525.Az

Cəmiyyət və müəllim


 

Cəmiyyət və müəllim <b style="color:red"></b>

Daha bir dərs ili başa çatdı. Bu ilin son dərs gününə gedirdim. Vaxt itkisi mənim üçün problemə çevrildiyindən yol boyu kitab oxuyuram. Bir neçə dəqiqə keçmişdi ki, cavan bir xanımın səsi diqqətimi yayındırdı: "Siz niyə belə edirsiz? Bu nə deməkdir? Uşaqla işiniz olmasın, Gulya müəllimə! Özüm gəlirəm ora... Özünüz qəsdən edirsiz. O xəstədir. Qızdırması var. Mən onu summativə görə (ah, bu summativ!) məktəbə göndərmişəm. Özüm gəlirəm ora ..." və sair. Xanım eyni sözləri deyir, tez-tez təkrarlanan "özüm gəlirəm ora" - hədələyici ton sinirlərimə toxunurdu. Dərs ilinin son günləri heç nəyə yaramayan, ancaq boşuna zəhmət, gərginlik olan summativ yazdırmaq dövrüdür. Kimin haqlı olduğunu çözmək fikrim yoxdur. Çünki indi bir günahkar var - müəllim.

Mənə elə gəlir ki, bütün müttəhim kürsüləri ancaq müəllimlər üçündür. Əsəbi xanımdan - valideyndən "Özünüz ora gedib neynəyəcəksiz" soruşmaq istədim. Soruşmadım. Həvəsim yox idi. Müəllim kimdir ki, nəsə soruşsun? Müəllim kimdir ki, etiraz etsin? Müəllim kimdir ki, uşağa nəsə desin? Müəllim kimdir?..

Nəsə. Bir az gərilsəm də, məktəbə salamat çatdım. Dərsdən sonra dərs ilinin ortasından başlayan "bal" qiymətləndirməsi ilə məşğul oldum.

Sosial şəbəkədə, bəzi saytlarda ayaqdan başa "müəllimlərin bal ayı" - deyə məsxərə obyektinə çevrildiyimiz yanvar ayından başlayan "bal ayları" davam edir. Sinif jurnallarında hər yarımildə 4-5 qrafada bütün şagirdlərin qarşısına summativ qiymətlər yazılsa da, səhifələr cansıxıcı - cansız görünür. İndi bal və qiymət yazılır. Yəni 4 yox, 8 qrafada yazı olur. Bu da səhifələri nisbətən "canlı" edir. Şagirdlərin gündəlik fəaliyyəti jurnallarda əksini tapmır. Şagird gündəliyində qeydlər aparır, vaxt itkisindən başqa heç nə verməyən sözlər yazırdıq, sonra səviyyələrə keçdik. İndi hər müəllim ayrıca jurnal tərtib edir və qiymətləri dövlət sənədinə deyil, öz jurnalına yazır. Niyəsini də bilmir. Əslində, hər müəllim şagirdlərinin qavramasını, bilik səviyyəsini - qiymətini bilir. Və illərin təcrübəsi göstərir ki, Sinif jurnalına və gündəliklərə yazılan qiymətlərin təsir gücü daha çox olub. Bütün anlaşılmaz hallara, "yenilik"lərə görə müəllimlər qınaq, gülüş obyektinə çevrilib. Hətta hesablama makinası arxasında "müəllimlər "bal" hesablayarkən" sözləri yazılmış beli əyri skelet şəkli də paylaşırlar. Müəllim kimdir ki, "tədris ilinin ortasında qiymətləndirməni dəyişməzlər" desin? Ya başqa sual versin? Kimdir axı müəllim? Müəllim hələ dərs ili başa çatmadan buraxılış imtahanları verən, sonda qiymətinə məhəl qoyulmadan attestat alan bütün "kamal"lıların il boyu ərköyünlüklərinə dözən biridir. Nə desin? Nə deyək? "Özü yıxılan ağlamaz".

