525.Az

2019-cu il: Büdcə sessiyasında daha hansı qanun layihələrinin bəxti açıla bilər?


 

2019-cu il: <b style="color:red">Büdcə sessiyasında daha hansı qanun layihələrinin bəxti açıla bilər?</b>

Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsində növbəti iyul ayında keçiriləcək iki, ən yaxşı halda üç iclasından sonra parlament üzvləri iki aylığına yay tətilinə gedəcəklər.

Millət vəkilləri bir də sentyabr ayının 15-də, MM-in növbəti 2019-cu il payız sessiyasının başlaması ilə əlaqədar işlərinə geri dönəcəklər. Sentyabrın 15-30-u arasında millət vəkilləri payız sessiyası çərçivəsində komitə iclaslarında iştirak edəcəklər. Oktyabrın 1-də isə MM-in payız sessiyası başlayacaq. Qeyd edək ki, payız sessiyası daha çox büdcə sessiyası sayıldığı üçün oktyabr-dekabr ayları arasında daha çox 2020-ci ilin büdcə müzakirələri əsas yeri tutacaq.

Bununla belə, payız sessiyasında ən azı komitələr səviyyəsində və ya birinci oxunuşlarda müzakirəsi gözlənilən xeyli qanun layihələri var. Onların bir çoxu illərdir ki, hər sessiyadan sessiyaya təxirə salınır. Hətta, bəzilərinin parlamentin 2019-cu il yaz və növbədənkənar sessiyalarında müzakirəsi nəzərdə tutulsa da, onlar bu dəfə də müzakirələrdən kənarda qalıblar. Həmin qanun layihələri arasında Rəqabət Məcəlləsi, "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında", "Təhsil (tələbə) kreditləri haqqında", "Turizm haqqında", "Aşıq sənəti haqqında", "Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Adlar və soyadlar haqqında", "Mərasimlər haqqında", "Pasiyentlərin və tibb işçilərinin hüquqlarının qorunması haqqında", "Ailə həkimi haqqında" qanun layihələri və digərləri var.

Qeyd edək ki, Rəqabət Məcəlləsi ilə deputat Məlahət İbrahimqızının müəllifi olduğu "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihələri artıq 3 çağırışdır müzakirəsini və qəbulunu gözləyir. Hər iki qanun layihəsi 3-cü çağırış (2005-2010-cu illər) parlament dövründə birinci oxunuşda müzakirəyə çıxarılsa da, hətta, Rəqabət Məcəlləsi birinci oxunuşdan keçsə də, ötən illər ərzində hələ də qəbul olunmayıblar. "Adlar və soyadlar haqqında" qanun layihəsi isə "ən qocaman" qanun layihəsi sayıla bilər. Bu layihə hələ birinci çağırış (1995-2000-ci illər) parlament dönəmindən gündəmə gətirilsə də, əvvəlcə sabiq deputat Sabir Rüstəmxanlı, sonra isə millət vəkili, akademik Rafael Hüseynov tərəfindən müvafiq qanun layihələri hazırlansa da, bir neçə dəfə qanunvericilik işləri planına daxil edilsə də, 5 çağırışdır ki, müzakirəsini və qəbulunu gözləyir. Həmçinin, "Təhsil (tələbə) kreditləri haqqında" qanun layihəsi millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli tərəfindən hazırlansa da, bir dəfə parlament komitəsinin iclasında müzakirə olunsa da,  qanunvericilik işləri planına daxil edilsə də, onun da taleyindən bir xəbər yoxdur.

Qeyd edək ki, bununla bağlı akademik İsa Həbbibəylinin rəhbərlik etdiyi parlamentin  Elm və təhsil komitəsi tərəfindən də ayrıca qanun layihəsinin hazırlanması ilə bağlı  axtarışlar davam edir.

Onu da qeyd edək ki, bu qanun layihəsinin müzakirələrə çıxarılmasına daha çox bank sektoru mane olur. Bununla yanaşı, "Ailə həkimi həkimi", "Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" və "Mərasimlər haqqında" qanun layihələri ilə bağlı 3-cü çağırış parlament dövründən fikirlər, ideyalar səsləndirilsə də, ilkin variantlar hazırlansa da, onların da  nə vaxt müzakirələrə çıxarılacağı bəlli deyil. Adları çəkilən qanun layihələrindən yalnız pasiyentlərlə bağlı sənədin reallığa çevrilməsi istiqamətində addımlar atılmaqdadır.

Belə ki, bir neçə gün öncə sözügedən qanun layihəsinin hazırlanması yönündə parlamentin Səhiyyə komitəsi ictimai dinləmələr keçirilib və deputat Sədaqət Vəliyevanın rəhbərliyi ilə İşçi Qrupunun yaradılması qərara alınıb. "Turizm haqqında" yeni qanun layihəsinin də hazırlıqları başa çatmayıb. "Aşıq sənəti haqqında" qanun layihəsinin hazırlanması təklifləri daha çox 5-ci çağırış MM dövründə yer alsa da, bu istiqamətdə də hansısa müsbət addımlar görünmür. Qəbulunu və müzakirəsi gözləyən qanun layihələr arasında "Kinematoqrafiya haqqında" yeni qanun layihəsi də var. Onunla bağlı bir neçə dəfə parlamentin Mədəniyyət komitəsi səviyyəsində müzakirələr aparılsa da, plenar iclaslara tövsiyəsi hələ ki baş tutmur. Bu sənədlə bağlı parlament komitəsi ilə Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi arasında razılaşma hələlik alınmır.

Eyni zamanda, illərdir ərtafında müzakirələr açılsa da, "Uşaqların istirahəti və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında" və "Dövlət maliyyə nəzarəti haqqında" qanun layihələrindən də bir xəbər yoxdur.

Bununla belə, parlamentdəki mənbələrdən əldə etdiyimiz məlumata görə, payız sesiyasında adları çəkilən qanun layihələrdən bir neçəsinin komitələr səviyyəsində müzakirəsi, hətta, birinci oxunuş üçün tövsiyəsi gözlənilir.

Kamil HƏMZƏOĞLU

 





29.06.2019    çap et  çap et