525.Az

Roman Qaraşov: “Fermerlər sadələşdirilmiş qaydada subsidiya alacaqlar”


 

Roman Qaraşov: “Fermerlər sadələşdirilmiş qaydada subsidiya alacaqlar”<b style="color:red"></b>

“İyunun 27-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydaları fermerlərə subsidiyaların verilməsini, dövlətin maliyyə dəstəyinin əlçatanlığını asanlaşdıracaq.

İlin sonunadək fermerlər elektron sistemdə qeydiyyatdan keçib, müvafiq sənədləri qeydiyyata aldırıb, olduqları yeri tərk etmədən sadələşdirilmiş qaydada fəaliyyət sahələrinə uyğun verilən subsidiyalardan faydalana biləcəklər.” Bu sözləri “525”ə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyib. Onun sözlərinə görə, yeni fərman bu sahədə operativ qərarların verilməsini də asanlaşdıracaq: “Bu məqsədlə yaradılacaq aqrar subsidiya şurası stimullaşdırıcı qərarlar qəbul edə biləcək”.
Aqrar sektorda subsidiyalaşdırılmayan sahələrin olduğunu deyən R.Qaraşov hesab edir ki, həmin istiqamətlər də inkişafdan qalmamalıdır.

Fərmanda keyfiyyətli toxum subsidiyaları məsələsinin də xüsusi diqqətə çatdırıldığını deyən ekspert qeyd edib ki, elektron sistem vasitəsilə fermerlər əldə etdiyi subsidiyaların bir hissəsini nağdlaşdıra, digər qismi ilə isə elektron sistem vasitəsilə qeydiyyatdan keçən tədarükçülərdən toxum və gübrə satın ala biləcəklər: “Keyfiyyətli toxumla təminat məhsuldarlığın inkişafına real imkanlar yaradacaq”. R.Qaraşov bildirib ki, yeni subsidiya mexanizmi əkin sahələri kiçik olan fermerlərin birləşərək korperativlər təşkil etməklə əlavə 10 faiz subsidiyadan yararlanmasına da şərait yaradacaq: “Bir çox hallarda əkin sahələri kiçik olan fermerlər istehsal vasitələrindən səmərəli istifadə edə bilmədiyi üçün onların istehsal etdiyi məhsul rəqabətə davam gətirmir. Həmin fermerlərin birləşərək korperativlər yaratması təşkilati işlərin, texnika ilə təminatın, məhsulların satışının səmərəli təşkilinə kömək edəcək”.

Ekspert əlavə edib ki, ilin sonunadək köhnə qaydalarla subsidiya almaq mümkün olacaq. 2020-ci ilin yanvarın 1-dən isə elektron sistem tam işə düşəcək və yeni qaydalar qüvvəyə minəcək: “Həmin vaxtadək maarifləndirici tədbirlər görülməli, dövlət orqanları arasında bu mexanizmlərin tətbiq edilməsi ilə bağlı əlaqələr səmərəli şəkildə qurulmalı, kompleks işlər həyata keçirilməlidir”.

C.ABASOV

 





01.07.2019    çap et  çap et