Nəsə... Məktəbin dəhlizinə çıxdım. Bir xanım sevinclə mənə tərəf gəldi: "Ay Kamalə müəllimə, necəsiz? Nə yaxşı sizi gördüm. Necə sevindim". Bir az yorğun olsam da, gülümsədim. Tanımağa çalışdığımı hiss etdi: "Hamımıza dərs demisiz. Siz bizim üçün idealsız - pedaqoq nümunəsisiz. Sizi o qədər sevirik. Tez-tez xatırlayırıq. O sevgiylə mən oğlumu bu məktəbə gətirdim" və s. Ötənlərdən danışdıq. Bir-birimizə xoş sözlər dedik. Belə sözlər çox eşitsəm də, xoş oldu. Amma məqsədim özümü tərifləmək deyil. Sadəcə, yenə də ötən illər, siniflərim, şagirdlərim yada düşdü. Müəllim nüfuzu - müəllim şəxsiyyəti haqda düşündüm. Əsəbi valideynin "özüm ora gəlirəm" səsini eşitdim. 40 ili adlayan müəllim ömrümün ilk illərini düşündüm. Müəllim olmaq arzusunda olmamışam, amma ilk gündən məktəbi - şagirdlərimi sevmişəm və sevilmişəm. Bu sevgi məni məktəbə bağlayıb. Bu sevgidən qürurlanmışam. Son illərdə təhsilin səviyyəsi, müəllimin durumu məni incitməyə bilməz. Müəllim kimdir? - sualını öz-özümə təkrarlayıram. Mənə görə Müəllim üzərinə ən çox məsuliyyət düşən vətəndaşdır. Onun vəzifəsi yararlı insan yetişdirməkdir. Adətən "hərtərəfli insan" deyirik. Real yanaşsaq, bu, real deyil. Yararlı insan yetişdirməksə, realdır və mümkündür və bu, onun mənəvi borcu, vəzifə borcudur. Bu, danılmazdır. İnsanın formalaşmasında - şəxsiyyət olmasında müəllimin rolu danılmazdır.

Deməli, Cəmiyyətin formalaşmasında müəllimin rolu danılmazdır. Cəmiyyət nədir? Cəmiyyət insan toplumudur - insanların birliyidir. Cəmiyyət xalqın birliyidir - BİRLİKDİR. Həm də o, dövlətdən əvvəl olub və qeyri-dövlət strukturudur. Cəmiyyət haqda müxtəlif dövrlərdə müxtəlif filosoflar maraqlı fikirlər söyləyib. Sinfi antoqonizmin olmadığı yeganə ictimai iqtisadi formasiya - ibtidai icma quruluşu bəşər cəmiyyətinin ilkin inkişaf dövrü hesab olunur və "ibtidai icma cəmiyyəti" adlanır. Yəni Cəmiyyət - İnsan bu günə qədər böyük bir inkişaf yolu keçib.

Sosial fəlsəfə tarixində Cəmiyyət haqqında ilkin fikirlərə Aristotelin və Platonun təlimlərində də rast olunur. Aristotel və Platonu, eləcə də başqa zəkaları öyrənəndə ŞƏXSİYYƏT heyrət doğurur. Onlar haqda məlumatlarda bizim eradan əvvəl ( b.e.ə.) yazılır. Bu qədər yaşa malik İnsan - cəmiyyət bütövlükdə Aristotel olmalıdı əslində. Platon Sokratın, Aristotel Platonun tələbəsi olub. Aristotel öz müəllimini ötüb keçib. Aristotelin fəlsəfi irsinin bəşəriyyətin  düşüncə tarixində xüsusi yeri var. O, bəşər tarixində elmlərə sistemli yanaşan və onların təsnifatını yaradan ilk insandır və saysız-hesabsız alimlər, filosoflar ondan bəhrələnib. Aristotelin elmlər sistemində Göy haqqında elm yer alır. Biz indi "Astronomiya" adlanan ən qədim elmin tədrisini təkmilləşdirmək əvəzinə ləğv etmişik. Baxmayaraq ki, yaxşı hesab etdiyimiz məktəblərə verdiyimiz "lisey" adı Aristoteldən yadigardır. Və eramızdan əvvəldən üzü bəri bütün mütəfəkkirlər, filosoflar bu elmləri - düşüncəni bəşər tarixi üçün vacib hesab ediblər. Adam bilmir maraqlı desin, acınacaqlı, ya gülməli desin? Görəsən, Aristotel bizə nə deyərdi? Məncə, heyrətdən ürəyi çat verərdi. Amma bizə Aristotel sözü lazım deyil, çox "ağıllı"yıq. Hələ Sokrat deyib ki, mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar. KAYZEN - kollektiv bloq sistemin pedaqoq bloqunda "Tərbiyənin qanunauyğunluqları və prinsiplərindən danışarkən tərbiyənin cəmiyyətin tələbatı ilə şərtlənməsi qanunu"na rast gəldim. Yəni şəxsiyyət - cəmiyyətin üzvü cəmiyyətin tələblərinə uyğun olmalıdır.

