525.Az

AŞPA-da azərbaycanlı girovlarla bağlı bəyanat


 

AZƏRBAYCAN ASSAMBLEYADAN DİLQƏM ƏSGƏROV VƏ ŞAHBAZ QULİYEVİN AZAD EDİLMƏSİ İSTİQAMƏTİNDƏ CİDDİ DƏSTƏK GÖZLƏYİR

AŞPA-da azərbaycanlı girovlarla bağlı bəyanat<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumdakı nümayəndə heyətimiz Ermənistanın girov götürdüyü azərbaycanlı mülki şəxslərlə bağlı "İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbir keçirib.

"Trend"in məlumatına görə, tədbirdə azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verilib. Bütün bunları nəzərə alaraq tədbir iştirakçıları bu iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar. Bəyanat avropalı parlamentarilər tərəfindən imzalanıb və ünvanlandığı şəxslərə çatdırılıb. Bəyanat qurumun internet səhifəsində də yayılıb.

Bəyanatda azərbaycanlıların hansı şəraitdə girov götürüldükləri diqqətə çatdırılaraq onların azad edilməsi üçün çağırışlar edilir.

Bəyanatda deyilir: "2019-cu il iyulun 11-də Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu yaxınlığında qohumlarının qəbirlərini ziyarət edərkən girov götürülməsinin beş ili tamam olacaq. Onlar Ermənistan-Azərbaycan ,Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı icmasını təmsil edirlər. Bugünə qədər onların azad edilməsi ilə bağlı bütün çağırışların rədd edilməsindən dərin narahatlıq duyuruq. Bildiririk ki, 2015-ci ildə onlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib. Cari il iyunun 25-də AŞPA-da bu qurumdakı Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi tədbir zamanı bir daha xatırladıldı ki, Əsgərov və Quliyev həyatları üçün təhlükəli və ümidsiz vəziyyətdədirlər və bu vəziyyətə son qoyulması məqsədilə beynəlxalq ictimaiyyət onlara dair humanitar məsələ ilə bağlı qəti reaksiya göstərməlidir. Buna görə də təcili olaraq Avropa Şurasının Baş katibini, AŞPA-nı və qurumun İnsan Hüquqları üzrə Müvəkkilini bu iki azərbaycanlı girovun pozulmuş hüquqlarını bərpa etmək üçün dərhal və qeyd-şərtsiz azad edilmələrini təmin etməyə çağırırıq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onların azad edilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik".

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qənirə Paşayevə sessiya zamanı çıxış edərək bildirib ki, Azərbaycan dövlətinin səylərinə, Avropa Şurası Baş katibinin açıqlamalarına, çağırışlarına baxmayaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur: "Ermənistan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov tutmaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir günahı yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, ailə üzvlərinin məzarlarını ziyarətə gediblər. Amma Ermənistan dövləti neçə ildir ki bu insanlara zülm edir. Dilqəm Əsgərovun oğlu bir neçə gündür assableyamızda tədbirlərdə, görüşlərdə iştirak edərək atasına qarşı Ermənistanda verilən işgəncələrin durdurulması və onun azad edilməsi üçün Avropa Şurasının, Parlament Assambleyasının səylərini artırmasını xahiş edir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyirlər". "Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik”, - deyə Q.Paşayevə əlavə edib.

Xatırladaq ki, dünən Ermənistanda girovluqda saxlanılan digər vətəndaşımız - Qazax sakini Elvin İbrahimov geri qaytarılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, komissiya tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər. Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin, girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

C.ABASOV

 





30.06.2019    çap et  çap et