525.Az

Əli Kərimlinin "xeyriyyəçilik" oyunu


 

YAXUD QARŞIDURMA YARATMAĞIN YENİ YOLU

Əli Kərimlinin "xeyriyyəçilik" oyunu<b style="color:red"></b>

AXCP sədri Əli Kərimli və onun tərəfdarları ölkədəki sabitliyi pozmaq, qarşıdurma yaratmaq üçün yenidən təxribata əl atmağa cəhd göstəriblər.

Belə ki, artıq bir neçə gün idi ki, sosial şəbəkələrdə Kərimli və onun komandasının üzvləri "yardım kampaniyası" adı altında çağırışlar edir, guya ki, bununla da aksiyalarda qanunu pozmuş şəxslərə qarşı məhkəmələrin çıxardığı cərimələrin ödənilməsini təmin edəcəklər. Belə bir  marafon keçirmək qanunazidd hərəkət olmaqla yanaşı, Kərimlinin məqsədinin başqa olduğunu açıq şəkildə ortaya qoyur. Azərbaycan cəmiyyəti Əli Kərimlini yaxşı tanıyır. Hər kəs bilir ki, bu adam nə edirsə, hansı addımı atırsa, ilk növbədə öz maraqlarını düşünür. Onun üçün öndə gələn özünün maraqlarının təmin edilməsidir. Digər tərəfdən, məhkəmələr aksiyalarada yol verilmiş qanunsuzluqlarla bağlı cərimə qərarlarını ölkə qanunlarına əsasən çıxarıblar. Kərimli və onun tərəfdarları bu cür addımlarla ölkəmizin  hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə qara yaxmağa, onların fəaliyyətinə kölgə salmağa, dövlət orqanlarına etimadsızlıq yaratmağa, xaricdəki ağalarına daha yaxşı yarınmağa və əlbəttə ki, pul qoparmağa çalışırlar. Əks halda, narazı qaldıqları məhkəmə qərarları barədə digər instansiyalara müraciət edib, ən nəhayət Avropa Məhkəməsinə üz tuta bilərlər. Amma Kərimliyə bu lazım deyil. Dinc, hüquqi yol ona və digər radikallara sərf etmir. İğtişaş, qeyri-sabitlik, qarşıdurma - Kərimlinin istədiyi məhz budur. Onun "yardım kampaniyası"nın arxasında da məhz bu niyyət dayanırdı. Kərimlinin məqsədi bu kampaniyanı aksiyaya çevirmək idi. Uzağa getmədən, onun 20 Yanvar Ümumxalq hüzn günü Şəhidlər Xiyabanında qarşıdurma yaratmağa çalışmasını, polisə qarşı kobud rəftarını, insanları itaətsizliyə çağırmasını xatırlamaq yerinə düşər. Bu adam eyni hərəkəti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət zamanı da təkrarladı.

Əli Kərimli ölkəmizdə həyata keçirilən və inqilabi xarakter daşıyan sosial islahatlardan, Azərbaycan vətəndaşının rifah halının getdikcə yaxşılaşmasından, vətəndaşların öz dövlətini, prezidentini dəstəkləməsindən narahatdır. Məlum olan budur ki, normal müxalifətçilikdən, siyasi mübarizə üsullarından uzaq olan Kərimli yalnız və yalnız nifrət aşılamağa çalışmaqla nəyəsə nail olmaq istəyir. Ancaq tutduğu bu radikal, düşmənçilik mövqeyi ilə nəinki "arzusuna" çata bilir, cəmiyyətdən heç bir dəstək də ala bilmir. Ətrafında yalnız özü kimi az sayda radikal toplaya bilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) AXCP sədri Əli Kərimliyə xəbərdarlıq edilməsi ilə bağlı məlumat yayıb. DİN və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə açıqlamasında deyilir ki, iyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən "Müsavat" Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə "Prokurorluq haqqında" qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb.

Baş nazirin müavini YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində bununla bağlı yazıb: "Xəbərlər yayılıb ki, müxalifətçi partiyanın sədri Əli Kərimli törətdiyi qanunsuzluqlara görə haqqında müxtəlif cərimələr təyin olunmuş şəxslərə maddi dəstək göstərmək adı altında xeyriyyə marafonu keçirmək istəyir. Əvvəla, törətdiyi qanunazidd əməllərə görə haqqında cərimələnmək kimi məhkəmə qərarı olanlara bu formada dəstək göstərmək məqsədilə çağırışlar səsləndirmək, marafon keçirmək qanunazidd hərəkətdir.

Məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir. Buna yol verilə bilməz və yol verilməməlidir.

İkincisi isə, müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəb mövcuddur. Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu vardır. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı qüvvələrə yardım fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin. Mən xeyriyyə marafonu adı altında sabitliyi pozmaq istəyənlərə tutarlı cavab vermək üçün Yeni Azərbaycan Partiyasının üzvlərini Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edirəm. Özüm isə işlədiyim idarənin mühasibatına aylıq əmək haqqımın 50 faizinin həmin fonda köçürülməsi barədə müraciət edirəm. Gəlin Ordumuza dəstək olaq".

Millət vəkili Aydın Mirzəzadə mövzu ilə bağlı bildirib ki, artıq bir neçə gündür AXCP sədri Əli Kərimli və partiyanın funksionerləri və fəalları ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər. Onun sözlərinə görə, bunda əsas məqsəd qanunu pozmuş və buna görə də cəzalandırılmış şəxslərə bəraət qazandırmaq, cəmiyyətdə hüquq mühafizə və məhkəmə sisteminə inamsızlıq formalaşdırmaqdır: "Əslində, həmin şəxslər bilavasitə Əli Kərimlinin özünün təlimatı əsasında hüquq pozuntuları törədiblər, qanunsuz aksiyalar keçirməyə cəhd ediblər, polisin qanuni tələblərini yerinə yetirməkdən imtina edərək müqavimət göstəriblər və digər bu kimi əməllər törədiblər. İndi də Əli Kərimli hakimiyyət orqanlarına qarşı kampaniya təşkil edir, bu cəzaların əsassız olduğunu isbat etməyə çalışır. Onun bu fəaliyyətini yalnız süni şəkildə ictimai narazılıq, müqavimət hərəkatı formalaşdırmaq, cəmiyyətdə mövcud olan sabitliyi pozmaq cəhdi kimi səciyyələndirmək olar. Belə demək mümkündürsə, Əli Kərimli artıq sözdən əmələ keçərək açıq təxribatla məşğuldur".

A.Mirzəzadə bildirib ki, bu məsələnin maraqlı tərəfi Əli Kərimlinin pozucu fəaliyyətinin diqqətdən kənarda qalması, aidiyyəti orqanların buna heç bir reaksiya verməməsidir: "Hüquq mühafizə orqanları qanunu pozub aksiya keçirən insanı saxlayır və cəzalandırır. Lakin bunun təşkilatçısına qarşı heç bir tədbir görülmür. Artıq Əli Kərimli və onun kimi açıq təxribatları təşkil edənlərə "dur" deməyin vaxtı çatıb və aidiyyəti orqanlar bu təxribatların qarşısını daha təsirli metodlarla almalıdırlar".

AZAD

 





28.06.2019    çap et  çap et