Məncə, əsas məsələ cəmiyyətin şəxsiyyətə uyğun olmasıdır. Şəxsiyyət - insan necədirsə, cəmiyyət elə olur. Cəmiyyət haqda fikirləri öyrənəndə cəmiyyətin formalaşmasında düşüncənin (maddi amillərin təsiri də var) - savadın rolunun birinci olduğunu görürük. Cəmiyyəti zəkalar formalaşdırmalıdır və ya gözəl cəmiyyəti düşüncə - bilikli insan yaradır. Cəmiyyət dövlətlə də birlik yaratmalıdır. Hegelə görə hər fərdin cəmiyyətdə vəzifəsi var. Cəmiyyətdəki ziddiyyətlərin əsasını fərdi, xüsusi və ictimai mənafelər və Dövlət qaydaları arasındakı fərqlilik təşkil edir. Bu fərqi isə ən çox savadsızlıq yaradır. Cəmiyyətin inkişafı insanların inkişafından asılıdır. Əgər cəmiyyətə savadsız, məsuliyyətsiz, laqeyd insanlar ötürülürsə, yaxşı nə gözləyə bilərik? Deni Didro deyir ki, düzgün təlim-tərbiyə olmadıqda insanlar həyatda öz yerini tapa bilmədiyindən məhv olurlar. Deməli, Cəmiyyət məhv olur. Birinci əsrin ortalarında yaşamış Roma filosofu Epiktetə görə "bir cəmiyyətə hər şeydən əvvəl elm və əxlaqı öyrətmək lazımdır". Mustafa Kamal Atatürk deyir: "Bir cəmiyyətin millət olması üçün müəllimlərə ciddi ehtiyac var: onlar cəmiyyəti həqiqi millət halına gətirirlər".

Mən eyni gündə yaşadığım iki hadisə arasındakı fərqi bölüşmək istədim əslində: Müəllim nüfuz və hörmət qazana bilər, qazanmaya da bilər. Müəllim nüfuz sahibi olmağı və bunu qorumağı bacarmalıdır. Yoxsa o nüfuzsuz cəmiyyətin nüfuzsuz üzvü olacaq. Müəllimin bugünkü halı göz önündə: istənilən bəhanəylə müzakirə obyekti olur. İlk olaraq ÖZÜ günahkardır. Bir də müəllimi bu durumuna səbəb olanlar. Müəllimi cəmiyyət qarşısında hər bəhanə, ya səbəb olsun, aşağılamaq, illərinin zəhmətinə baxmadan "işdən qovmaq", təhsil prosesində tam hüquqsuz hala gətirmək və s. ona sevgisizlik aşılayır. Cəmiyyət onu yaradan müəllimini sevmir, hörmət etmir. Müəllimin dəyərdən düşdüyü cəmiyyət qorxuludur, acınacaqlıdır. Bu gün bir sıra maraqlı layihələr, bilik yarışları, müxtəlif tədbirlər həyata keçirilsə də, savadsızlığın, laqeydliyin artması göz önündədir. Bu dərs ili artıq başa çatdı. Növbəti ildə hamımızın vəzifəsi Müəllim nüfuzunu layiq olduğu zirvəyə qaldırmaq olsun. Çünki təhsildə gərəkli, vacib nəticəni əldə etməsək, yararlı insanların sayı azalacaq. Sevgisizlik, laqeydlik artacaq. Təhsil Dövlətimizin var olmasıdır. Böyük öndərimiz Heydər Əliyevin sözlərini unutmayaq: Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət TƏHSİLSİZ İNKİŞAF EDƏ BİLMƏZ".

Hələliksə, müəllimlərə yaxşıca istirahət (təbii maddi imkanları çatsa), özləri haqda yaxşıca düşünməyi arzulayıram.

Qadinkimi.com

 

 

 





30.06.2019    çap et  çap et