525.Az

Müdrik ziyalı, xeyirxah insan və kamil müəllim


 

Müdrik ziyalı, xeyirxah insan və kamil müəllim<b style="color:red"></b>

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Əli Nuriyevin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 ili tamam olur.

Əli Nuriyev respublikamızda geniş profilli görkəmli iqtisadçı alim kimi tanınıb. Onun 270-dən çox müxtəlif  həcmli və məzmunlu əsərlərində ifadə olunan yaradıcılığı bir qayda olaraq  regional siyasət və idarəetmənin, dövlət idarəetməsi, iqtisadi rayonlaşdırma və inzibati-ərazi bölgüsü, məhsuldar qüvvələrin ərazi təşkilinin təkmilləşməsinin aktual problemlərinə həsr edilib. Onun yaradıcılığında dövlət, elm, təhsil, müəllim, ailə, milli-mənəvi dəyərlər, iqtidar, din haqqında müəllif baxışlarının bədii-fəlsəfi təhlili də mühüm yer tutur.

Əli Nuriyevin çox cəhətli elmi fəaliyyəti və yaradıcılığı haqqında kifayət qədər yazılıb, yenə yazılacaqdır. Biz müxtəlif dövrlərdə Əli Nuriyevin tələbələri, həmkarı olmaqla onun müəllimlik fəaliyyəti haqqında bizə məlum olanları qeyd etməyi özümüzə borc bildik.

Əli Nuriyev 1939-cu il iyun ayının 26-da Füzuli rayonunun Horadiz kəndində doğulub. Körpə yaşında atası  Böyük Vətən müharibəsinə gedib və orada da həlak olub. Anasının himayəsində böyüyüb, orta və ali təhsil alıb. 

Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetini maliyyə-kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdiyinə görə, ali məktəbdə qalıb işləmək imkanı olsa da, o, Maliyyə Nazirliyinə müraciət edərək özünün xahişilə Naxçıvan MR-a təyinat almışdı. Bir neçə ay Naxçıvan şəhər maliyyə şöbəsində böyük iqtisadçı vəzifəsində işlədikdən sonra o zaman iqtisad fakültəsinin dekanı, həm də siyasi iqtisad kafedrasının müdiri işləyən professor Həsən Dadaşovun məsləhətilə siyasi iqtisad kafedrasına baş labarant vəzifəsinə dəvət olunmuşdu. Professor Əli Nuriyevi tələbəlik illərindən yaxşı tanıyırdı. Əli Nuriyev onun məsləhətilə iqtisad fakültəsində tələbə elmi cəmiyyətinin siyasi iqtisad bölməsinin sədri olmuşdu. İşə qəbul etdikdən sonra professor Həsən Dadaşov öz üzərində müntəzəm işləməsini, siyasi iqtisadi dərindən öyrənməsi və mənəvi cəhətdən sağlam olmasını onun qarşısına qəti bir tələb kimi qoymuşdu. Eyni zamanda, 1964-cü ilin fevral ayında Həsən Dadaşov ona yanvar ayında siyasi iqtisad fənnindən qeyri-kafi qiymət almış tələbələrlə məşğul olmağı, onları təkrar imtahan verməyə hazırlamağı tapşırmışdı. Bununla da Əli Nuriyevin ali məktəblərdə siyasi iqtisad fənnindən müəllimlik fəaliyyəti başlamışdı.

Siyasi iqtisadı mükəmməl öyrənən Əli Nuriyev 1965-ci ildə və 1966-cı ilin əvvəllərində Həsən Dadaşovun rəhbərliyi altında siyasi iqtisadın kapitalizm və sosializm bölmələrindən əla qiymətlə namizədlik minimumlarını verdi. Eyni zamanda, özünü birinci növbədə elmə həsr etmək məqsədilə Azərbaycan Elmlər Akademiyasının iqtisadiyyat İnstitutuna "İctimai istehsalın yerləşdirilməsi" şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edildi. Həsən Dadaşov vəfat etdikdən sonra Əli Nuriyev işlədiyi şöbənin elmi istiqamətini nəzərə alaraq həmin il məhsuldar qüvvələrin yerləşməsi və SSRİ rayonlarının iqtisadiyyatı ixtisası üzrə aspiranturaya daxil oldu və 1969-cu ildə professor Asəf  Nadirovun rəhbərliyi altında dissertasiya müdafiə edərək müvafiq ixtisas üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi aldı.

