525.Az

Narahat Gürcüstan: riskli ssenarilər ehtimalı artır


 

Narahat Gürcüstan: <b style="color:red">riskli ssenarilər ehtimalı artır</b>

Gürcüstan parlamentində Rusiya Dövlət Dumasının deputatı ilə bağlı meydana gələn qalmaqal getdikcə genişlənir. Artıq gürcü müxalifəti küçələrə çıxaraq hökumətin istefasını tələb edir.

İnsanlar parlament binasının qarşısına toplaşaraq radikal çağırışlar edirlər. Qərb dövlətlərinin bu ölkədəki səfirləri də narahatdırlar. Bir sıra müxalif siyasi qüvvələr daha kütləvi aksiyalara başlamağa səsləyirlər. Etiraz edənlər polisə qarşı sərt davranırlar. Gürcüstan Prezidenti Salome Zurabişvili isə bu cür vəziyyətin yaranmasında Moskvanı ittiham edib. Bütün bu hadisələrin fonunda bütövlükdə Cənubi Qafqazda geosiyasi mənzərənin necə dəyişə biləcəyi məsələsi daha da aktuallaşır. Həmin kontekstdə Gürcüstanda müşahidə edilən proseslərin geosiyasi təsiri üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük. 

Pravoslavlıq ayırdı: spikerin kreslosuna oturan deputat 

Gürcüstan qəfil qarışdı. Rusiyadan gəlmiş deputat nümayəndə heyətinin başçısı Gürcüstan parlamenti sədrinin kreslosunda əyləşib, Pravoslav Parlament Assambleyasının iclasını apararkən, müxalif millət vəkillərindən biri etiraz edib və Assambleyanın prezidenti, Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun üzünə su atıb. Sonra müxalif deputatlar tribunanı mühasirəyə alaraq, iclasın davam etməsini əngəlləyiblər. S.Qavrilovu ciddi polis nəzarəti altında parlamentin binasından çıxarıblar. Rusiyadan olan deputat qrupunu isə Tbilisi hava limanından yola sala biliblər.

Burada regional geosiyasi mənzərənin dinamikası aspektində maraqlı olan məqamlar üzərində düşünmək olar. Öncə vurğulayaq ki, son zamanlar Rusiya ilə Gürcüstan arasında münasibətlərin istiləşəcəyi ilə bağlı informasiyalar yayılırdı. Bu proses Ermənistanın Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa yönələn bir sıra təxribatçı addımları ilə müşayiət olunurdu. Azərbaycanla Gürcüstan Cənubi Qafqazda strateji tərəfdaşdırlar və əlaqələri getdikcə daha da dərinləşir. Lakin Keşikçi dağı məbəd-kompleksi ilə bağlı gürcü müxalifətinin bir qisminin hay-küyü qalxdı. Onlar məbədin Gürcüstana verilməsini tələb edirdilər. Paralel olaraq, Borçalıda yaşayan soydaşlarımız arasında təxribat xarakterli informasiyalar yaymağa çalışırdılar. Ancaq bütün bunlar Bakının təmkinli duruşu ilə boşa çıxdı.

İndi maraqlıdır ki, Rusiyadan məhz dini istiqamətlə bağlı olan nümayəndə heyəti gəlir və bu dəfə parlamentdə növbəti təxribat baş verir. Keşikçi dağındakı məbədlə Gürcüstan parlamentində baş vermiş intriqa arasında əlaqə olduğunu deməkdən uzağıq. Lakin onları birləşdirən din faktorunun olması müəyyən narahatlıq yaradır. Bu, eyni mərkəzdən idarə edilən prosesin ayrı-ayrı fraqmentləri deyilmi?

Məsələ bir sıra siyasi dairələrin hadisəyə verdikləri reaksiya baxımından da düşündürücüdür. ABŞ və Almaniyanın səfirlikləri dərhal insanları sakitliyə çağırıblar. Tbilisidə isə müxalifət öz tərəfdarlarını parlamentin qarşısında etiraz aksiyasına çağırır. Orada iyunun 20-si gecədən başlayaraq minlərlə insan toplaşıb. Etirazçıların tələbi hökumətin istefa verməsindən ibarətdir. Konkret olaraq, onlar təhlükəsizlik, daxili işlər nazirlərinin işdən azad edilməsini, spikerin də istefa verməsini tələb edirlər.

