Kitabxanada Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "Gənc liderlər məktəbi"nin ölkənin tanınmış ictimai və dövlət xadimləri - gənc yaşlarından liderlik, təşkilatçılıq bacarıqları qiymətləndirilərək yüksək vəzifələrdə çalışmış insanlarla görüşlər silsiləsindən ilk tədbiri keçirilib. "Gənc liderlər məktəbi"nin üzvləri Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüblər.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və nazir Əbülfəs Qarayevə gənclərlə görüş təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, ilk görüş "Heydər Əliyev və mədəniyyət" mövzusuna həsr edilir.

Sonra Əbülfəs Qarayev Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, 25 il əvvəl Ulu Öndər onu yanına çağıraraq Gənclər və İdman naziri təyin edəcəyini bildirəndə gənc kadra göstərilən bu yüksək etimad həm özünü, həm də bir çoxlarını təəccübləndirmişdi.

Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söz açan nazir vurğulayıb ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu Öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verib. Müxtəlif qurumlarda, dövlət idarələrində, ölkə həyatının siyasi, iqtisadi, digər sahələrində gənclərin fəal iştirakını təmin edib.

Bildirilib ki, Heydər Əliyev mədəniyyətimizə və milli irsimizə xüsusilə həssas və qayğıkeş münasibət bəsləyib. Mədəni-mənəvi dəyərlərin qorunması, təbliği üçün mümkün olan hər şeyi edib: "Bu gün mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, təsviri sənətimiz, xalça sənətimiz, mədəniyyətimizin bütün sahələri bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib".

Nazir qeyd edib ki, müasir dövrümüzdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində gənclərin iştirakının gerçəkləşdirilməsi, eyni zamanda, onlara dövlət qayğısının artırılmasını təmin etmək məqsədilə sərəncamlar imzalayıb.

Əbülfəs Qarayev çıxışı zamanı Mədəniyyət Nazirliyinin gənclər siyasətindən də söz açıb. Nazirlik tərəfindən gənclərin potensialını üzə çıxarmaq üçün gerçəkləşən layihələr haqqında məlumat verib. Vurğulayıb ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir və gənclərin düşüncəsindən, müasir yanaşmalarından səmərəli istifadə etmək gərəkdir.

Nazir gənc liderlərə tövsiyələrini də verib. Görüş gənclərin ünvanladığı suallara cavablar və müzakirələrlə davam edib.

 





28.06.2019    çap et  çap et