O, eyni zamanda, müəllimlik fəaliyyətini davam etdirdi. 1965-ci ildə o, texniki peşə məktəbində, 1966-cı ilin fevral ayından başlayaraq müxtəlif illərdə Azərbaycan Dövlət Tibb Universitetində, Azərbaycan Neft Akademiyasında, Azərbaycan Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetdə Siyasi İqtisad fənnini tədris etmişdir.

Əli müəllimin müəllimlik fəaliyyətində 1982-1989-cu illər xüsusi yer tutur. Həmin illərdə o, özünün elmi və pedaqoji fəaliyyətini tamamilə Sumqayıt Ali Texniki məktəbilə (sonralar Azərbaycan Sənaye Universiteti, hazırda Sumqayıt Dövlət Universiteti) bağlayıb. Bu ali məktəbdə energetikanın iqtisadiyyatı, energetika müəssisələrinin təşkili, planlaşdırılması və idarə olunması və digər fənləri tədris edib.

O zaman energetika ixtisasları üzrə diplom layihələrini texniki-iqtisadi cəhətdən əsaslandırarkən tələbələr böyük çətinliklərlə qarşılaşırdılar. Mövcud metodiki göstəriş ümumi energetik hesablamaları əhatə edirdi və düsturların sayı həddən artıq çox olduğuna görə mürəkkəb və çox saylı bəzən heç buna ehtiyac olmayan hesablamalar aparmaq lazım gəlirdi.

Əli müəllim Moskva Energetika İnstitutu ilə ümumi məsləhətləşmələr əsasında bu metodik vəsaiti yenidən işləmək qərarına gəldi və bu istəyini reallaşdırdı. Onun Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin 19 mart 1986-cı il 275 saylı əmrilə təsdiq və nəşr olunmuş diplom layihələrinin texniki-iqtisadi əsaslandırılması (1986-cı il, M.Əliməmmədovla həm müəllif) metodik göstərişi (0302, 0303 ixtisaslı tələbələr üçün)  bu gün də tədris prosesində istifadə olunur.

Bu metodik göstəriş energetika müəssisələrinin təşkili, planlaşdırılması və idarə olunması fənninin tələblərinə uyğunlaşdırılmış, istifadə olunan hesabat  düsturlarının sayı əhəmiyyətli dərəcədə (2-3 dəfə) azaldılıb.

Azərbaycan Sənaye İnstitutunda müvafiq fənləri yüksək səviyyədə tədris etməklə yanaşı, elmi seminarlarda, o dövrlərdə mütəmadi olaraq keçirilən  V.İ.Lenin cümə günlərində maraqlı məruzələrlə çıxış edərək, Əli müəllim özünün hərtərəfli biliyi, yüksək insani keyfiyyətləri, qayğıkeşliyi və mənəvi təmizliyilə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdı. İnstitutu bitirib Azərbaycan rayonlarına, Rusiyanın şəhər və rayonlarına təyinat almış keçmiş tələbələrdən Əli müəllimə məktub yazıb ondan məsləhət alanlar da olurdu. O zamankı rəhbərlik Əli müəllimin Azərbaycan Sənaye İnstitutundakı xidmətlərini nəzərə alaraq ona yaradıcılıq məzuniyyəti verdi. Əli müəllimə tamamilə başqa elm sahəsinə aid olan doktorluq dissertasiyası üzərində işləmək imkanı yaratdı.

Əli Nuriyev 1989-cu ilin noyabr ayında Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna tam ştata keçdi. Lakin o, Sumqayıtın yeganə ali məktəbində müəllimlik fəaliyyətini davam etdirdi. Bu universitetə aspirantlara rəhbərlik etmək, elmi seminarın sədri, üzvü olmaqla elmi dərəcəsi olan kadr hazırlığına da öz köməyini göstərdi.

Hazırda respublikanın müxtəlif elm, təhsil və dövlət idarələrində yüksək vəzifələrdə çalışan çox saylı sumqayıtlı kadrlar məhz Əli müəllimə, onun müəllimlik və zəngin insani keyfiyyətlərinə, qayğıkeşliyinə borcludurlar. Onun tələbələri Həzrət Əliyə məxsus "Mənə bir hərf öyrədənin köləsi olaram" deyimini heç vaxt unutmayaraq Əli müəllimin onların üzərində olan müəllimlik əməyini yüksək dəyərləndirir və böyük minnətdarlıq hissi ilə xatırlayırlar.