Mixeil Saakaşvili isə bütövlükdə Bidzina İvanişvilinin hakimiyyətini devirməyə çağırıb. Bu işdə, onu lazım bilərlərsə, iştirak etməyə hazır olduğunu deyib. Gürcüstanın prezidenti S.Zurabişvili isə Minskə səfərini yarımçıq buraxıb, ölkəyə qayıdıb. O, baş verənlərdə Rusiyanı ittiham edib. Gürcüstan vəziyyəti qarışdırmaqda məhz Kremlin maraqlı olduğunu deyib, cəmiyyətin iki qütbə bölünməsini təhlükəli proses adlandırıb. Bu hal ölkədə qarşıdurmalara və hətta vətəndaş müharibəsinə apara bilər.

Parlamentin qarşısına toplaşmış insanlar polislərlə sərt davranırlar. Hətta bir sıra epizodlarda əlbəyaxa toqquşmalar olub. 52 adam xəsarət alıb. Onların çoxu xüsusi təyinatlılardır. Etiraz edənlər onlara hücum edir, silahlarını almağa çalışırlar. Polis bir neçə dəfə atəş açmağa məcbur olub. Belə görünür ki, müxalifət bununla kifayətlənmir. Prezidentliyə namizəd olmuş Qriqol Vaşadze insanların parlamentin önünə toplanması üçün çağırış edib. Almaniyanın Gürcüstandakı səfiri və daxili işlər naziri parlament binasına daxil olublar. Vəziyyəti ekspertlər gərgin kimi qiymətləndirirlər. 

Ssenarilər: region üçün təhlükələr 

Bütün bunlar Gürcüstanın həqiqətən də həssas bir məqamda olduğunu göstərir. Reallıq ondan ibarətdir ki, ölkədə qarşıdurma yaratmaqda maraqlı olan dairələr fəallaşıblar. Hələlik paytaxtda bunu müşahidə etmək olur. Lakin proses genişlənsə, daha təhlükəli hadisələr baş verə bilər. Məsələn, Gürcüstandan keçən enerji boru xətlərini, nəqliyyat marşrutlarını mühasirəyə ala bilərlər. Bu cür təxribatlarda maraqlı olanlar az deyil. Xüsusilə ermənilərdən bu məqsədlə istifadə etməyə çalışarlar.

Belə olan halda Gürcüstan qeyri-sabit və təhlükəli ölkə kimi sərmayə qoyuluşu üçün cəlbediciliyini itirə bilər. Azərbaycanın da iştirak etdiyi enerji layihələrinin və nəqliyyat dəhlizlərinin reallaşmasında da problemlər meydana gələ bilər. Təbii ki, ən çox Gürcüstanın müstəqilliyi və sabitliyi zərər çəkə bilər. Bunu Tbilisidə yaxşı anlayırlar.

Məsələyə böyük güclərin Cənubi Qafqazda apardıqları geosiyasi mübarizənin dinamikası aspektində baxdıqda, daha təhlükəli mənzərə yaranır. Gürcüstanda sabitliyin pozulması ilə bərabər Ermənistanın apardığı qeyri-konstruktiv siyasət də regionu çətin duruma salıb. Belə çıxır ki, əgər Gürcüstan cəbhəsi də zəifləsə, regionda radikal qruplar fəallaşa bilər. Bu, layihələrə qarşı hətta terror aktlarının törədilməsi ilə nəticələnə bilər. Cənubi Qafqaz bununla alov içinə atılmış olar.

Gürcüstanda sabitliyin pozulması regionun geosiyasi durumunun kəskin pisləşməsi ilə müşayiət olunar. Burada Rusiya və NATO-nun qarşılıqlı tədbir görməsi ehtimalı belə istisna edilmir. Bu variantda regionun silahlanması kimi təhlükəli bir tendensiya da baş qaldıra bilər. Məsələyə İran problemi kontekstində nəzər saldıqda, riskli məqamların arta bilməsi ehtimalı üzərində dayanmaq lazım gəlir.