Əli Nuriyev 2000-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət İdarəetməsi və menecment kafedrası"na professor əvəzi vəzifəsinə dəvət olunmuşdur. Burada yaxşı işini, ustad müəllim olduğunu biləndən sonra Akademiyanın rektoru, professor, əməkdar elm xadimi Seyfəddin Qəndilov onu 2002-ci il oktyabr ayında tam ştata dəvət edir və Akademiyada "Geostrateji Araşdırmalar mərkəzinin müdiri" vəzifəsinə təyin edir. Əli Nuriyev Akademiyada geniş elmi-təşkilatı işi aparmaqla yanaşı, öz pedaqoji fəaliyyətini də davam etdirir. "Dövlət İdarəetməsi və menecment" kafedrasında "Dövlət İdarəetməsi; Regional siyasət və idarəetmə" fənlərini yüksək səviyyədə tədris edir. İxtisas artırma kurslarında, ikinci təhsil sistemində günün aktual mövzularına aid mühazirələr oxuyur. Akademiyada tədris-metodiki vəsaitlərin, dərsliklərin, dərs proqramlarının hazırlanmasında da onun danılmaz xidmətləri var. Əli Nuriyev Respublikamızda Regional siyasət və İdarəetmə elminin əsaslarını yaratmış bir alim kimi tanınıb. Dövlət İdarəçilik Akademiyasında "Dövlət İdarəçiliyi nəzəriyyəsi" dərsliyinin (2010-cu il) hazırlanmasında onun xüsusi xidməti var. Akademiyada və digər tədris müəssisələrində çoxsaylı dərslik və dərs vəsaitinin redaktoru olub. Müxtəlif və çoxsaylı imtahan komissiyalarının üzvü və sədri olmaqla da ali təhsilli kadr hazırlığında fəal iştirak edib. Əli Nuriyev 2012-ci ildən Dövlət İdarəçilik Akademiyasında "Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutu"nun 0,5 ştat direktoru və "İqtisadiyyatın dövlət tənzimlənməsi" kafedrasının 0,5 ştat professorudur. İqtisadiyyatın Dövlət tənzimlənməsi, regional sosial-iqtisadi inkişafın dövlət tənzimlənməsi, "Büdcənin idarə olunması və proqnozlaşdırılması", "Təbiətdən istifadənin iqtisadiyyatı" fənlərini təhsilin magistratura pilləsində  yüksək səviyyədə tədris edir.  Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması ideyası alimlərimiz arasında ilk dəfə Əli Nuriyev tərəfindən irəli sürülmüş və elmi cəhətdən əsaslandırılıb. Əli Nuriyevin əsərlərindən, xüsusilə regional siyasət və idarəetmə sahəsində dərsliklərindən respublikanın əksər ali məktəblərində müvəffəqiyyətlə istifadə olunur. Onun təşəbbüsü və fəal iştirakı ilə 1969-1970-ci illərdə hazırlanmış müvvəqqəti rayonlaşdırma şəbəkəsi və 1995-ci ildə qəbul edilmiş rayonlaşdırma şəbəkəsi tədris prosesində müvəffəqiyyətlə istifadə olunur.

Əli Nuriyev öz əsərlərində elmə, müəllimin, alimin fəaliyyətinin təşkilinə, onların əməyinin səmərəli təşkili məsələlərinə geniş yer ayırıb. O, müəllim, alim əməyinin cəmiyyət üçün çox vacib və faydalı olduğunu göstərir. Eyni zamanda, müəllimlik sənəti qarşısına çox böyük tələblər qoyur. Onun fikrincə, müəllim öz predmetini dərindən bilməli və sevməlidir. Lakin o, dinləyicilərinə yalnız öz biliyi, predmetin yaxşı tədrisi və aydın nitqi ilə deyil, həm də davranışı, nəzakətilə təsir göstərir. Müəllim heç vaxt tələbə ilə ciddi mübahisəyə girişməməli, özünü tələbənin yerində hiss edərək nəticə çıxarmalıdır. Əli Nuriyev müəllimi rol oynamağa hazırlaşan məşhur aktyora, yarışa hazırlaşan məşhur idmançıya bənzədir. Lakin aktyor roldan-rola, idmançı yarışdan yarışa formada olduğu halda, müəllim həmişə formada, hazırlıqlı olmalı, öz sahəsində insanları düşündürən suallara cavab verməyi bacarmalıdır. Bütün bunları yazan Əli Nuriyev bütün müəllimlik fəaliyyəti dövründə bu prinsiplərə əməl edərək tələbə və müəllimlərin böyük hörmətini qazanıb. Biz Əli müəllimi ömrünün 80-ci və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi münasibətilə tələbələri, yetişdirmələri adından səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı, ən başlıcası onu tanıyanların heç vaxt tükənməyən hörmət və sevgisini arzulayırıq.

Roza ƏLİYEVA
Şakir BƏDƏLOV
Hüseynqulu QULİYEV

 





28.06.2019    çap et  çap et