Məsələ ondan ibarətdir ki, İran-ABŞ münasibətləri son dərəcə kəskinləşib. Onlar bir-birinə hərbi zərbə endirmək həddinə gəlib çatıblar. Əgər belə bir proses başlasa, geniş bir geosiyasi məkanda qeyri-müəyyənlik artacaq. Onun mənfi təsirlərindən biri də Cənubi Qafqazda sabitliyin pozulması olacaq. Hətta regionun böyük dövlətlərindən birinin Gürcüstana hərbi qüvvə yeritmək fikrinə düşməsi istisna edilmir. Həmin ssenaridə də beynəlxalq enerji layihələrinin taleyi sual altına düşmüş olur.

Lakin burada bir məqamı vurğulamaq lazımdır. Azərbaycan, Türkiyə və Gürcüstan regionda enerji layihələrinə yarana biləcək hər hansı təhlükəni önləmək və aradan qaldırmaq üçün ortaq fəaliyyət barədə razılıq əldə ediblər. Onların xüsusi təyinatlıları bir neçə dəfə koordinasiyalı təlimlər keçiriblər. Məqsəd müxtəlif riskli situasiyalarda vəziyyətə müdaxilə edib, onu normallaşdırmaqdan ibarətdir. Onda belə çıxır ki, Gürcüstanda kimlərsə ümumi vəziyyəti qarışdırsa və bundan enerji xətlərinə təhlükə olsa, Azərbaycan-Türkiyə-Gürcüstan ortaq fəaliyyət mexanizmi də işə düşməlidir. Bu da özlüyündə regionda geniş miqyasda risklərin meydana gəlməsi anlamına gəlir. Çünki sirr deyil ki, Azərbaycan və Türkiyənin xeyirxah niyyətlərindən sui-istifadə edib, regionu qarışdırmaq istəyən qüvvələr passiv dayanmırlar.

Hazırkı mərhələdə Gürcüstanda proseslərin hansı istiqamətdə gedəcəyini demək çətindir. Ola bilsin ki, hökumət etiraz dalğasını səngitsin. Ancaq onun davam etməsi də istisna deyil. Bütün hallarda ümumi gedişat aydındır: Gürcüstanda siyasi böhran yaratmağa və sabitliyi pozmağa cəhd edən dairələr mövcuddur. Əgər bu, davamlı olsa, bir sıra regional layihələr təhlükə altına düşmüş olacaq.

Ayrılıqda böyük geosiyasi güclərin regionda nüfuz uğrunda apardıqları mübarizənin kəskinləşməsi daha riskli vəziyyətlər meydana gətirə bilər. Düşündürücüdür ki, bu kimi təhlükəli ssenarilərin qarşısını ala biləcək mexanizm hələlik Azərbaycan-Türkiyə-Gürcüstan birgə fəaliyyət proqramında mövcuddur. Bu isə onu göstərir ki, Qərbin bu məsələdə daha real, praktiki mövqe tutmasına ehtiyac yaranıb.

Digər tərəfdən, İranla bağlı vəziyyətin gərginləşməsi fonunda Gürcüstanda qarışıqlığa səbəb ola biləcək proseslərin meydana gəlməsi regionla əlaqədar narahatlıqları daha da artırır. Bu iki dağıdıcı prosesin sinxron hala gəlməsi ilə daha geniş çalxalanmalara yol açıla bilər.

Nəhayət, Qərbin enerji təhlükəsizliyi üçün də ciddi rol oynayan "Bir kəmər, bir yol" layihəsinin marşrutu üzərində olan Cənubi Qafqazda geosiyasi risklərin artması bütün dünya əməkdaşlığı üçün problemlər yarada bilər. Bu həqiqət də meydana bir sual çıxarır: Gürcüstanda sabitsizlik hansı dairələrə sərf edir?

Newtimes.az

 





29.06.2019    çap et  çap et